Üç ölkənin XİN başçıları "Şərq Tərəfdaşlığı" sammitini müzakirə ediblər

Üç ölkənin XİN başçıları "Şərq Tərəfdaşlığı" sammitini müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani ukraynalı və moldovalı həmkarları - Dmitri Kuleba və Aureliu Çokoyla onlayn formatda işgüzar görüş keçirib.

Open.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələr üzrə perspektivləri müzakirə ediblər. Görüşdə hər üç ölkənin Avropa İttifaqı ilə münasibətləri və birliyə inteqrasiya prosesinin təşviqi üçün birgə səylər nəzərdən keçirilib.

XİN başçıları bu il keçirilməsi planlaşdırılan “Şərq Tərəfdaşlığı” proqramına dair müzakirələr apararaq bu il keçirilməsi planlaşdırılan sammitin tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

“Şərq Tərəfdaşlığı” platformasının mühüm regional təşəbbüs olduğunu qeyd edən nazirlər azad ticarət zonasının yaradılması da daxil olmaqla assosiasiya sazişinin həyata keçirilməsinin prioritetlərindən bəhs ediblər. İşgüzar görüşdə “Şərq Tərəfdaşlığı”na üzv ölkələrə fərqli yanaşma prinsipi də müzakirə olunub. Tərəflər birgə mövqe və təkliflərin hazırlanmasına dair hazırlıq ifadə ediblər.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin növbəti sammitinin bu ilin martında keçiriləcəyi gözlənilir.

Mənbə: open.az