Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...

Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...

1976-cı ildə Avstriyanın İnsburq şəhərində Qış Olimpiada oyunları keçirilirdi. Oyunların açılışı ərəfəsində “Vremya” proqramının idman xəbərlərinin məşhur aparıcısı Vladimir Masloçenko oyunların keçirilməsi üçün bütün hazırlıqların görüldüyü, hər cür şəraitin yaradıldığı haqqında məlumat verirdi. Şərhçi idmançıların qarşılanması, otellərdə yerləşdirilməsi, jurnalistlər üçün mətbuat konfransı salonlarının hazır olduğu, yarışların keçiriləcəyi açıq və qapalı zalların yüksək səviyyəsi və sairə barədə danışandan sonra bir qədər pauza verib:” amma, əsas şey yoxdur” ( “no, net qlavnoqo”) dedi və əlavə etdi:” qar yoxdu”. Qış olimpiadası üçün qar yoxdursa...

10 noyabr 2020-də İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə bitdi. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu, üstəlik Hadrut rayonunu və Şuşa şəhərini azad etdi. Ermənistanla dövlət sərhədində aparılan demarkasiya işləri nəticəsində işğal edilmiş müəyyən ərazilərimiz geri qaytarılıdı və bu istiqamətdə tədbirlər davam edir. Ermənistan Azərbaycan əsgərinin gücü sayəsində yıxılmış və bir daha ayağa qalxmaq gücündə olmayan bir ölkə halına gəlmişdir. Qalib dövlət kimi dünyada Azərbaycan nüfuzu və bölgənin həqiqətən ən güclü, hesablaşılan ölkəsi statusundadır. Amma...

Amma.., Masloçenkonun sözü olmasın əsas olana hələ çatmamışıq. Əsas olan da Qarabağ üzərində suverenliyimiz, təxminən 3 min kv.kilometr ərazimizdə hələ də bayrağımızın asılmaması, o yerlərin hələ də yad və düşmən qoşunlarının işğalı altında qalmasıdır. Burda bir haşiyəyə çıxmağa məcburam.

Ölkədə bəzi siyasilər, ictimai fəallar, həm də ənənəvi ştatlı yarınanlar arasında son vaxtlar ölkənin Qarabağ problemindən danışanlara qarşı səlib yürüşü başlanıb. Bu adamların məntiqi ilə 27 il ərzində də kimsə Qarabağ münaqişəsindən danışıbsa.., səhv edib, onsuz da Qarabağ alınacaqdı və indi də Xankəndidən, Xocalıdan danışmaq düzgün deyil, onsuz da bu məsələ həllini tapıb. Normal məntiq isə deyir ki, əgər 27 illik işğala fərdlər sükut etsəydi, ictimai qınaq, təzyiq olmasaydı, Qarabağın işğlda qalmasının millət olaraq bizi şərəfsizliyə apardığını yazmasaydıq, bu işə cavabdeh olanları tənqid etməsəydik, Şuşada yallı gedən Paşinyanın hərəkətinə “necə dözürsünüz, ay səlahiyyətlilər” deməsəydik, “Qarabağ Ermənistandır” deyilən günün səhərisi Müdafiə nazirliyinin qarşısına gedib nazir və baş qərargah rəisindən hesabat vermələrini tələb etməsəydik, 14 iyulda küçələrə çıxıb “müharibə istəyirik” deyib həmrəylik nümayiş etdirməsəydik.., bu gün Qarabağ hələ də işğal altında ola bilərdi. Ümummilli məsələlərdə cəmiyyətin narazılığı, təzyiqi məhz səlahiyyətliləri qınağa doldurur və hərəkət etməyə məcbur edir. Bu gün də “ Xankəndidən, Xocalıdan hələ danışmayın, orda baş verənləri qabartmayın” və sairə bu tipli iradları bildirənlərin nəzərinə çatdırırıq ki, vətənin ayağına daş dəyibsə və dəyəcəksə bu mütləq deyilməlidir və tədbirlər görülməlidir. Vətən yarasının bu illərdə nə olduğunu gördük, vətən yarası ət yarası deyil ki, öz-özünə qaysaqlansın, sağalsın. Vətənin yarasını zamanında görüb, zamanında qətiyyət nümayiş etdirib sağaltmaq lazımdır. Onu ilk növbədə elə cəmiyyət tələb edir, cəmiyyət təzyiq edir ki, cavabdehlər də işini bilsin. Çox populyar da misallar çəkilir:” Xalqı ruhdan salmayın, qələbəmizə kölgə salmayın” . Bu iradları bildirənlər üçün Qarabağın azadlığı bir fürsətə , yarınmaq vasitəsinə çevrilib. Ola bilsin ki, kimlərsə həqiqətən siyasi konyukturaya görə problemə qərəzli yanaşsın, buna rast gəlinir, bu yanlış mövqedir, amma bu tək-tək hallardır.

10 noyabrdan sonra Xankəndi və ətrafında baş verən hadisələrdən narahatçılıq keçirməkdə qeyri-təbii nə var? Rusiya sülhməramlıların mandatına uyğun olmayan hərəkətlərindən, Ermənistan rəsmilərinin istədiyi vaxt Xankəndinə gəlməyindən yazdıq, danışdıq. Moskva görüşü ərəfəsində dövlət başçısı da məhz bu iki məsələdən narazılığını bildirdi. Cəmiyyətin narahatçılığına, etirazına reaksiya bildirildi. Nə gözəl!

 

İndi də deyirik ki, 10 noyabr Bəyanatının maddələrinə əməl olunsun! Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələri çıxarılması haqqında bənd yerinə yetirilsin; 7-ci bəndə əsasən azərbaycanlı qaçqınlar BMT qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə ilk növbədə Yuxarı Qarabağa yerləşdirilsin; Ağdam-Şuşa yolu, Tərtər-Ağdərə-Kəlbəcər yolu açılsın və sülhməramlılar təhlükəsizliyi təmin etsin; Laçın dəhlizinin başlandığı Ermənistan-Azərbaycan dövlət sərhədi Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan Sərhəd Qoşunlarının nəzarətinə verilsin, orada nəzarət buraxılış məntəqəsi yaradılsın.

Opponentlik etmək istəyənlər isə deyir ki, “deməyə ehtiyac yoxdur, zamanla olacaq”. Deməyə böyük ehtiyac var, əks halda o zaman qeyri-müəyyənliyə qədər uzana bilər. Düşmən indi çox zəifdir, bundan istifadə edib iradəmizi qəbul etdirməliyik. İstəyirik ki, dediklərimizi, narahatçılığımızı, gərginliyimizi rəsmilər də bilsin və mövqelərini qarşı tərəfə qətiyyətlə çatdırsınlar. Yoxsa, Ermənistan XİN başçısı bu gün də Qarabağın statusu “ öz müqəddəratını təyin etmə prinsipi ilə həll olunacaq” mahnısını tutuquşu kimi çox oxuyacaq. Təsəvvür edirsinizmi ki, yerlə bir olmuş bütün ermənilər Qarabağda yüksək status alsalar necə dirçələcəklər və Xankəndi yerli idarəetməyə nail olsa azərbaycanlılar orda yaşayacaqlarmı? Qoy, bu narahatçılığı düşmən keçirsin və bunları dilə gətirməkdən çəkinməyək. Nə cəmiyyət olaraq, nə də rəsmilər olaraq.

İlham İsmayıl

 

 

 

Mənbə: moderator.az