Fransa lideri Emmanuel Makron dünya ticarətindəki balanssızlıq məsələlərini yoluna qoymaq məqsədilə Çini "Böyük yeddilik" (G7) sammitinə dəvət etmək niyyətindədir.
Bu məlumatı "Politico" nəşri yayıb.
Bildirilib ki, Makron qlobal qeyd olunan problemlə bağlı G7 dövlətləri və Çin arasında videomüzakirə təşkil etmək qərarına gəlib. Onlayn görüşün gələn həftə baş tutacaq G7 sammitindən əvvəl, cümə axşamı keçirilməsi gözlənilir.
Qeyd edək ki, G7-yə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya daxildir.
Xatırladaq ki, bir müddət əvvəl Çin hökuməti "Avropada istehsal olunub" qanununun (Sənayenin Sürətləndirilməsi Qanun layihəsi - xarici şirkətlərdən, xüsusilə Çindən olan istehsalçılardan Avropada dövlət dəstəyi almaq üçün avadanlıqların və komponentlərin müəyyən hissəsinin Aİ daxilində istehsalını və ya texnologiyaların ötürülməsini tələb edir) onun şirkətlərinə zərər verəcəyi təqdirdə Avropa İttifaqını (Aİ) cavab tədbirləri ilə hədələmişdi. Pekin rəsmiləri bu sənədin sərmayələr üçün böyük əngəllər törətdiyini və institusional ayrı-seçkilik yaratdığını vurğulayıblar. Çin tərəfi danışıqlara açıq olsa da, maraqları qulaqardına vurularsa, adekvat tədbirlər tətbiq etmək məcburiyyətində qalacağını bəyan edib.
Daha əvvəl yayılan məlumatlarda Avropa Komissiyası rəhbərinin Çinə yönəlik ticarət strategiyasını daha da sərtləşdirməyi planlaşdırdığı bildirilib.
Mənbə: aktual.az