Rusiya ilə münasibətlər: bu, yalnız Azərbaycanamı lazımdır?

Rusiya ilə münasibətlər: bu, yalnız Azərbaycanamı lazımdır?

Türkiyə-Rusiya-Azərbaycan formatı böyük gücləri qane etmir, amma Qarabağdakı sülhməramlıların məramı bir çox hallarda bu üç dövlətin əlaqələrini pozmağa yönəlir; səbəb?

Ermənistan rəhbərliyi az qala hər gün Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə təşəkkür bəyanatları, mesajları verir. Təbii ki, bu, səbəbsiz deyil. Deməli, Azərbaycanın rəsmi icazəsi əsasında sülhməramlı missiya ilə bölgəyə gətirilmiş heyət işğalçı ölkənin maraqlarını nəzərə alır.

Bu, şəksizdir ki, əgər 10 noyabr bəyanatından sonra Rusiya bölgəyə hərbçilərini göndərməsəydi, o halda Qarabağdakı bütün erməni terrorçuları məhv ediləcəkdi, Nikol Paşinyan və hətta Araik Arutyunyan da bunu açıq şəkildə etiraf edirlər. Ancaq İrəvanda təkcə buna görə məmnun deyillər. Sülhməramlıların vaxtaşırı xəritə üzərində gəlişmələr etməsi də erməniləri məmnun edir.

İşğalçı və terrorçular güman edirlər ki, Rusiya hərbçiləri Qarabağın dağlıq hissəsində öz təsir dairələrini genişləndirdikcə, həmin ərazilər separatçı-terrorçu rejimin nəzarətinə keçəcək. İki gün əvvəl Ermənistan XİN öz bəyanatında etiraf etdi ki, Hadrtun Azərbaycan Ordusu tərəfindən təmizlənən iki kəndindəki erməni silahlılar məhz general Rüstəm Muradovun vasitəçiliyi ilə mühasirədən qurtula biliblər. Deməli, Muradov hər an ermənilərin harayına yetişir. Əslində Azərbaycanın suveren ərazilərindəki silahlı dəstələrin, terrorçu qüvvələrin təmizlənməsi prosesində Rusiya sülhməramlılarından dəstək gözləməyə tam hüquqi əsaslarımız var idi.

Ümumilikdə Rusiya sülhməramlılarının bölgədəki son davranışları Rusiya prezidenti Vladimir Putinin 44 günlük müharibə zamanı tutduğu tərəfsiz mövqeyə və bu mövqe sayəsində Azərbaycanda qazandığı yüksək reytinqə zərər verir. Bir müddət öncəki mənzərəni xatırlayaq: son 28 ildə ilk dəfə idi ki, Bakıda xalq kütlələri tərəfindən Rusiya bayraqları da küçələrdə dalğalandırılırdı. Buna etiraz edənlər də vardı; lakin dəstəkləyənlər, təqdir edənlər, haqq verənlər də çox oldu. Rusiya Azərbaycandakı imicini düzəltmək yolunda böyük bir nəticə əldə etmişdi. Son bir həftədə o nəticə ciddi zədə alıb. Kimlərsə Rusiya-Azərbaycan münasibətlərinə ağır zərbə vurmağa çalışır. Prezident Putin, onun köməkçisi Peskov açıq mətnlə Qarabağın Azərbaycan ərazisi olduğunu dediyi halda, sülhməramlılar ərazilərimizi şübhə altına alan xəritələr cızır. Yaxud qəfildən Rusiya sərhədlərindən Azərbaycana məxsus kənd təsərrüfatı məhsulları buraxılmır. Münasibətləri pozan kimlər, hansı qüvvələrdir? Maraqlıdır, bu, Rusiyanı, onun ideoloqlarını heçmi narahat etmirmi?

Fakt budur ki, Azərbaycan bütün etnik-dini topluluqların, konfessiyaların rahat yaşadığı ölkədir. Burada bütün dinlərin ibadətgahları var. Xüsusən də ruslar Azərbaycanda öz evlərindəki kimidirlər. Ermənistanda bir dənə də olsa rus kəndi, rus məhəlləsi yoxdur, rus məktəb və mədəniyyəti yox kimidir, Rusiya və ruslara üsyan püskürən, söyüş söyən insanlar hazırda İrəvanın küçə və meydanlarında nifrin qusurlar…

Azərbaycanda isə tam tərsinədir. Paytaxt Bakıda, Sumqayıt və Gəncədə, İsmayıllıda yüz minlərlə rus yaşayır, rus kəndləri, rus mədəniyyəti, rus məktəbləri ən yüksək səviyyədə təmsil olunur. Qarışıq nikahlar, Rusiya ilə əlaqələr də öz yerində. Bir sözlə, Rusiya daha çox Azərbaycandadır, nəinki Ermənistanda. Rusiya rəhbərliyi dəfələrlə Azərbaycanda rus dilinə, mədəniyyətə önəm verilməsindən danışıb, təşəkkür edib. Ermənistanda isə rus dili qadağan edilib, hətta media müstəvisində də. Lakin nədənsə, iş siyasi münasibətətlərə gələndə, Rusiya hər zaman rus dostu Azərbaycanın deyil, rus düşməni Ermənistanın yanında olur. Sual yaranır: niyə?” 1-ci Pyotrdan qalan bu anormal yanaşma niyə hələ də aktualdır və Rusiya siyasi-mədəni elitasından səslənən sağlam çağırışlara rəğmən davam edir.

