KİVDF qəzetlərin maliyyələşmə mexanizmində növbəti sadələşmələrə getdi - mediadan reaksiyalar...

KİVDF qəzetlərin maliyyələşmə mexanizmində növbəti sadələşmələrə getdi  - mediadan reaksiyalar...

Çap nəşrinin inkişafına dövlət tərəfindən hər zaman yüksək qayğı və diqqət göstərildiyi məlumdur. Ölkəmizin gündəlik, günaşırı və həftəlik nəşr edilən və ictimai rəyə təsir gücündə olan qəzetlərinin inkişafı və jurnalistlərin əməyinin stumullaşdırılması istiqamətində dövlət səviyyəsində saysız qayğı tədbir gerçəkləşdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması da bu qayğı siyasətinin əsas tərkib hissəsidir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) həm qəzetlər, həm də jurnalistlər üçün yeni müsabiqə elan edib. Fond tərəfindən elan edilən müsabiqələrdə hər dəfə yeniliklərin şahidi oluruq. Həm qəzetlərin maliyyələşməsi, həm də jurnalistlərin əməyinin stimullaşdırılması baxımından elan edilən bu müsabiqələrdə iştirak mexanizmi sadələşdirilir.

KİVDF-nin hər iki istiqamət üzrə elan etdiyi müsabiqələrdə iştirak mexanizmini sadələşdirməsini ölkəmizin nüfuzlu qəzetlərinin baş redaktorları yüksək dəyərləndirirlər.

Rəşad Məcid: “...yüksək qimətləndirirəm”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Bakı-Xəbər”ə bildirdi ki, KİVDF-in hər iki istiqamət üzrə iştirak mexanizmlərini sadələşdirməsi çox müsbət haldır: “KİVDF-nin özündən də bildirilmişdi ki, getdikcə proses sadələşdiriləcək, iştirakçılardan çox sənədlər tələb olunmayacaq. Artıq bildiyimiz kimi, sadələşdirmə prosesi gedir, sənədlərin çoxu elektron qaydada qəbul olunmağa başlayıb. Bunu yüksək qimətləndirirəm. Əvvəllər yalnız qəzetlərdə işləyən jurnalistlər bu müsabiqədə iştirak edə bilərdi. Yeni qaydalara görə isə buna məhdudiyyət qoyulmur, əksər jurnalist iştirak edə bilir. Eyni zamanda, rus və ingilis dillərində də müəyyən mövzularda yazılar qəbul olunur. Qəzetlər üçün də daha sadələşdirilmiş elektron variant tətbiq olunur. Çox rahatdır. Ola bilsin, bəziləri yeni texnologiyalara adət etməyib, amma getdikcə uyğunlaşacaqlar”.

Şakir Ağayev: “Hər iki istiqamətdə tətbiq edilən yeniliklər, sadələşdirmə çox təqdirəlayiqdir”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də KİVDF-nin hər iki istiqamət üzrə keçirdiyi müsabiqənin şərtlərini sadələşdirməsinə müsbət yanaşır: “KİVDF yenə həm qəzetlər, həm də jurnalistlər üçün müsabiqə elan edib. Burada ən böyük yeniliklərdən biri odur ki, artıq müsabiqədə Azərbaycanın istənilən yerində faəliyyət göstərən qəzetlər və jurnalistlər Bakıya gəlmədən sənədlərini elektron qaydada təqdim etməklə iştirak edə bilər. Bu çox təqdirəlayiq haldır və bu çoxdan həyata keçirilməli bir iş idi ki, KİVDF artıq bunu reallaşdırdı. Yeni rəhbərlik bunun üzərində işləyirdi və bunu həyata keçirdi. KİVDF-nin həyata keçirdiyi sadələşdirmə mexanizmi həm qəzetlərin, həm də jurnalistlərin işini yüngülləşdirib. Əsas odur ki, bürokratiyanı tamamilə ləğv ediblər. Əvvəllər iştirakçı qəzetlər hər aylıq və altıaylıq arayışlar, qaimələr verirdilər. İndi bunlar hamısı ləğv olunub, bu da qəzet redaksiyalarının işini həddindən artıq yüngülləşdirib. Onu deyə bilərəm ki, hər iki istiqamətdə tətbiq edilən yeniliklər, sadələşdirmə çox təqdirəlayiqdir”.

