Avropa İttifaqı Türkiyə ilə sərhəd keçid məntəqəsinə gedən yolların tikintisində Ermənistana yardım göstərmək niyyətindədir.
Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib.
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə niyyət memorandumu imzalayıb.
Xudatyan sosial mediada yazıb: "Təşəbbüs, sərhəd keçid məntəqələrini (Türkiyə ilə sərhəddə – red.) Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək strateji Axurik-Kayan və Marqara-Kayan yol marşrutları üzrə hazırlıq işlərinin asanlaşdırılmasını nəzərdə tutur".
Qeyd olunur ki, ilk mərhələdə Avropa İnvestisiya Bankı Ermənistana zəruri tədqiqatların həcmini müəyyən etmək və müəyyən edilmiş yol layihələri üçün həllər hazırlamaq üçün məsləhət dəstəyi verəcək.
Layihələr Ermənistan hökumətinin "Dünyanın Kəsişmə Yolları" təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Nazirin sözlərinə görə, onların məqsədi regional nəqliyyat əlaqələrinin inkişafını təşviq etmək və Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirməkdir.
Xudatyan bir gün əvvəl türkiyəli həmkarı Əbdülqədir Uraloğlu ilə avtomobil və dəmir yolu əlaqələri məsələsini müzakirə edib.
Müəllif: Tural
Mənbə: publika.az