Azərbaycan 2800-ə yaxın şəhid verdiyini açıqlayıb

Azərbaycan 2800-ə yaxın şəhid verdiyini açıqlayıb

Son günlərədək Dağlıq Qarabağ müharibəsində verilmiş insan təlafatı ilə bağlı rəqəmləri yalnız Ermənistan açıqlamışdı. Nəhayət, Azərbaycan da öz itkiləri haqda açıqlama verib. Açıqlamada müharibə zamanı 100-dən çox əsgərin itkin düşdüyü də bildirilir.

Münaqişəli Dağlıq Qarabağda gedən döyüşlərdə indiyədək məlum olandan xeyli artıq insan həlak olubmuş. Ermənistanla Azərbaycan arasında noyabrın ortalarında bitmiş savaşdan sonra Yerevan müharibədə 2300-dən çox hərbçisini itirdiyini elan etmişdi. Azərbaycan isə son günlərədək hərbi itkiləri haqda açıqlama vermirdi.

Nəhayət, Azərbaycan hökuməti də itkilərini açıqlayıb. Məlum olub ki, müharibədə Azərbaycanın 2783 hərbçisi həyatını itirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, 100-dən artıq hərbi qulluqçu itkin düşüb, bir çox cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün isə DNT analizi aparılır.

Hazırda yaralı olan 1245 azərbaycanlı hərbçi müalicə alır.

5000-dən artıq ölü

Beləliklə, Azərbaycanın hərbi senzuranı aradan qaldırmasından sonra sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibədə 5000-dən artıq insanın öldüyü məlum olub.

Məlumata görə, mühribə dövründə Dağlıq Qarabağ əhalisinin təxminən 60%-i, yəni təqribən 90 min nəfər bölgəni tərk edib.

44 gün davam etmiş müharibədə Azərbaycan özünü qalib hesab edir. Məsələ ondadır ki, Bakı ilə Yerevan arasında imzalanmış atəşkəs razılaşması tərəflərin nəzarət etdikləri ərazilərdə qalmasını nəzərdə tutur. Bu isə Ermənistanın böyük bir əraziyə nəzarəti itirdiyi anlamına gəlir.

Azərbaycan tərəfinin itkilərlə bağlı açıqlamasında hərbçilərin “Vətən müharibə”sində həlak olduqları bildirilir. Prezident Administrasiyasının açıqlamasında da İkinci Qarabağ müharibəsinin tarixə “30 ilə yaxın davam etmiş erməni işğalından sonra Dağlıq Qarabağın düşmən işğalından azad edildiyi Vətən müharibəsi kimi düşdüyü” vurğulanır.

Xatırladaq ki, Sovet İttifaqı dağılan zaman Dağlıq Qarabağ özünü birtərəfli qaydada müstəqil elan etmişdi. Nəticədə 1990-cı illərin əvvəllərində baş vermiş müharibə 30 min insanın həyatına son qoyub. O vaxtdan Dağlıq Qarabağ beynəlxaq səviyyədə müstəqil qurum kimi tanınmayıb. Beynəlxalq hüquqa əsasən, bölgə Azərbaycanın tərkib hissəsidir. Lakin orada əsasən ermənilər yaşayır və bu üzdən Yerevan bu qarşıdurmada “Dağlıq Qarabağ administrasiyası”na (dırnaq işarəsi bizə aiddir - WM) dəstək verib.

Azərbaycan müharibədə qazandığı qələbəni hərbi paradla qeyd etmək niyyətindədir. Parada Bakının müttəfiqi olan Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da qatılacağı deyilir. Bu haqda Azərbaycanın “Turan” İnformasiya Agentliyi və Türkiyə mətbuatı məlumat yayıb.

Yerevanda davam edən etirazlar

Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr tarixini “Zəfər Günü” elan edib. Bundan sonra ölkədə hər il bu gün bayram kimi qeyd olunacaq. Azərbaycan xüsusi əhəmiyyətə malik Şuşa şəhərini məhz həmin tarixdə geri alıb. Ermənistan məhz bundan sonra təslim olub və tərəflər arasında Rusiyanın vasitəçiliyilə atəşkəs razılaşması imzalanıb.

O gündən Yerevanda Ermənistanın baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilir. O, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə saziş imzalayaraq, böyük ərazilərin döyüşsüz Bakıya qaytarmağa razılaşdığı üçün “xain” hesab olunur.

Mənbə: worldmedia.az