Xocalı qatili evinə tanımadığı qadını "qeydiyyata alıb" - YENİ QALMAQAL

Xocalı qatili evinə tanımadığı qadını "qeydiyyata alıb" -

Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçici siyahıları ilə bağlı daha bir ciddi qanun pozuntusu üzə çıxıb. Sabiq prezident, "Ermənistan" blokunun lideri, Xocalı qatili Robert Köçəryanın rəsmi yaşayış ünvanında tamamilə yad bir qadının qeydiyyata alındığı məlum olub.

Bu barədə ikinci prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan xüsusi bəyanatla çıxış edib.

Mikoyanın sözlərinə görə, bu gün səhər saatlarından etibarən bir çox vətəndaş öz ünvanlarında tanımadıqları şəxslərin qeydiyyatda olduğunu və siyahılara salındığını müşahidə ediblər. Analoji halla sabiq prezidentin ailəsi də üzləşib:

"Əlbəttə ki, prezident Köçəryanın ailəsində Knarik Petrosyan ad-soyaddı bir nəfər yoxdur və onun bu ünvanda qeydiyyata alınması belə mümkün ola bilməzdi... Bu, hazırkı hakimiyyətin seçki siyahılarına əlavə adamlar yerləşdirmək üçün tətbiq etdiyi qüsurlu və çirkin praktikanın növbəti sübutudur. Onlar o dərəcədə həddini aşıb və azğınlaşıblar ki, artıq prezidentin öz evinə də tamamilə yad bir insanı rəsmən “qeydiyyata alıblar'".

Müxalifət tərəfi bu addımın seçki saxtakarlığı məqsədilə qəsdən edildiyini bildirərək məsələni nəzarətə götürdüklərini açıqlayıb.

Bizim.Media

Mənbə: bizim.media