İran siyasətində yeni hadisə: Xomeyninin nəvəsi önə çıxarılır? - VİDEO

İran siyasətində yeni hadisə: Xomeyninin nəvəsi önə çıxarılır? - VİDEO

"İranın sabiq ali rəhbəri ayətullah Əli Xamenei ilə təqribən bir həftə davam edən vida mərasimləri rəsmi Tehranın ideoloji təbliğatına və siyasi mesajlarına xidmət etməklə yanaşı, ABŞ ilə razılaşmanın və hər hansı güzəştin əleyhinə olan radikal qüvvələrin siyasi proseslərin mərkəzinə çıxmasına şərait yaratdı. Həmin mərasimlərdə ABŞ ilə diplomatik təmasların və ölkənin mövcud durumdan qurtulması üçün siyasi razılaşmaların tərəfdarı olan şəxslərə - ölkə Prezidenti Məsud Pezeşkiana, parlamentin sədri Məhəmməd Baqir Qalibafa, xarici işlər naziri Abbas Əraqçıya qarşı şüarlar səsləndirilməsi, onların təzyiqlərə və hətta zorakılığa məruz qalması bunun əyani göstəricisi sayıla bilər".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Prosesin kulminasiyası isə Xameneinin Məşhəddə dəfn edilməsindən sonra ötən cümə günü Qumda keçirilən və bir növ mərasimlər silsiləsinə yekun vuran xətm məclisi oldu. Həmin məclisdə İslam Respublikasının banisi ayətulla Xomeyninin nəvəsi höccətül-islam Əli Xomeyninin təqribən 40 dəqiqəlik çıxışı radikal dairələrin əsas tezislərini ifadə etməsi ilə ictimai-siyasi səhnədə geniş əks-səda doğurdu.

Bəziləri haqlı olaraq bu çıxışı İran siyasətində yeni dönəmin başlanğıcı kimi dəyərləndirdilər. Əli Xomeyninin ABŞ ilə müzakirələr prosesinə qarşı sərt və indiyədək görünməmiş mövqeyi, həmçinin sülh danışıqlarının xəyanət olması kimi fikirləri dərhal "Fars", "Tasnim", "Rəca-nyus" və s. kimi radikal düşərgəyə aid media orqanları və mühafizəkar simalar tərəfindən tirajlandı. Bu mövqe son günlər intiqam şüarı ilə diplomatiya prosesini hədəfə alan radikalların səsinin daha gur eşidilməsinə səbəb oldu".

Mənbə: oxu.az