“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” – Trampdan xəbərdarlıq

“Düzgün davranmasalar, İrana yenidən hücum edərik” –

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanın yekun xarakter daşımadığını bəyan edib.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

"Bu, qarşılıqlı anlaşma memorandumudur. Əgər mənim xoşuma gəlməsə və onlar düzgün davranmasalar mən yenidən zərbələr endirməyə, onların başına bombalar yağdırmağa qayıdacam", - deyə ABŞ rəhbəri G7 sammitinin keçirildiyi Fransanın Evian şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirib.


O əlavə edib ki, ABŞ-nin mövqeyi İranın son 47 ildəki davranışına əsaslanır və Vaşinqton bu prosesdə sərt yanaşmanı saxlayır.

İyunun 16-da İsveçrə XİN-in rəsmi nümayəndəsi Nikola Bido məlumat verib ki, ABŞ və İran arasında memorandumun imzalanması iyunun 19-da Bürgenstokda planlaşdırılıb. Diplomat qeyd edib ki, İsveçrə vasitəçi qismində çıxış edir və bu görüşün keçirilməsi üçün zəruri praktiki və diplomatik şəraiti yaradır.

Xatırladaq ki, iyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma əldə etdiklərini bəyan ediblər.

Sənəd layihəsinə dəniz blokadasının ləğvi, neft sahəsində güzəştlər, İranın aktivlərinin dondurulmaqdan azad edilməsi və nüvə proqramı üzrə növbəti danışıqlar daxildir.

Mənbə: bizim.media