Milli dövlət: Dilimiz, dinimiz və əhvalımız – Azər Hüseynovun yazısı

Milli dövlət: Dilimiz, dinimiz və əhvalımız – Azər Hüseynovun yazısı

Son yaşadığımız Vətən Müharibəsində Dövlət Başçımız tərəfindən işlədilən, "nə oldu Paşinyan?”, “ cəhənnəmə getdi” kimi ifadələr xalqımızın arasında bir zərb-məsələ çevrildi. Əslində, bu, siyasi, ideoloji və psixoloji baxımından da olduqca əhəmiyyətlidir. Çünki bir dildə formalaşan ifadələr, tarixə yazılan zərb-məsəllər xalqın əhvalına ciddi bir şəkildə təsir edir.

Azərbaycan dili də bizim ölkəmizdə insanları bir araya toplayan çox mühüm bir amildir. Azərbaycan dili türk dilləri içərisində kifayət qədər zəngin, eyni zamanda, kolaritli bir dildir. Bu, bir sıra amillərlə bağlıdır.

Azərbaycan türk dilinin zənginləşməsində yalnız Azərbaycan türkləri iştirak etməyibdir. Cənub bölgəmizdə yaşayan bir talış qardaşımın şirin ifadələri, ölkəmizin şimal və şimal-qərb rayonlarında yaşayan avar və ləzgi qardaşlarımızın xüsusi ilə maraqlı Azərbaycan dili danışıqları dilimizi həm şirinləşdirib, həm də zənginləşdiribdir. Eyni zamanda, Azərbaycan dili ölkəmizdə yaşayan xalqların bir ailəyə çevrilməsində bağlayıcı amildir. Məhz buna görə də, Azərbaycan dili, dilimiz Milli Dövlətin əsas xarakterik bağlayıcılarından biridir. Buna görə də gələcəkdə, xüsusi ilə qloballaşmanın milli dilləri məhv etmək istədiyi bir dövrdə milli dövlət dilimizə bağlı olmalıdır.

Dil bir millətin əhvalının tərcumanıdır. Bu onu deməyə əsas verir ki, Milli Dövlətin idarə edən şəxsləri dilimizlə bir mənəvi, ruhi və psixoloji bağa malik olmalıdırlar. Əslində, dili inkişaf etdirən amillərdən biri də siyasi elita ilə xalq arasında ifadə mübadiləsidir. Məhz buna görə də Azərbaycan dövlət başçısının “İti qovan kimi” ifadəsi bu mübadilənin tarixi bir nümunəsi kimi öz səlnaməsini yazdı.

Dövlət dilinin, yaxud da dövlət xadimlərinin istifadə etdiyi ifadələrin xalqayaxınlığı milli dövlətin inkişafında çox böyük önəm daşıyır. Bütün bunları gələcək perspektivdə siyasi və ictimai dairələrimiz nəzərə almalıdır.

Dilin üslub əhəmiyyəti Quranın bu ayəsində necə də gözəl ifadə edilir: “Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç”. (“Taha” surəsi, ayə 27). Daha bir məsələ isə dinimizlə bağlıdır. Bəli, dinimiz.

Dinimiz bizim əxlaq və düşüncə aparatımızı min ilə yaxın formalaşdırmışdır. Kainat və insanla, həyatla bağlı olan qənaətlərimizi istehsal etmişdir. Sonra rus işğalı dövrü gəlmiş və dinimizə bir savaş açmışdır. Keyfiyyətli din xadimlərimiz represiyalarda qətlə yetirilmiş, məhv edilmişdir. Vətən Müharibəmizdə azanlar və təkbirlərin yüksəlməsi ilə başlayan bir səyahət yekunda Dövlət Başçısının məscid ziyarət ilə, Qurana ehtiram ifadə etməsi ilə tamamlandı. Bu, illərlə xalqımızı öz dini dəyərlərindən uzaq tutmaq istəyən, bu işlərinə müxtəlif qılıflar geydirən qaraguruhlara bir cavab idi. Bu, sanki Rusiya işğalı zamanı, daha sonra isə bəzi ifrat sekulyaristlərin çalışmalarına qarşı əsrlərdir dünyada pərvaz edən aşağıdakı həqiqətin cəmiyyətimizdə gündəmə gəlməsi idi:

“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır” ("Bəqərə" surəsi, ayə 2).

Bu həm də Türk dünyası və İslam ümməti ilə bizim bağlarımızı quran Quran idi. Bu savaşın gedişatında bizim yanımızdan çəkilməyən Türkiyəni və Pakistanı bizimlə bağlayan bir bağdır. Əllərdə gəzdirilən, dodaqlarla öpülən, ehtiramla davranılan və düşmənlərə göz dağı olan Quran idi.

Bəli, Milli Dövlət öz eyniyyətini qurarkən, vətəndaşını yetişdirərkən və ondan qarşılıqlı qida alarkən bütün bu amilləri öz ideoliji sisteminin təməlinə çevirməlidir. Xüsusilə, indiki zamanda, artıq dünya yeni düzənə hamilə ikən.

Azər Hüseynov
Avropa.info

Mənbə: avropa.info