“Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq”

"Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi".

PİA.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

E.Şahinoğlu Makronun Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qaldığını bildirib:

"Məktub yazan Makron “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib. Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Fransa Rusiyadan artıq deyil. Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə düşmənçiliyin kimsəyə fayda gətirməyəcəyi anlamalıdır. Ərdoğan Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib".

Politoloq Makron-Ərdoğan dialoqunun erməni lobbisinə yaxşı şapalaq olacağını vurğulayıb:

"Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq. Ermənilər bir müddət Makronun anti-Türkiyə və anti-Ərdoğan siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu. Münkündür ki, Makron bu səhvini də anlayaraq Bakı ilə dialoqa başlasın. Belə olarsa, Ermənistan hakimiyyəti və Fransadakı erməni lobbisi növbəti xəyal qırıqlığına uğrayacaq. Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı dövlətləri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar".

"Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək", - deyə E.Şahinoğlu fikirlərini tamamlayıb..(Yenisabah.az)

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Külək Qubada fəsadlara səbəb olub - VİDEO

SONRAKI XƏBƏR

Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)