Erməni əsir Qriqori kilsəsində olub - VİDEO

Erməni əsir Qriqori kilsəsində olub - VİDEO

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şuşada saxlanılan Ermənistan vətəndaşı Artur Qazaryan Bakıya gətirilib.

Şuşada Yevangel kilsəsinin nümayəndəsi olan 63 yaşlı din xadimi Bakının mərkəzindəki Qriqori Kilsəsində oldu.

Əsir kimi yox, tam sərbəst şəkildə gətirilən Artur Qazaryan öz adətlərinə uyğun dini ayinlərini də elə orada icra etdi.

150 illik tarixi olan kilsəyə daxil olar-olmaz ətrafa göz gəzdirdi. Xeyli baxdı, fikrə getdi. Ermənilərə məxsus kitabları vərəqlədi. Sonra da Qarabağda ermənilərin talan etdiyi Azərbaycan məscidlərinə və dini abidələrin rəsmlərinə baxdı.

Nə düşündü, bunları nə dərəcədə müqayisə etdi, onu deyə bilmərik. Əsasə odur ki, bütün faktları gördü.

"Buradakı kilsə haqqında çox da böyük məlumatım yoxdur. Amma eşitmişdim. Elə bilirdim balaca bir kilsədir, amma yanılmışam. Atam-anam Bakıda olub. Heç şübhəsiz ki, buraya da gəliblər. Ağlıma gəlməzdir ki, bir gün özüm bu əzəmətli binanın canlı şahidi olacam. Belə böyük olduğunu, bizə məxsus bu qədər dini və bədii ədəbiyyatın saxlandığını bilmirdim. Çox kövrəldim."

Artur Qazaryan söhbət əsnasında bildirdi ki, Xankəndində anadan olub, 3 övladı var. Azərbaycanla, xüsusilə də Bakı ilə bağlı ata-anasından çox eşidib. Çünki onlar Universiteti Bakıda oxuyublar.

"Mən Azərbaycan dilində çox az bilirəm, çox az... Anam bilir sizin dilinizi. Deyir azərbaycanlılar ağıllı xalqdı. Bilirəm ki, o vaxtlar Azərbaycanlılarla ermənilər bərabər yaşayıblar. Bundan sonra biz müharibə istəmirik. İnanıram ki, heç siz də istəmirsiniz. Biz yenə də bərabər yaşaya bilərik."

Artur Qazaryan bəlkə də din xadimi olduğuna görə, söhbət əsnasında əsas dindən danışmağa çalışırdı. Dedi ki, burada əsir olsa da, ona yaxşı baxırlar. Ölkəsinə gedəndə isə Azərbaycanda 5 min erməni kitabınının saxlandığı kilsə barədə məlumat verəcəyini bildirdi.

Bu isə qalır Qazaryanın insafına. Çünki paytaxtın mərkəzində bizim qoruyub saxladığımız erməni kilsəsinin vəziyyətini də gördü, Qarabağda özlərinin tövləyə çevirdiyi, heyvan saxladıqları Azərbaycan məscidlərinin aqibətini də....

 

Mənbə: www.realtv.az