Prezident Azərbaycanda ISESCO-nun regional mərkəzi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi

Prezident Azərbaycanda ISESCO-nun regional mərkəzi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi

Aydın Xan Əbilov: “Azərbaycanda ISESCO-nun regional mərkəzinin yaradılması və formalaşdırılması...”

“ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı müzakirələrə yenidən nəzər salmaq istəyirik”. Bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək”.

ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələlərin yenidən müzakirəsi bizim üçün nə deməkdir, burada nə əldə edə bilərik? ICESCO ilə əlaqələri daha da gücləndirməklə, onun regional mərkəzini formalaşdırmaqla hansı nailiyyətlərə imza ata biləcəyik?

“Ölkə başçısı olduqca vacib bir məsələni gündəmə gətirib”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövləti üzv olduğu bütün beynəlxalq təşkilatlarla, o cümlədən də ICESCO ilə hər zaman sıx əməkdaşlıq etməkdə maraqlı olub. “Sözsüz ki, ISESCO kimi təşkilatın Azərbaycanla münasibətləri son illər daha da güclənib, əməkdaşlığı artıb. Bu gedişatla ISESCO-nun Azərbaycan vasitəsilə regonda fəaliyyətini görürük. Dünyada gedən qloballaşma şəraitində mədəniyyətlərin, dinlərin, sivilizasiyaların dialoqa çox ciddi ehtiyacı var və Azərbaycan da bu sahəyə özünün çox böyük töhfələrini verib. Bilirsiniz ki, humanitar forumlar, mədəniyyətlər və dini konfessiyalararası beynəlxalq dialoq tədbirləri buna nümunədir. Eyni zamanda, mədəniyyət-incəsənət, ədəbiyyat, musiqi və digər sənət sahələri ilə bağlı Azərbaycanda keçirilən beynəlxalq və regional tədbirlər sübut edir ki, Azərbaycan, sözün həqiqi mənasında, həm UNESCO-nun, həm də ISESCO-nun üzv dövləti kimi həm də regional fəaliyyət göstərir. Burada bircə qalır təsdiqləmək və rəsmiləşdirmək. Düşünürəm ki, buna Azərbaycan böyük imkanlar açır və ISESCO bu sahədə işləri sürətləndirməlidir. Cənab Prezident çox doğru bildirir ki, ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı müzakirələrə yenidən nəzər salmaq lazımdır. Əlbəttə, bu istiqamətdə müzakirələr dərinləşdikdən sonra ortaya uğurlu nəticələr çıxacağı şübhəsizdir. Ölkə başçısı olduqca vacib bir məsələni gündəmə gətirib, bu müzakirələr böyük nəticələr verəcək və ISESCO-nun regional mərkəzinin yaradılması çox faydalı olacaq. Azərbaycan artıq, sözün həqiqi mənasında, kulturoloji və kreativ bir intellektual mərkəzə çevrilib, Avropa ilə Asiyanı, Qərblə Şərqi, İslam dünyası ilə Xristian dünyasını birlədirən və bu birləşmə nöqtəsində ayrıca bir mərkəzə çevrilən ölkə statusu alıb. Fikir verin, Şərqdə və Qərbdə baş verən ən müxtəlif hadisələrlə, proseslərlə bağlı Azərbaycanın açıq, aydın mövqeyi və tərəfsizliyi, məsələlərə obyektiv yanaşması, haqqın, ədalətin yanında olması dünya ölkələri tərəfindən çoxdan qəbul edilib”.

A.X.Əbilov hesab edir ki, Azərbaycanın ISESCO və UNESCO ilə əməkdaşlıq əlaqələrinin formalaşmasında ölkə başçısı ilə yanaşı, Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-perzidenti, ISESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu var. “Dünyanın istənilən nöqtəsində böhran yaranarkən Azərbaycan dövləti hər zaman hadisəyə çevik reaksiya verib və dəstəyini əsirgəməyib. Bu baxımdan da ISESCO-nun Rusiya, Şərq, İslam aləmi, türkdilli ölkələrlə, eyni zamanda da Xristian dünyası ilə bağlı həyata keçirdiyi siyasətdə Azərbaycanın regional mərkəz olaraq rolu çox böyükdür. ISESCO-nun bir təşkilat kimi formalaşmasında, regionda nüfuz qazanmasında Azərbaycanın çox böyük rolu var. Həm İslam Ölkələri Əməkdaşlıq Təşkilatı formatında, həm sivilizasiyalararası münasibətlərin qurulmasında ölkəmiz həmişə verdiyi böyük töhfələrlə seçilib. Biz bunu hələ Ümummilli lider Heydər Əliyevin prezidentlik dövründən müşahidə etməyə başlamışıq.

