ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın onu cinsi təcavüz və böhtanda ittiham edən yazıçı E.Cin Kerrolun işi üzrə apelyasiya şikayətini rədd edib.
BBC-yə istinadən xəbər verilir ki, hakimlər Trampın apelyasiya şikayətini izahat vermədən rədd edərək, 2023-cü ildə çıxarılmış federal münsiflər heyətinin qərarını qüvvədə saxlayıblar.
Həmin vaxt münsiflər heyəti Trampı Kerrolla qarşı cinsi təcavüzdə, eləcə də onun ittihamlarını açıq şəkildə rədd etdikdən sonra böhtan atmaqda mülki məsuliyyət daşıdığını müəyyən edib, onun yazıçıya 5 milyon dollar təzminat ödəməsinə dair qərar qəbul edib.
İddia Kerrolun ABŞ prezidentinin 1990-cı illərin ortalarında Nyu-York şəhərindəki Bergdorf Goodman univermağında soyunma otağında ona cinsi təcavüz etməsinə dair iddiaları ilə bağlı idi. Tramp özü bütün iddiaları rədd edərək işi siyasi motivli adlandırır.
Kerrolun vəkili Roberta Kaplan Ali Məhkəmənin qərarından sonra münsiflər heyətinin qərarını qəti şəkildə qüvvədə saxladığını və Trampın məsuliyyətdən yayınmaq cəhdlərinə son qoyduğunu bildirib. Tramp özü məhkəmənin qərarını tənqid edərək hüquqi mübarizəni davam etdirəcəyinə söz verdi.
Qeyd edək ki, Kerrol işi üzrə başqa bir qərardan ayrıca apelyasiya prosesi davam edir. 2024-cü ildə fərqli bir münsiflər heyəti Trampın 2019-cu ildə Kerrola qarşı verdiyi açıqlamalara görə 83,3 milyon dollarlıq böhtan təzminatı ödəməsinə qərar verib. Bu hökm hələ də məhkəmə prosesinin mövzusudur. Proses davam etdiyi müddət üçün Tramp 83 milyon dolları ödəməkdən azad edilib.
Mənbə: musavat.com