O qeyd etdi ki, Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin edildikdən sonra bu hədəfləri qarşıya qoymuşdu və qısa müddətdə bu məsələlər öz həllini tapdı. “Bunun müsbət tərəflərindən biri də odur ki, pandemiya dövründə heç bir qəzet rəhbərliyi, heç bir jurnalist heç kəslə təmasda olmadan elektron qaydada prosesdə iştirak edir, öz sənədlərini göndərir. Hesab eidrəm ki, KİVDF-də həyata keçirilən bu islahatlar, yeniliklər sonrakı dövrlərdə də davam edəcək” - deyə Ş.Ağayev vurğuladı.

Bəhruz Quliyev: “...qarşıda dayanan işgüzar məqsədlərimizi daha geniş, daha əhatəli qaydada həyata keçirməyimizə kifayət qədər stimul verir”

“SƏS” qəzetinin baş redaktoru, eyniadlı sayt və internet televiziyasının rəhbəri Bəhruz Quliyevin sözlərinə görə də bu sadələşdirmə olduqca müsbətdir: “Kütləvi İnfiormasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tərkibi və fəaliyyət istiqaməti yeniləşdikdən sonra Azərbaycanda mətbuat sahəsində baş verən yeniliklər, əlbəttə ki, bizləri sevindirir və qarşıda dayanan işgüzar məqsədlərimizi daha geniş, daha əhatəli qaydada həyata keçirməyimizə kifayət qədər stimul verir”.

B.Quliyev hesab edir ki, KİVDF-nin medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını təqdim etməsi oldquca faydalıdır.

Onun sözlərinə görə, daha əvvəlki şərtlər müsabiqələrdə iştirak edən jurnalistlərə müəyyən çətinliklər törədir, həmçinin, bürokratik maneələr yaradırdı. Ancaq hazırkı məqamda reallaşdırılan yeniliklər problemlərin aradan qalxmasına zəmin yaradır: “Ən əsası isə budur ki, KİVDF-nin yenilikləri yalnız media üzərində dayanmır, habelə ictimai qurumlarla, xüsusilə dövlət və cəmiyyət arasında mühüm körpülər qurur. Belə bir məqamda əsas vəzifə mətbuatın üzərinə düşür və söz yox ki, çoxsaylı layihə, müsabiqə fonunda təkmilləşmələrin realizəsini kütləviləşdirir. Yəni qarşısındakı geniş imkanlardan istifadə edən jurnalist artıq öz fəaliyyət istiqamətini maneəsiz, problemsiz olaraq qurur, KİVDF isə çoxşaxəli iştirakı ilə ona yaxından dəstək olur. Əslində, haqqında bəhs etdiyimiz modernləşmə üsulu həm də media adamları ilə münasibətlərin səmimi qurulması baxımından çox pozitiv bir yenilikdir”.

“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” bu kimi mübadilələri ilə operativliyin təmin olunması üçün də çox mühüm iş planı qurub”, - deyə qeyd edən “SƏS” qəzetinin baş redaktoru yeniliyi həm də belə izah edib ki, yalnız paytaxt Bakıda fəaliyyət göstərən jurnalistlər deyil, eləcə də regionlarda işıq üzü görən qəzet və saytlar müxtəlif layihə proseslərinə qoşulmaq üçün kifayət qədər sadə mexanizmdən yararlanacaqlar: “Misal üçün, layihələrin təqdim olunması, hesabatların verilməsi, nəticələrin bəlli olması kimi işlər dərhal diqqətə alınacaq, bununla bağlı məlumatlar məhz elektron informasiya bankından alınacaq. Yəni işlər operativ həyata keçirilməklə yanaşı, həm də mütəşəkkil icra ediləcək, qarşılıqlı etimad və etibar prinsipləri mövcud olacaq. Bu baxımdan, hesab edirəm ki, sözügedən proseslərin realizəsi müasir informasiya texnologiyalarının tətbiqi baxımından da əlçatandır və əlbəttə ki, yeni dünyanın, yeni məlumatlandırma vasitələrinin tələblərinə cavab verir” - deyə B.Quliyev vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com