Nəhayət, hüquqi müstəvidə “jurnalistin statusu” dəqiqləşdiriləcək - Media Agentliyindən maraqlı təşəbbüs...

Nəhayət, hüquqi müstəvidə “jurnalistin statusu” dəqiqləşdiriləcək - Media Agentliyindən maraqlı təşəbbüs...

Müşfiq Ələsgərli: “Doğrudan da jurnalistin statusuna çox ciddi şəkildə aydınlıq gətirilməsinə ehtiyac var”

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Kütləvi informasiya vasitələrinin daha yüksək səviyyədə inkişafı və bu qurumlarda çalışan media mənsublarının peşəkarlıq səviyyəsinin artırılmasında yeni yaradılan qurumun müstəsna rolu şübhəsizdir.

Yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mətbuata açıqlamasında bildirib ki, “jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. “Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək”.

Ə.İsmayılovun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var.

Ə.İsmayılov onu da qeyd edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlyan, çap, audiovizual media subyektlərini əhatə edəcək.

Ə.İsmayılov bildirib ki, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisas artırması xüsusilə qeyd edilməlidir.

Agentlik sədri qeyd edib ki, jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırda jurnalitikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisas artırmasının təmin olunmasıdır. Bunun üçün həm ölkənin mövcud kadr və infrastruktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda, xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur.

Agentlik rəhbərinin bildirdiyi “jurnalist” və “jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməli olması məsələsinə şərh verən ekspertlər hesab edirlər ki, bu olduqca vacib məsələdir və onun gerçəkləşdirilməsi, müəyyən edilməsi zəruridir.

“Bu cür neqativlərin aradan qaldırılması üçün, ilk növbədə, jurnalist kimdir, KİV qurumu nədir, bunun standartına...”

Azərbaycan Mətbuat Şurasının sədr müasvini, media üzrə tanınmış ekspert Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, doğrudan da bu gün “jurnalist” və “jurnalistin statusu” anlayışına aydınlıq gətirilməsinə ciddi zərurət var: “Əslində, jurnalist nədir, KİV qurumu nədir, bunun klassik mənada tərifi və qaydası, anlayışı var. Bu, Beynəlxalq Jurnalistlər Federasiyasının jurnalistika haqqında hazırladığı bilgilərdə öz əksini tapır. Sadəcə olaraq, bu bilgilər daha çox ənənəvi medianın aktual olduğu vaxtlara aid qaydalardır. İndiki dövrdə internet medianın ortaya çıxması, xüsusən də sosial şəbəkələr bu sahədə çox xaotik bir durum yaradıb. Bu nədən ibarətdir? Mən buna qısaca şərh verim. Bu gün görürsən ki, sosial şəbəkələrdə özünə profil açmış şəxslərin çoxu yaratdıqları profiki “kütləvi informasiya vasitələri” adlandırırlar. Xüsusən də “YouTube” TV-də, “Facebook” üzərindən açılan qəzetləri şəxsi profil kimi açırlar, amma onu “KİV” olaraq elan edirlər. Halbuki, kütləvi informasiya vasitələri standartları ilə sosial şəbəkə platformaları arasında ciddi şəkildə fərqlər mövcuddur. Bu fərqlər ondan ibarətdir ki, sosial şəbəkələrdə açılan profillərdə yayılan xəbərlər həmin şəxsin fərdi duyğularını, bilgilərini, düşüncəsini ifadə edir. Ancaq kütləvi informasiya vasitələrində yayılan xəbərlər isə xəbər standatlarına uyğun olmalıdır - obyektiv, qərəzsiz, dəqiqləşdirilmiş olmalıdır. Bu baxımdan, sosial şəbəkələrdə yayılan informasiya ilə kütləvi informasiya vasitələrində yayılan xəbər arasında ciddi şəkildə fərq var. Amma çox təəssüf ki, işbazlar, mediadan yararlanmaq istəyənlər sosial şəbəkələrdə öz profillərini yaradırlar, onun adını isə “TV”, “radio”, “qəzet” qoyurlar. Əslində, onlar orada özlərinin düşüncəsinə uyğun xəbərlər paylaşırlar, ancaq onu “KİV materialı” kimi təqdim edirlər. Bu da əhalidə ciddi şəkildə çaşqınlıq yaradır. Çünki bu xəbərlər xəbər standartlarına uyğun gəlmir, daha çox subyektiv informasiya olur, bir insanın düşüncəsini əks etdirir. Beləliklə, baxırsan ki, kriminal aləmin nümayəndəsidir, oğrudur, quldurdur, amma özünü “baş redaktor” elan edir, soruşanda ki, sən harada baş redaktorsan, deyir ki, filan sosial şəbəkədə “KİV qurumum var”. Bax, bu cür neqativlərin aradan qaldırılması üçün, ilk növbədə, jurnalist kimdir, KİV qurumu nədir, bunun standartına aydınlıq gətirilməlidir. Bilinməlidir ki, bu, jurnalistdirmi, KİV qurumudurmu, yoxsa kiminsə sosial şəbəkələrdəki profilidir. Buna görə də doğrudan da jurnalistin statusuna çox ciddi şəkildə aydınlıq gətirilməsinə ehtiyac var. Əhməd müəllimin də qeyd etdiyi kimi, sonra da dövlətin bir proqramı, planları olarsa, təbii ki, onu jurnalistlər üzərində tətbiq etmək olar. Bu məsələ təkcə yeni yaranan agentlikdən asılı deyil. Bunun üçün daha çox qarşıda qəbul ediləcək qanunvericiliyə ümid edirik”.

M.Ələsgərli hesab edir ki, yaxınlarda qəbul ediləcəyi gözlənilən “Media haqqında” Qanunda bu məsələlərə aydınlıq gətiriləcək və gətirilməlidir. “Bizim hazırda mövcud olan köhnə “KİV haqqında” Qanunda ənənəvi medianın - qəzetin, jurnalın, radionun, televiziyanın standartları barədə təsəvvürlər cızılsa da, onlayn medianın, sosial medianın standartları barədə orada təsəvvürlər yoxdur. Biz ümid edirik, bu məsələlər yeni qanunda əks olunacaq ki, bu cür media kimi dövlət qurumları da özlərinin proqramlarını həyata keçirəndə bu məsələlərə istinad etmiş olsunlar” - deyə M.Ələsgərli qeyd etdi.

Mənbə: www.baki-xeber.com