Bu agentliyin yaradılması vaxtında atılmış addımdır - Şəfəq Mehrəliyeva

Bu agentliyin yaradılması vaxtında atılmış addımdır - Şəfəq Mehrəliyeva

“Ölkə Prezidentinin fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması çox aktual məsələ ilə bağlı vaxtında atılmış addımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında ADA Universitetinin sosial elmlər üzrə müəllimi Şəfəq Mehrəliyeva deyib.

O bildirib ki, media sahəsi son illərin informasiya texnologiyalarının inkişafı nəticəsində bütün dünyada islahatlardan keçir və özünü yenidən kəşf etməyə çalışır: “Bu mənada Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsinə yönələn fəaliyyət ölkəmizə digər sahələrdə olduğu kimi, burada da beynəlxalq səviyyədə rəqabətcil olmağa kömək edəcək. Azərbaycanda senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin olmaması media islahatlarını ölkəmizdə bir çox digər ölkələrlə müqayisədə daha sürətli və səmərəli həyata keçirməyə əsas verir”.

Ş.Mehrəliyevanın sözlərinə görə, müasir media sahəsində biznes maraqları və ictimai maraqlar özünəməxsus şəkildə kəsişir: “Bu təqdirdə medianın missiyası olan ictimaiyyəti dürüst, obyektiv və operativ məlumatla təmin etmək prosesi müvafiq hüquqi aktlarla tənzimlənməlidir. Digər tərəfdən, dəyişən media mühitində tək jurnalistlərin peşəkarlığı deyil, ictimaiyyətin də media savadlılığının artırılması məsələsi gündəmdə saxlanılmalıdır. Azərbaycan jurnalistikasının Həsən bəy Zərdabidən başlayan özünəməxsus dəst-xətti var. Bu milli məktəbin itirilməməsi şərti ilə media sahəsi müasirləşdirilməli, milli medianın beynəlxalq media ilə əlaqələri genişləndirilməli və media subyektlərinə işlərini səmərəli şəkildə həyata keçirmək üçün şəraitin yaradılması təşviq edilməlidir”.

Mənbə: publika.az