Ermənistanın 30 ildə məscidlərlə bərabər Alban xristian irsinə də qənim kəsilməsinin səbəbi - Prezident beynəlxalq dairələr üçün də düşündürücü fakt verdi...

Ermənistanın 30 ildə məscidlərlə bərabər Alban xristian irsinə də qənim kəsilməsinin səbəbi - Prezident beynəlxalq dairələr üçün də düşündürücü fakt verdi...

Vaqif Abışov: “...dünyaya mesaj verdi ki, ermənilərin cinayətləri cavabsız qalmayacaq”

“Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər”. Bu fikirləri Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki, demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi.

Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla, tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar. Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər”.

Prezident İlham Əliyev ermənilərin qanunsuz məskunlaşması nəticəsində Qafqaz Albaniyasının kilsəsinin erməni kilsəsinə çevrildiyini və onların qədim alban irsinə vurduğu ziyanları əsaslı şəkildə vurgulayıb.

“Bu əsaslı faktlardan digər beynəlxalq təşkilatlar da, bütövlükdə, beynəlxalq aləm nəticə çıxarmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin Ermənistanın 28-30 il müddətində bizim ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasəti nəticəsində Qafqaz Albaniyası irsini saxtalaşdırması, alban kilsəsini qriqoryanlaşdırması cinayətlərini bir daha vurğulması müsbət haldır. V.Abışov xatırlatdı ki, ölkə başçısı azad edilmiş torpaqlarımıza səfərləri zamanı da erməni vandallarının bizim tarixi-mədəni irsə qarşı törətdiyi vəhşilik, vandalizm cinayətləri barədə danışdı və beynəlxalq aləmə, beynəlxalq təşkilatlara erməni cinayətlərinə göz yummamaqla bağlı çağırış etdi.

V.Abışov qeyd etdi ki, ermənilər son 30 ildə Azərbaycanın maddi-mədəni irsinə qarşı dünyada analoqu olmayan cinayətlər, vandalizm aktları törədib, məscidlərimizi, müsəlman abidələrini dağıdıb, Qafqaz Albaniyası dövrünə aid olan tarixi irsi mənimsəyib, Alban kilsəsini erməni kilsəsi olaraq qələmə veriblər. “Ermənilər işğal dövründə abidələrimizi, muzeylərimizi, məscidlərimizi, körpülərimizi, bulaqlarımızı, bir sözlə, maddi-mədəni irsimizi məhv edib, məhv edə bilmədiklərini isə saxtakarlıqla erməniləşdiriblər. Xüsusilə də Qafqaz Albaniyasına aid olan maddi-mədəni irsi, qədim alban xristian kilsələrini isə özününküləşdirməyə, “erməni dini abidəsi” kimi qələmə verməyə çalışıblar. Qədim alban kilsələrində xaçları dəyişdiriblər, oradakı alban yazılarını silib erməni dilində yazıblar, erməni xaçları qoyublar, “təmir” adı altında o məbədlərin quruluşuna belə xələl gətiriblər. Yəni məhv etdiklərini məhv ediblər, yandırdıqlarını yandırıblar, erməniləşdirə bildiklərini isə erməniləşdiriblər. Ermənilər Qafqaz Albaniyasına aid kilsələri qriqoryan kilsəsinə çevirmək üçün bütün mümkün cinayətləri ediblər. Hesab edirəm ki, cənab Prezident ISESCO-nun baş direktorunun rəhbərlik etdiyi missiyanı qəbul edərkən ermənilərin Qafqaz Albaniyasına aid olan kilsələrə, mədəni irsə qarşı cinayətlərini çox kəskin şəkildə qoymaqla dünyaya mesaj verdi ki, ermənilərin cinayətləri cavabsız qalmayacaq. Prezident həm də bununla bildirmək istədi ki, ISESCO da bu məsələ ilə bağlı mövqeyini ortaya qoymalı, fəaliyyətini gücləndirməlidir. Ölkə başçısının təqdim etdiyi bu əsaslı faktlardan digər beynəlxalq təşkilatlar da, bütövlükdə, beynəlxalq aləm nəticə çıxarmalıdır və erməni saxtakarlığına, cinayətlərinə qarşı susmamalıdır. Eyni zamanda, ermənilərin bu cinayətlərinə mütləq şəkildə reaksiya verməli, erməni vandalizminin, erməni vəhşiliyinin cavabı beynəlxaq qanunların tələb etdiyi şəkildə verilməlidir. Cənab Prezidentin bu məsələnin üzərinə dönə-dönə getməsi dünya üçün bir mesajdır. Ümumiyyətlə, beynəlxalq səviyyəli ekspertlərdən ibarət komissiyanın yaradılması, onların azad olunmuş ərazilərə gəlib erməni vandalizminin dəhşətləri ilə bağlı rəy hazırlaması çox vacibdir. Dövlət başçısı da bunu vurğulayıb. Hesab edirəm ki, bu çox müsbət addımdır və yaxın gələcəkdə Ermənistan beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmə qarşısında törətdiyi cinayətin hesabatını verəcək və cəzasını alacaq. Ermənistan tərəfindən Azərbaycana vurulan zərərlər mütləq ödənilməlidir. Çünki ermənilər bu cinayətləri torpaqlarımızı işğal etdikdən sonra müharibə getmədiyi vaxtda törədiblər. Ermənilər bütün bu cinayətləri qəsdən törədiblər. Müharibənin getmədiyi heç yerdə belə iş olmayıb. Müharibə gedəndə, təbii ki, dağıntılar olub, amma müharibədən sonra olmayıb.

Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını azad etdi və sübut olundu ki, bəli, abidələrimiz müharibə zamanı yox, 30 il işğal dövründə ermənilər tərəfindən qəsdən dağıdılıb. Düşünürəm ki, dövlətimizin erməni vandalizminin beynəlxalq aləmdə ifşa edilməsi, bu cinayətlərə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi istiqamətində apardığı siyasət çox düzgündür. Bu yalnız ISESCO-nun missiyası ilə məhdudlaşmamalıdır, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT-in, Avropa İttifaqının, BMT və sair beynəlxalq təşkilatların da rəsmi missiyası azad edilmiş ərazilərimizə səfər etməlidir. Yəni bütün beynəlxalq təşkilatların missiyalarını ayrı-ayrılıqda azad edilmiş ərazilərimizə gətirməliyik və onlar vasitəsilə də Ermənistana çox güclü şəkildə təzyiq etməliyik ki, bu faşist dövləti törətdiyi cinayətin layiqli cavabını alsın”.

V.Abışov qeyd etdi ki, Qafqaz Albaniyası irsinin, alban-xristian kilsəsinin saxtalaşdırılıb erməniləşdirilməsi işinə son 30 ildə deyil,19-cu əsrdən, Çar Rusiyası dönəmindən, yəni ermənilərin bizim torpaqlarımıza köçürüldüyü dövrlərdən başlanıb. “Bu gün ölkə başçısı səviyyəsində onların qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirməsi faktının beynəlxalq aləmə təqdim edilməsi o deməkdir ki, biz Alban kilsəsini erməni qriqoryan kilsəsinin əsarətindən çıxara biləcəyik. Bilirsiniz ki, ermənilər xristian-alban kilsəsini son 30 ildə mənimsəməyib, Çar Rusiyası dövründə bu kilsənin müstəqilliy çar fərmanı ilə ləğv edildi və o, erməni qriqoryan kilsəsinin tabeliyinə verildi. 19-cu əsrin 30-cu illərində çarın verdiyi sərəncamla alban kilsəsi erməni kilsəsinə keçdi. Həmin dövrdən başlayaraq xristian-alban kilsəsinə aid olan bütün hüquqları mənimsədilər, alban kitablarının, əlyazmalarının, dini ritualların icrası zamanı istifadə edilən bütün ləvazimatların bir çoxunu ermənilər məhv etdilər, qalanlarını isə özününküləşdirdilər. Özününküləşdirə bilmədiklərini isə işğal dövürndə mənimsədilər. Əvvəl edə bilmədiklərini 30 il müddətində həyata keçirdilər, bu, əlbəttə, böyük cinayətdir. Onu da deyim ki, bizim torpaqlarımızda - Qərbi Azərbaycanda erməni dövləti yarandıqdan sonra Sovet dövründə ermənilər orada olan bütün alban irsinə qarşı mənimsəmə cinayətləri həyata keçirdilər. Qərbi Azərbaycanda da Qafqaz Albaniyasına - onun varisi Azərbaycana aid olan kilsələr, məbədlər, abidələr erməniləşdirildi, bir qismi isə dağıdıldı. Sonra da, dediyim kimi, Kəlbəcərdə, Laçında, Qarabağda alban irsinə qarşı bu vandalizm aktlarını davam etdirdilər. Qanunsuz məskunlaşdırma apardılar və bunun nəticəsində də tarixi irsimizi taladılar, məhv etdilər. Şükürlər olsun ki, artıq torpaqlarımız işğaldan azad olunub və biz bununla abidələrimizə qarşı daha dəhşətli erməni vandalizm cinayətlərinin qarşısını ala bildik. İndi biz erməni vandalizminə beynəlxalq aləmdən güclü reaksiya gözləyirik” - deyə V.Abışov qeyd etdi.

Mənbə: www.baki-xeber.com