Məhkəmə qərarı ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sonuncu qurultayının nəticəsinin ləğv edilməsi və Kamal Kıçıldaroğlunun sədrliyə qayıtmasından sonra qarşıdurmalar kəskin hal alıb. Partiya daxilində Özgür Özəl cəbhəsi ilə Kılıçdaroğlu tərəfdarları arasında ciddi fikir ayrılığı yaşanır. Məhkəmə qərarının ardınca Özəlin sədrliyi etibarsız sayıldı və o, parlamentdə CHP fraksiyasının rəhbəri vəzifəsinə keçdi.
Ötən gün isə bu parçalanma daha ciddi şəkildə özünü göstərib. Kılıçdaroğlu CHP qərargahında, Özgür Özəl isə Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyanın fraksiyasında iclas keçirib. Hər ikisinin də çıxışları ciddi diqqət çəkib, lakin Kılıçdaroğlunun çıxışı rezonans doğurub. Özəlin tərəfdarları Kılıçdaroğlunu “Xain Kamal”, Kılıçdaroğlunun dəstəkçiləri isə Özəli “Fətullahçı” adlandırır. Özgür Özəl çıxışında Kamal Kılıçdaroğlunu iqtidarla əməkdaşlıqda günahlandırıb və TBMM-də xalqa səslənərək “xainliyə qarşı dirəniş” mesajı verib. Kılıçdaroğlunun çıxışı isə bir çox detalla yadda qalıb.
Nə dəyişdi?
Ümumiyyətlə, Kamal Kılıçdaroğlunun CHP-yə bundan əvvəlki sədrliyi ilə qayıdışından sonrakı davranışları, çıxışları, verdiyi açıqlamalar bir-birindən kəskin şəkildə fərqlənir. Sanki o, tamamilə başqa bir insana çevrilib.
Məsələn, Kılıçdaroğlu deyib: “Osmanlı torpaqlarına baxın, Türkiyə o coğrafiyaya qayıtmaq, həmin bölgələrdə özünü inkişaf etdirmək məcburiyyətindədir. Kiçilərək deyil, böyüyərək getməyə məcburuq. Türkiyə Osmanlı coğrafiyasında olmalıdır”.
Bu sözlər müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb. Çünki Kılıçdaroğlu əvvəlki sədrliyi dövründə daha çox demokratiya və yumşaq siyasət fikirlərini müdafiə edir,Türkiyə hökumətinin fərqli regionlarla bağlı xarici siyasətini sərt tənqid edir, hökumətin əsas diqqəti sadəcə ölkə daxilinə verməli olduğunu deyirdi. Məsələn, o, 2022-ci ildə hələ seçkidən əvvəlki çıxışlarında “Bizim Suriyada nə işimiz var, Liviyada nə axtarırıq, İraqda nə edirik?” demişdi. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamalara birbaşa cavab vermişdi. İndi isə CHP sədri özü keçmiş Osmanlı coğrafiyalarına getməkdən danışır, dəstəkçilərini də bu istiqamətdə ruhlandırır.
Onun həmçinin Azərbaycanla bağlı mövqeyi də birmənalı deyildi. 2023 seçkilərinə az qalmış təqdim etdiyi “Türk dünyasını birləşdirən türk yolu” layihəsinin Azərbaycandan yan keçməsi, Zəngəzur dəhlizinə alternativin yaradılmasına çalışması böyük rezonans doğurmuşdu. Türkiyə də bu mövqeyi sərt tənqidə səbəb olan Kılıçdaroğlu, daha sonra həmin təqdimatını yumşaltmağa çalışan açıqlamalar vermək məcburiyyətində qalmışdı.
Kılıçdaroğlu-Özəl qarşıdurması
Kamal Kılıçdaroğlu çıxışında Özgür Özəli də tənqid etmək fürsətini əldən verməyib. O, Özəlin ötən il partiyanın növbəti prezident seçkilərində əsas namizədi olması gözlənilən İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra ingilis mediasına açıqlamalarını xatırladıb. Kılıçdaroğlu Özəlin CHP sədri olduğu müddətdə İngiltərə İşçi Partiyasının və baş nazir Kir Starmerin İmamoğlunun həbsinə etiraz bildirməməsinə dair narazılığını, Avropa institutlarını Türkiyə müxalifətinə dəstək olmağa çağırmasını sərt tənqid edib. Kılıçdaroğlu, “Heç bir CHP sədri xaricə gedib bizə niyə kömək etmirsiz deyə bilməz”, – deyə, etirazını bildirib.
