TƏBİB-in tabeliyindəki xəstəxanalarda onlayn növbə sisteminin səmərəli fəaliyyəti vətəndaşların məsuliyyətli istifadəsindən də birbaşa asılıdır. Təəssüf ki, bəzi hallarda vətəndaşlar əvvəlcədən həkim qəbuluna onlayn növbə götürsələr də, təyin olunmuş vaxtda tibb müəssisəsinə gəlmir və növbələrini sistem üzərindən ləğv etmirlər.
Bu cür hallar həmin vaxt intervalından yararlana biləcək digər vətəndaşların tibbi xidmətə daha tez çıxış imkanını məhdudlaşdırır, həkimlərin iş vaxtının səmərəsiz istifadəsinə səbəb olur və ümumilikdə xidmət prosesinin effektivliyini azaldır.
Bu barədə informasiyan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti yayıb.
“Bu baxımdan vətəndaşlarımızı onlayn növbə sistemindən məsuliyyətlə istifadə etməyə çağırırıq. Qəbula gələ bilməyəcəkləri təqdirdə, növbələrini əvvəlcədən sistem üzərindən ləğv etmələri həm digər vətəndaşların xidmətlərdən vaxtında yararlanmasına, həm də tibbi xidmət resurslarının daha effektiv idarə olunmasına töhfə verəcək.
Kiçik görünən bu addım ümumi xidmət keyfiyyətinin və vətəndaş məmnuniyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”, -deyə sorğuya cavabda qeyd edilib.
Mənbə: bizim.media