ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə İranda saxlanılan ABŞ vətəndaşının ölkədən çıxmasına icazə verildiyini elan edib və bu addımı Tehranın "xoş məram nümayişi" kimi qiymətləndirərək İrana təşəkkür edib.
Bu barədə dövlət başçısı özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
Tramp paylaşımında "Yuxulu Co Baydenin" prezidentliyi dövründə — 2024-cü ilin dekabrında İranda qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşının artıq təhlükəsiz şəraitdə ölkə hüdudlarından kənara çıxdığını və səhhətinin yaxşı olduğunu bildirib.
Vəkil Cared Genser azadlığa buraxılan şəxsin onun müvəkkili Dena Karari olduğunu açıqlayıb.
O, "X" platformasındakı hesabında gənc qadının uydurma ittihamlarla saxlanıldığını və Prezident Trampın fövqəladə və yorulmaz səyləri olmasaydı, bu azadlığın baş tutmayacağını vurğulayaraq Ağ Ev rəhbərinə təşəkkür edib.
"The New York Times" qəzetinin araşdırmasına görə, həm ABŞ, həm də İran vətəndaşlığı olan Karari Şiraz şəhərində ailəsini ziyarət edərkən saxlanılıb.
Nəşr iddia edir ki, o, əslində həbsxanada saxlanılmayıb, lakin casusluq şübhəsi ilə davamlı olaraq sorğu-suala çəkilib və ölkədən çıxışına qadağa qoyulub.
Mənbə: bizim.media