Kamal Kılıçdaroğlu ədalətli qurultayın və partiyanın sədrliyi üçün şəffaf seçkinin keçirilməsi vədini verib. Lakin tarixin ona məsuliyyət verdiyini və bunun öhdəsindən gəlmək üçün çalışacağını söyləyib. Maraqlı olan başqa bir məsələ isə onun “Yaxında Qüdsdə şükür namazı qılacağıq” deməsidir. Bu fikri iki gün əvvəl Türkiyənin daxili işlər naziri də səsləndirmiş, İsrailin müdafiə naziri ona sərt cavab vermişdi.
Kılıçdaroğlu əvvəlki sədrliyi müddətində də ABŞ-a tez-tez gedib gələn, Avropa institutlarında aktiv dialoq aparan, ölkə daxilində də Avropayönümlülüyü kəskin şəkildə müdafiə edən biri idi. Lakin necə oldusa, anidən “millətçi, vətənsevər, sadəcə Türkiyənin maraqlarını düşünən” birinə çevrildi. Onun son çıxışı hakim Ədalət və İnkişaf Partiyasının(AKP) rəhbər şəxslərinin nitqi və açıqlamalarına çox bənzəyir.
Yavaşın mövqeyi
CHP-nin prezidentliyə ikinci parlaq namizəd kimi göstərdiyi Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın da ötən gün Kılıçdaroğluna səslənməsi diqqət çəkib. Yavaş millətçi kəsimin xüsusi rəğbətini qazanan, CHP-də əsas xarizmatik və ciddi sima kimi tanınırdı. Lakin son zamanlarda partiya ilə bağlı skandalların baş verdiyi bütün tarixlərdə xarici ölkələrdə olması ona etimadın sorğulanması ilə nəticələndi. Əsasən də məhkəmə qərarından sonra digər müxalif partiyaların da Özəli dəstəklədiyi bir dönəmdə, o və tərəfdarlarının qərargahdan polis basqını ilə çıxarıldığı zamanda Yavaşın səssizliyini qoruması diqqət çəkirdi. Lakin ötən gün Kılıçdaroğluna son dərəcə yumşaq formada səslənərək narazılıqları nəzərə almasını və doğru qərarı verməsini dedi.
Yeni “CHP qəhrəmanı”
Özəlin polislərə və Kılıçdaroğluna dirənməsi, qərargahdan uzaqlaşdıqdan sonra pencəyini çıxarıb köynəyi ilə yağışın altında etiraz yürüşü etməsi, geri çəkilməməsi, xalqa yaxın dialoqu İmamoğlu və Yavaşın kölgədə qaldığı bir dönəmdə onun “yeni qəhrəman” kimi görülməsinə səbəb oldu. Çünki auditoriya dirəniş hekayəsi olan, emosional hərəkətlərə yol verən simaları sevir. Lakin onun Türkiyə daxilindəki fərqli etnik kəsimlərə yanaşması birmənalı qarşılanmır və narazılığa səbəb olur. Bu da Özələ etimadın stabil qalmaması ilə nəticələnir. İndi əsas məsələ CHP-nin taleyinin necə olacağı, qurultayda kimin seçiləcəyi, Özəlin yeni partiya qurub-qurmayacağı və növbəti seçkilərdə namizədin kim olacağıdır.
Əkrəm İmamoğlu, Mansur Yavaş, Özgür Özəl, həmçinin Kılıçdaroğlu və Zəfər Partiyasının sədri Ümit Özdağ kimi şəxslərlə yanaşı, sürpriz namizədlərin də adı çəkilir. Hətta cəmiyyətdə ciddi auditoriyası olan bir neçə qadın siyasətçinin də gündəmə gətirilməsi və dəstəklənməsi ehtimalı var. Bu, baş verərsə, CHP Emine Ülker Tarhan, Dilək İmamoğlu və başqa 2 məşhur qadın siyasətçini önə çəkə bilər, hətta mübahisəli köhnə siyasi simalardansa, yeni və təzə qanın, enerjinin meydana çıxarılması, “paketdən təzə açılmış və dünya standartlarına, tendensiyalara cavab verən” şəxsləri görməyimiz mümkündür. Bu, partiyanın şansını daha çox artırar. Əks halda, bu vəziyyətdə müxalifətin yenə iqtidar partiyasına yenilməsi qaçınılmaz olacaq.
Ayşən Mustafa
Mənbə: globalinfo.az