Bakı yeni məsələ qaldıra bilər: “Bu səhv İsrail və Türkiyədə də edilib”

Bakı yeni məsələ qaldıra bilər: “Bu səhv İsrail və Türkiyədə də edilib”

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalq mahnısı “Muleyli” (və ya “Bu Leyli”) səsləndirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin mahnının sədaları altında rəqs etdiyi əks olunub.

Belə hal müəllif hüquqlarının pozulması hesab olunurmu? Aidiyyəti qurumlar tərəfindən hər hansı tədbirin görülməsi nəzərdə tutulacaq?

Bəstəkar, “Şöhrət” ordenli Faiq Sücəddinov bildirib ki, ümumiyyətlə, ermənilər Azərbaycan musiqilərini tez-tez oğurlayırlar:

“Vaxtilə sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəylinin olan “Çırpınırdı Qara dəniz” əsərinin sözlərini dəyişdiriblər və Komitasın adına çıxıblar. Mən yaşananlara təəccüblənmirəm, çünki tez-tez mahnılarımızı erməni dilinə çevirərək ifa edirlər. Vaxtilə Aram Xaçaturyanın “Spartak” baletində “Uzundərə” musiqisindən istifadə edilib”.

Bəstəkarın sözlərinə görə, bu hal müəllif hüquqlarının pozulmasıdır:

“Özüm də bununla bağlı çoxsaylı nümunələrlə rastlaşmışam. Xalq mahnılarımızdan və bəstəkar əsərlərindən istifadə edərək müxtəlif ölkələrdə konsertlər verilib. Təkcə bir ölkədə deyil, ümumiyyətlə, Qafqazda və digər regionlarda, məsələn, İsrail, Gürcüstan və qardaş ölkələrdə də bizim musiqilərimizdən, rəqslərimizdən və mədəniyyət nümunələrimizdən istifadə olunur. Hətta bəzi hallarda bəstəkarın adı göstərilmir, “anonim” kimi təqdim edilir. Biz isə həmişə bildiririk ki, bu əsərin müəllifi kimdir, harada ifa olunub. Bununla bağlı rəsmi mənbələr və faktlar mövcuddur. Lakin bəzən deyilir ki, biz də bir xalqıq, götürüb istifadə etmişik”.

faiq suceddinov

Faiq Sücəddinov

F.Sücəddinov bu məsələlərlə bağlı etirazların bildiriləcəyini də qeyd edib:

“Ölkəmizdə bu sahədə hüquqların tənzimlənməsi və qeydiyyatı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir. Bu məsələlər hüquqi müstəvidə qiymətləndirilməlidir. Maraqlıdır ki, bəzən həmin musiqilər öz adlarına çıxılır, hətta yerli musiqi kimi təqdim edilir. Məsələn, Fikrət Əmirovun “Reyhan” əsəri təqdim olunur, amma müəllif kimi “anonim” göstərilir. Halbuki illərdir bu əsərin Fikrət Əmirova məxsus olduğu məlumdur. Beynəlxalq müəllif hüquqları sistemi mövcuddur və əgər kimsə musiqidən icazəsiz istifadə edirsə, buna hüquqi qiymət verilməlidir.

Xalq mahnılarımız – “Laçın”, “Sarı gəlin” və digərləri hamı tərəfindən tanınır. Bizim çox zəngin mədəni irsimiz var. Xaricdə dərs deyərkən də bunu xüsusi vurğulayıram. Himnimizdən tutmuş xalq mahnılarımıza, muğamlara qədər olduqca zəngin musiqi xəzinəmiz var. Ona görə də hamımız öz musiqimizi, xalq yaradıcılığını və bəstəkarlıq məktəbimizi qorumalıyıq, çünki bu, bizim milli sərvətimizdir”.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə sorğu ünvanlamışıq.

Zaira Akifqızı

Mənbə: globalinfo.az