Növbəti avantüra ! - “Paşinyan bəyanatın şərtləri ilə “oynamağa” çalışır”

“Baş nazir bildirir ki, Azərbaycana Mehridən dəhliz verilirsə, onlar da Naxçıvandan yol istəyəcək”

“Həmçinin Azərbaycanlılar Xankəndində yaşadığı kimi ermənilər də Naxçıvanda məskunlaşacaq”

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti sərsəm bəyanatını səsləndirib. O, Ermənistan televiziyasına son açıqlamasında bildirib ki, Mehridən Azərbaycana dəhliz verilirsə, o zaman Ermənistana da Naxçıvandan dəhliz verilməlidir. Paşinyan qeyd edib ki, Dağlıq Qarabağa azərbaycanlı qaçqınlar qaytarılırsa, Naxçıvana da ermənilər qaytarılmalıdır.

Böyük məğlubiyyətdən sonra N.Paşinyanın bu cür açıqlama verməsi təbii ki, absurddur. İrəvanda hər gün ağırlaşan sosial-iqtisadi durum göz önündədir. Baş nazir bu problemləri həll edəcəyinə mənasız açıqlamalar verməklə əsl işğalçı və intriqant mahiyyətini ortaya qoyur.

Siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, Paşinyanın bu açıqlaması ilk növbədə daxili auditoriyaya hesablanıb:

“Məlumdur ki, Ermənistanda bəzi müxalif partiyalar Paşinyanın hakimiyyətdən getməsini istəyirlər. Bəzi qüvvələr də onun fəaliyyətini davam etməsi üçün işlər görürlər.

Baş nazir və tərəfdarları hər dəfə çıxışlarında göstərməyə çalışırlar ki, guya nəsə itirməyiblər və müəyyən məsələlər müzakirəyə olunacaq.

Məsələn, Dağlıq Qarabağın statusu, Mehri və Naxçıvan dəhlizi barədə fikir yürüdürlər. Paşinyan bu məsələlərə toxunaraq ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışır ki, əslində biz o qədər də məğlub olmamışıq.

Azərbaycan tərəfinə Mehridən dəhliz verilirsə, biz də Naxçıvandan yol istəyəcəyik. Azərbaycanlılar Xankəndində yaşadığı kimi biz də Naxçıvanda yaşayacağıq”.

T.Rzayev söyləyib ki, Ermənistan rəhbərliyinin məqsədi üçtərəfli bəyanatdakı bəzi məqamları öz xeyirlərinə çevirməkdir:

“Bəyanatda qeyd edilib ki, Mehridən birbaşa Azərbaycana və Türkiyəyə koridor alınacaq, əvəzində Laçın dəhlizi Dağlıq Qarabağ və Ermənistana birləşdiriləcək.

Ona görə də sərsəm bəyanatlar verib deyirlər ki, indi Dağlıq Qarabağın statusu olmasa da, gələcəkdə bu məsələyə baxıla bilər. Paşinyan belə açıqlamalar verməklə guya qabağımıza müəyyən şərt qoymaq istəyir.

Və çalışır ki, onların şərtlərini qəbul edək ki, onlar da bizim şərtləri qəbul etsinlər.

Bir sözlə, bəyanatın şərtləri ilə mümkün olduğu qədər oynamağa çalışırlar”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Qəhrəman həkimlərimizin Vətən müharibəsindəki fəaliyyəti müzakirə olunub

SONRAKI XƏBƏR

Avtomobil idxalı ölkədən xaricə $576 mln. valyuta axınına səbəb olub