Yadıma gəlir ki, Xalq yazıçısı Mirzə İbrahimov SSRİ-nin Şərq, Asiya ölkələri ilə əməkdaşlığı üzrə beynəlxalq quruma rəhbərlik edirdi, ümumiyyətlə, Azərbaycan rəhbərlikdə təmsil olunurdu. SSRİ-nin Şərq, İslam, Türk dünyası ilə bağlı siyasətinin böyük bir hissəsini məhz Heydər Əliyevin rəhbərliyilə Azərbaycan həyata keçirirdi. Baxın, Livanda, Misirdə, İranda, Türkiyədə tərcüməçilərin böyük əksəriyyəti azərbaycanlılar idi. Həmin o beynəlxalq təcrübə və ənənə indi də Azərbaycan dövləti tərəfindən davam etdirilir. Çünki Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, müxtəlif dini düşüncəli ölkələrlə humanitar münasibətlər qurur. Azərbaycan istər müsəlman, istərsə də xristian ölkəsi olsun, heç bir fərq qoymadan əməkdaşlıq edir, dostluq münasibəti qura bilir. Azərbaycan həm İsraillə, həm İranla, həm Ukrayna, Gürcüstan, Belarus, Rusiya, həm də Türkiyə, İraq, Əfqanıstan və Pakistanla çox xoş münasibətlər qurub. Azərbaycanın bu təcrübəsindən ISESCO birmənalı olaraq istifadə etməlidir. Davam etdirilməsi nəzərdə tutulan müzakirələrdən sonra əgər ISESCO-nun Azərbaycanda regional mərkəzi, nümayəndəliyi açılarsa, bunun dövlətimiz, onun haqlı-ədalətli mövqeyinin dünya ictimaiyyətində daha geniş səviyyədə qəbul edilməsi üçün çox faydası olacaq. Biz bununla bir beynəlxalq təbliğat aləti qazanmış olacağıq, əlavə geosiyasi bir vasitə əldə edirik. Burada ən mühüm məsələlərdən biri odur ki, Azərbaycan həmişə İslam həmrəyliyinə, İslam dünyasında əlaqələrin daha da möhkəmlənməsinə çalışan, töhfələr verən bir dövlət kimi diqqət mərkəzində olub. Bu mərkəzin formalaşdırılması həm də Azərbaycan tərəfdən İslam həmrəyliyinin gücləndirilməsinə növbəti uğurlu töhfə ola bilər. Bizim dini abidələrimiz, məscidlərimiz İslam dünyasının bir parçasıdır. Azərbaycanda ISESCO-nun regional mərkəzinin yaradılması və formalaşdırılması İslam dininə aid olan abidələrimizin, məscidlərimizin, müqəddəs ocaqlarımızın müdafiəsi və mühafizəsi istiqamətində yeni beynəlxalq platforma açacaq. Faktiki olaraq, Ermənistanın terrorçu silahlı birləşmələrinin 28-30 illik işğalı dövründə Azərbaycanın dini abidələri beynəlxalq səviyyədə müdafiəsiz qaldı və nəticədə də erməni vandalizminə məruz qaldı. Amma indi torpaqlarımız işğaldan azad edilib və həmin abidələr dövlətimiz tərəfindən yenidən restavrasiya edilərək öz əvvəlki görkəminə qaytarılacaq. Azərbaycanın İslam irsinə aid olan abidələrinin, birmənalı olaraq, ISESCO-nun siyahısına daxil edilməsi çox zəruridir. ISESCO-nun missiyası ölkəmizdə olub və onlar azad edilmiş ərazilərimizdəki abidələrimizin vəziyyətini gözləri ilə görüblər. Hesab edirəm ki, bundan sonra ISESCO daha ciddi fəaliyyətə keçəcək və Azərbaycana dəstəyini daha da gücləndirəcək”.

A.X.Əbilov təəssüflə qeyd etdi ki, ISESCO-nun UNESCO-dan fərqli olaraq elə də böyük imkanları yoxdur. O bildirdi ki, müsəlman ölkələri, Şərq aləmi elm, təhsil və abidələrin tədqiqinə çox az vəsait ayırır. “Başa düşürük ki, indi müsəlman ölkələrinin çoxunun iqtisadi vəziyyəti elə də yaxşı deyil. Amma, eyni zamanda, müsəlman dünyasında neftdən əldə etdikləri gəlirlərlə zəngin olan dövlətlər də var ki, onlar öz sərvətlərindən bu məsələlərə də hissə ayırmalıdırlar, öz gələcəklərini düşünməlidirlər. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı milyardlarla pulu Avropa və Avropadan, Yaponiyadan olan mütəxəssislərə xərcləyir, amma özü üçün mütəxəssis hazırlamır. Müsəlman ləngliyi burada da özünü göstərir. Hesab edirəm ki, ISESCO-nun get-gedə inkişaf etdirilməsi, UNESCO kimi dünyanın böyük humanitar təşkilatına çevrilməsi üçün, əlbəttə, böyük maliyyə sərf edilməlidir. Müsəlman dövlətləri ISESCO ilə layihələr həyata keçirməkdə maraqlı olmalıdırlar. Azərbaycanda ISESCO-nun regional mərkəzi yaradılarsa, burada çoxlu layihə həyata keçiriləcək və bu layihələrdə azərbaycanlı mütəxəssislər yaxından iştirak edəcək. Bu bizim kulturoloqların, teoloqların, tarixçilərin, elm adamlarının, mədəni irs üzrə mütəxəssislərin yeni iş yeri deməkdir. Eyni zamanda, ortaq məxrəcə gəlmək, Şərq və Qərb dəyərlərinin ən gözəl nümunələrini inkişaf etdirmək üçün yeni humanitar layihələrin, müsabiqələrin, tədbirlərin keçirilməsi üçün bir məkana çevrilmiş olacaq. Dünyanın aparıcı mütəxəssisləri, ekspertləri yenə də Azərbaycana gələcək və bu gəliş özü belə turizmin və digər xidmət sahələrimizin inkişafına təkan verəcək” - deyə A.X.Əbilov bildirdi.

Mənbə: www.baki-xeber.com