Bu, gerçəklikdir ki, Türkiyə-Rusiya-Azərbaycan formatı böyük gücləri qane etmir, amma Qarabağdakı sülhməramlıların məramı bir çox hallarda bu, üç dövlətin əlaqələrini pozmağa yönəlir. Bütün bunlarla bağlı ekspertlərimizin maraqlı yanaşmalarını aldıq.

Fazil Mustafa: “Pyotrun vəsiyyətlərinə çox da aludə olmağa dəyməz”

Deputat, BQP başqanı Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Rusiya məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış narahatlığı anlamaq mümkündür: “Lakin bir nüansa diqqət yetirməmiz vacibdir. Üç ay öncə Rusiya kimsəyə soruşmadan Dağlıq Qarabağın içində, həm də ermənilər tərəfdə idi. Və bütün davranışları məhz Dağlıq Qarabağ üzərindən, eyni zamanda Ermənistanı silahlandırmaq kursu ilə bizə qarşı idi. Bu mövqeyə görə Rusiyaya hər hansı təsir imkanımız demək olar ki, yox idi. 10 noyabrdan sonra isə Rusiya bizim razılığımızla məhdud kontingentlə sülhməramlı missiya olaraq neytral mövqedən çıxış etmə öhdəliyi ilə Dağlıq Qarabağdadır. Üstəlik də, yaxın zamanlarda bu mövqe ilə Türkiyə sülhməramlıları da bölgəyə yerləşəcək. Demək ki, əvvəlki illərin narahatedici şərtlərini mütləq mənada bu günə daşımaq doğru olmazdı”.

F.Mustafa qeyd etdi ki, biz Dağlıq Qarabağda ciddi mövqe üstünlüyünə sahibik, ermənilərin hansısa legitim təmsilçilik qurumu da yox səviyyəsindədir: “Demək, bizim iradəmizdən kənar burada hansısa xəritə tərtib etmə, hansısa birləşmə yaratmanın perspektivi olmayacaq. Odur ki, Rusiya ilə həm Türkiyə vasitəsilə, həm də birbaşa öz imkanlarımızla ermənidən daha fəal işləməliyik və bəyanatda nəzərdə tutulan proseslərin gerçəkləşməsi hədəfindən yayınmamalıyıq. Xoşumuza gəlməyən, bizi narahat edən bir sıra insidentlər, təxribatlar baş verəcək, bunun cavabını ordumuz və təhlükəsizlik qüvvələrimiz bütün leqal və qeyri-leqal imkanlarla verməlidir və verir də. Sadəcə, xeyrimizə işləyən zamanı zərərimizə çevirməməyə xüsusi səy göstərməliyik. Bir çox hallarda bizim əvəzimizdən Türkiyə mövqeymizə uyğun gələni daha açıq və prinsipial şəkildə dilə gətirir. İndiyədək Rusiyanın Ermənistanın yanında olması, bilavasitə ermənilərin müstəqillikdən daha çox himayəyə dəyər verməsi ilə bağlı bir gerçəklikdir. Bizə belə bir yaxınlığa nə ehtiyac var ki? Azərbaycan öz müstəqilliyini hər şeydən uca tutursa, Rusiya bizə niyə Ermənistan kimi baxmalıdır? Son bəyanatda da bizim Rusiya ilə bərabərhüquqlu münasibətlərimiz tam şəkildə ortaya qoyuldu və bizim iradəmizlə hesablaşılan davranışın şahidi olduq”.

Millət vəkilinin sözlərinə görə, indiki halda Rusiya ilə münasibətlərdə ötən əsrin 90-cı illərinin ritorikasından istifadə etmək yanlışdır: “Bütün məsələlərdə prinsipial mövqeyimizi qorumaqla yanaşı, Qarabağda qardaş Türkiyə ilə Rusiya arasında əməkdaşlıq imkanlarının genişlənməsi üçün çalışmalıyıq. Pyotrun vəsiyyətlərinə gəldikdə isə bunlar ”Sion protokolları” kimi saxta ədəbiyyat nümunələridir, onlara çox da aludə olmağa dəyməz. Pyotrun vaxtında dünyada ABŞ faktoru yox idi, Çin isə ən zəif ölkələrdən biri idi. Onun vəsiyyəti üzrə hərəkət etmə məhdudiyyətini anlayan hansı lider bu cür macəraçılığa baş vurub öz ölkəsini məhvə aparar?”

