İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi “The New York Times” qəzetində dərc olunan məqaləyə münasibət bildirib.
İran mediasının xəbərinə görə, keçmiş prezidentin ofisi məqalədə yer alan iddiaları təkzib edib.
Məqaləyə cavab olaraq yayılan bəyanatda, qeyd olunan iddiaların tamamilə yalan olduğu və ictimai rəyi çaşdırmağa, İran xalqına qarşı psixoloji müharibə üçün istifadə olunduğu vurğulanıb.
Sabiq prezidentin ofisi ““The New York Times” qəzetinin “hollivudvari” iddialarının təkzib edilməsinə ehtiyac görməsə də, ölkənin həssas şəraiti və siyasi vəziyyəti, həmçinin, düşmənlərin fitnəsinin qarşısını almaq məqsədilə bəyanat yaydıqlarını və bütün iddiaları qətiyyətlə təkzib etdiklərini” qeyd ediblər.
O da bildirilib ki, Mahmud Əhmədinejad əvvəlki kimi gündəlik fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bundan əvvəl “The New York Times" qəzetində Mahmud Əhmədinejadın İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın üzvləri ilə gizli şəkildə görüşdüyü, İsrail tərəfindən hakimiyyətə gətirilməsinin planlaşdırıldığı ilə bağlı iddialar yer alıb.
Mənbə: apa.az