Tək Azərbaycanın yox, bütün müharibələr tarixində əlamətdar fakt - mümkün olmayanı...

Tək Azərbaycanın yox, bütün müharibələr tarixində əlamətdar fakt - mümkün olmayanı...

Təbriz Musayev: “Şanlı ordumuz bir çoxuna mümkünsüz görünəni reallığa çevirdi”

“Azərbaycanın tarixi torpaqlarının azad edilməsi əlamətdar hadisədir, biz mümkünsüz kimi görünəni etdik”. Bunu Prezident İlham Əliyev ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, 44 günlük müharibə regionda vəziyyəti dəyişdi: “Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq”.

Prezident onu da qeyd edib ki, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik: “Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz, demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik”.

Həqiqətən də bir çoxu üçün Azərbaycanın qısa müddətdə bu cür ciddi uğura imza atacağı mümkünsüz görünürdü. Xüsusən də ermənilərə illərdir havadarlıq edənlər bunu təsəvvür belə etmirdilər. Azərbaycan isə mümkünsüz görünən vəziyyəti dəyişərək möhtəşəm qələbə qazandı.

“Məhz Prezidentin düşünülmüş və uğurlu siyasəti sayəsində ölkəmiz buna nail oldu”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Prezidentin rəhbərliyilə Azərbaycan Ordusu həqiqətən də çox möhtəşəm uğura imza atdı: “Həqiqətən də deyilənlər doğrudur və reallığı əks etdirir. SSRİ dağılanda postsovet məkanında bir sıra separatizm ocaqları yarandı. Separatçıların törətdikləri fəsadlar və bundan bir neçə ölkənin əziyyət çəkdiyi ortadadır. 1988-ci ildən başlayaraq erməni separatizmi Azərbaycanın başına bəla oldu. Ermənistan ərazilərimizin 20 faizini işğal etdi, yüz minlərlə insan yerindən-yurdundan didərgin düşdü. Nə Gürcüstan, nə də Moldova Azərbaycan qədər zərbələrə məruz qaldı. Hələ illər sonra Ukraynada yaşananları demirəm. Azərbaycanın üzləşdiyi haqsızlığın miqyası daha böyük idi. Çünki Qərb erməni separatizmini, vandalizmini görməzdən gəldi. Qərb ölkələri Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyü məsələsində sərgilədikləri qətiyyəti Qarabağ məsələsində göstərmədilər. Baxmayaraq ki, bütün beynəlxalq hüquq bizim tərəfimizdə idi. Hər dəfə Qarabağ məsələsində yalnız danışıqları tövsiyə edirdilər. Ermənistana nə siyasi, nə də iqtisadi təzyiq göstərildi. Hansı ki, bunlardan biri təzyiq rıçaqı kimi işə salınsaydı, Ermənistan bu dərəcədə həyasızlıq etməzdi. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan toparlanaraq bəlli bir uyğun geosiyasi məqamı gözlədi. O məqam yaranan kimi, şanlı Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Bir çoxuna mümkünsüz görünəni reallığa çevirdi. Bütün bu uğurların müəllifi Prezident İlham Əliyevdir. Məhz onun düşünülmüş və uğurlu siyasəti sayəsində ölkəmiz buna nail oldu”.

İAT sədri hesab edir ki, bundan sonra heç bir qüvvə Azərbaycana mane ola bilməz.

Mənbə: www.baki-xeber.com