Alqış Musayev: “Rusiya regionda qalmaq, nüfuzunu qoruyub saxlamaq istəyirsə…”

Sabiq millət vəkili, siyasi təhlilçi Alqış Musayev isə bildirdi ki, Rusiyanın Ermənistanı həmişə və hər yerdə müdafiə etməsinin çox sadə bir izahı var: “Cünki tarix boyunca Qafqazın hakim etnosu türklər olub və bu gün də belədir. Türk etnosu geosiyasi faktordur və Rusiyanın – həm də regionda marağı olan bir çox güclərin – hesablaşmalı olduğu bir gücdür. Amma ermənilər geosiyasi faktor yox, geosiyasi alətdir. Hadisələr göstərir ki, artıq Ermənistan bir geosiyası alət kimi öz əhəmiyyətini itirmək üzrədir. Azərbaycan Prezidenti son çıxışlarının birində Ermənistanı ”dalan” adlandırdı. Bu heç də təsadüfi deyil. Siyasi mətnlərdə təsadüfi ifadələr olmur. Gerçəkdən Ermənistan günbəgün bölgədə bir küncə – bucağa çevrilməkdədir. Rusiyanın hakim siyasi elitasında məsələyə məhz bu istiqamətdən yanaşan təhlilçilər kifayət qədərdir. Şimal qonşumuzun qafqazlardakı mövqeyini də ənənəvi “erməni sevgisi” yox, yalnız bu istiqamətdə atılacaq addımlar həll edə bilər. Yəqin ki, Rusiyanın geosiyası faktorla “geosiyası dalan” arasında seçim etməyi qaçılmaz olacaq”.

A.Musayev bir vacib məqama da diqqət çəkdi: “Unutmayaq ki, Rusiya həmişə regionda gedən, həm də daha çox onun müəllifi və ya əsas müəlliflərindən biri olduğu hərbi siyasi proseslərdə öz dövlət maraqlarından çıxış edir. 10 noyabrda da Rusiya gücləri Qarabağa hər şeydən öncə rus məramıyla gəlib. Amma bizim gözləntlərimiz ondan ibarətdir ki, Rusiya silahlıları sülhməramlı qüvvələr kimi fəaliyyət göstərsin. Əslində bu gün Rusiyanın əlinə tarixi bir şans düşüb. Sirr deyil ki, son bir neçə əsrdə çar soldatı, bolşevik əsgəri Azərbaycanın ictimai fikrində özünün işğalçı, təcavüzkar obrazını formlaşdırıb. Bizim gen yaddaşımızda, milli şüurumuzda rus əsgəri ilə bağlı kifayət qədər neqativlər var və həmin neqativlər bu gün də öz aktivliyini qoruyub saxlayır.

Yüzlərlə qanlı-qadalı fakt sadalamaq olar. İndi Qarabağa gələn rus ordusu özünün davranışıyla həmin işğalçı rus əsgərinin obrazını müsbətə doğru dəyişə bilər. Cünki Rusiya əgər regionda qalmaq, nüfuzunu qoruyub saxlamaq istəyirsə, özünün rus məramını Azərbaycanın maraqlarına cavab verən sülh məramıyla uzlaşdırmağı bacarmalıdır. Əks təqdirdə, Azərbaycanı itirməklə o, bütövlükdə regiondakı mövqeyinə ciddi zərbə vuracaq. Nəzərə alaq ki, çox şey dəyişib. Azərbaycan əvvəlki, Azərbaycan deyil. Türkiyənin regiona müdaxiləsi gerçəkləşır Rusiya da əvvəlki halından xeyli fərqli bir duruma gəlib. Bu səbəbdən Rusiya bundan sonra Qafqazlardakı yerini və nüfuz dairəsini təkcə özünün istədiyi formada və məzmunda yox, regionun lider dövləti Azərbaycanın – Türkiyənin müttəfiqliyi ilə – razılıq verdiyi şərtlər çərçıvəsində müəyyən edə biləcək”.

Rusiya prezidenti Vladimir Putin vaxtaşırı Türkiyə və Azərbaycan liderləri barədə yüksək fikirlər söyləyir. Elə ötən gün onun prezident Ərdoğan barədə “kişi adamdır, sözünü tutur” açıqlaması da Rusiya ilə Azərbaycan və Türkiyənin münasibətlərini pozmaq istəyənlərə cavabdır. Belə olan halda Rusiya rəhbərliyi münasibətləri pozmaq istəyənləri yerində oturtmalıdır. Rusiyadakı ermənipərəstlər və ermənilər yenə də aranı qarışdırmaq istəyirlər…

 

 

Mənbə: www.cumhuriyyet.net