“Artıq evim yoxdur”.
“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Cənubi Koreya Prezidenti Li Çje Myon Nazirlər Kabinetinin mənzil siyasəti məsələlərinə dair iclasında çıxışı zamanı deyib.
Jurnalistlərin məlumatına görə, dövlət başçısı daşınmaz əmlak bazarının sabitləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə vətəndaşların etibarını artırmaq məqsədilə bu ilin fevral ayında Sonnam şəhərində yerləşən yeganə mənzilini satışa çıxarıb.
Cənubi Koreya hakimiyyəti hazırda öz mənzillərində yaşamayan mülkiyyətçiləri daşınmaz əmlakı investisiya və spekulyasiya məqsədilə saxlamaq əvəzinə daha tez satmağa təşviq edir. Bununla hökumət mənzil fondunu genişləndirmək və boş mənzillər problemini aradan qaldırmaq istəyir.
Qeyd edək ki, prezident həyat yoldaşı Kim He Gen ilə birlikdə sahibi olduğu 164 kvadratmetrlik mənzili 2,9 milyard vona (təxminən 3 milyon 230 min AZN) satışa çıxarıb və həmin qiymətə də satıb. İlkin alqı-satqının müqaviləsinin artıq imzalandığı, əsas müqavilənin isə yaxın günlərdə rəsmiləşdiriləcəyi bildirilir. Hazırda dövlət başçısı həyat yoldaşı ilə birlikdə Seulun Hannamdоn rayonundakı rəsmi iqamətgahda yaşayır.
Mənbə: qafqazinfo.az