Çexiyada COVID-19-la bağlı korrupsiya qalmaqalı başlanıb

Çexiyada COVID-19-la bağlı korrupsiya qalmaqalı nəticəsində ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Pavel Brjezovski istefa verməyə məcbur olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, jurnalistlərin əldə etdiyi məlumata görə, Brjezovski koronavirus əleyhinə vaksinasiya üçün prioritet siyahıya öz idarəsinin əməkdaşlarını və onların əslində, növbədənkənar vaksinasiya hüququ olmayan qohumlarını daxil edirmiş.

Prinsipial jurnalistlər bu informasiyanı yoxlayıb və Brjezovskini ifşa edən materialları mətbuatda dərc ediblər. Məlum olub ki, min dozaya yaxın preparat Bjezovskinin dostlarına və qohumlarına sərf edilib. Halbuki, son dərəcə qıt olan bu dərmanın tətbiqi məhz həmin korrupsioner məmura etibar edilmiş idarə tərəfindən ciddi nizamlanmalıdır.

Xatırladaq ki, növbədənkənar vaksinasiya hüququ məmurların dostlarına və qohumlarına deyil, xəstələrlə işləyən tibb işçilərinə, qocalar evlərindəki sosial işçilərə, habelə koronavirusa yoluxma ölümcül dərəcədə təhlükəli ola biləcək ahıl vətəndaşlara verilir.

Çexiya hökuməti bu məmurun yol verdiyi qohumbazlığı kəskin tənqid edib. Ölkənin Baş naziri tabeliyində olan təqsirkar məmurun istefa verməsini bəyəndiyini bildirərək deyib: "Belə hərəkətlər əsla yolverilməzdir".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

SONRAKI XƏBƏR

Messinin Antonellasından maraqlı görüntülər - Video