Erməni kilsəsi “Qarabağ ordusu”na göndərdiyi ekskavatorların ünvanını səhv salıb...

Erməni kilsəsi “Qarabağ ordusu”na göndərdiyi ekskavatorların ünvanını səhv salıb...

Dağlıq Qarabağ məsələsində ermənilər istər “qa”, istərsə “qu” deyəndə Azərbaycan rəsmiləri, cəmiyyəti, ilk növbədə isə jurnalistləri hamısı bir ağızdan “Vur – Komandan!”, - deməlidir! Sözsüz ki, bu, Ali baş komandanın nəyi nə vaxt və necə etməsini bilməsinə etimadsızlıq demək deyil. Hər kəs yaxşı anlayır ki, bilavasitə məsələnin içində olan birinci şəxs kimi, o, hər şeyi hamıdan yaxşı bilir. Bu yanaşmanı isə güya, “Zəfər qələbəsinə kölgə salırlar”, - deyə, qiymətləndirən, 27 il susub amma indi “Qarabağ sevdalısına” çevrilən yaltaq-yalaqlar da səmimi anlamalı və xalqın hisslərindən doğan təbii narahatlığından heç də “narahat” olmamalıdırlar. Çünki, düşmənin tülkü xislətli olmasını, tarixən ruslarla əlbir olub Qarabağa “xaç altından və ya Aykanuş üstündən silah yeritməsini” bu xalq çox yaxşı bilir.

Tülkü xisləti demişkən, baxın, Azərbaycan prezidentinin Şuşa səfərindən dərhal sonra, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyanın “...Tərəflər arasında etimad yaratmaq üçün humanitar təşəbbüslər qarşılıqlı hörmət və tolerantlığa əsaslanmalıdır” – deməsi, ilk baxışda Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın “qələminin sındığını” etiraf etməsi kimi anlaşılsa da, ancaq o, “Azərbaycan rəhbərliyinin son açıqlamaları Bakının buna hazır olmadığını göstərir”, söyləməklə, əsl erməni xislətini yenidən ortaya qoymuş olur.

Bu qadın anlamır ki, əgər saqqalı ütülmüş Paşinyan layiq olduğu bu boyda məğlubiyyətdən sonra utanmadan Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını müəyyən etməsindən, həmçinin, 30-40 minlik bir topluma hansısa status verilməsindən dəm vurursa, Azərbaycan rəhbərliyi ermənilərlə hansı qarşılıqlı hörmətlə danışmalıdır? Digər tərəfdən, əgər Paşinyan hökumətinin başsız baş diplomatı Ara Ayvazyan Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının iclasında əzilib büzülə-büzülə “Artsax ərazilərinin işğaldan azad edilməsi Ermənistan və Qarabağdakı səlahiyyətlilər üçün prioritet məsələdir”, bu azmış kimi, “Mənim addımım” parlament fraksiyasının üzvü, Xarici Əlaqələr Komissiyasının sədri Ruben Rubinyan Ermənistan “Azərbaycan tərəfinin nəzarəti altında olan” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazilərinin “Dağlıq Qarabağ Respublikasına” qaytarılması məsələsini qaldırmağa hazırlaşır”, - deydiyi halda burada hansı tərəflər arasında etimad yaratmaq üçün humanitar təşəbbüsdən, qarşılıqlı hörmət və tolerantlıqdan söhbət gedə bilər?!

Şər böhdandan yoğrulmuş bu toplumun baş diplomatı iddia edir ki, güya Bakı erməni əsirlərlə bağlı nə üçtərəfli bəyanata, nə də BMT nizamnamələrinə əməl edir. “Azərbaycanın nəzarətinə keçən çoxsaylı dini, tarixi və mədəni abidələrin qorunması danışıqlar prosesinin vacib bir hissəsi olmalıdır. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə atdığı hər addım Azərbaycan tərəfinin müqaviməti ilə qarşılanır. Bakı, xüsusilə UNESCO-nun bölgəyə girməsinə icazə vermir”. Erməni diplomata görə, güya abidələrin qorunması bölgədə biryerdə dinc yaşamaq üçün şərait yarada bilər.

Maraqlıdır, öz ata-babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərovu və Şahbaz Quliyevi 6 ildən artıq Şuşa həbsxanasında qanunsuz olaraq saxlamış ermənilər, müharibə qurtardıqdan sonra Azərbaycan ərazisinə qanunsuz soxulmuş və haqlı olaraq saxlanılmış 62 nəfər Şirakdan gətirilmiş öz terrorçularına nə üzlə hərbi əsir donu geyindirib tezliklə buraxılmasını istəyə bilir? Azərbaycana məxsus dini, tarixi və mədəni abidələr yerlə yeksan edildiyi halda Ayvazyan hansı üzlə öz dini, tarixi abidələrinin qorunmasının vacibliyini önə çəkir? Məgər Azərbaycan tərəfi hansısa abidəni dağıdıb, dini məbədi donuz tövləsinə çevirir? Adı çəkilən UNESCO Azərbaycana məxsus abidələr dağıdılanda bəs harda itib-batmışdı?

Doğrudur, indiki halda hər kəs yaxşı anlayır ki, düşmənin ürəkbulandırıcı hərəkətlərinə son qoyub səslərini birdəfəlik kəsmək üçün zamana böyük ehtiyac vardır. Ancaq bu zaman kəsiyində nə sözü dildən, nə də silahı əldən yerə qoymaq olar. Xankəndində Azərbaycan bayrağı dalğalanmayınca cəmiyyətin narahatlığı davam edəcək. Bu gün xalqın əksər hissəsinin narahatlığı o həddədir ki, Azərbaycan siyasi dairəsində qeyri-ciddi qəbul edilən hətta Hafiz Hacıyevin Xankəndinə icra başçısı təyin olunması hamını ürəkdən sevindirər. Yetər ki, Araik Arutyunyan, Vitali Balansanyan və digər əliqanlı “yanlar” o yerlərdən rədd olub getsinlər. Hərçənd, bu adı çəkilən “yanlar”, həmçinin, onlar kimi olanlar Azərbaycan tərəfindən həbs olunmalıdırlar. Ancaq diqqət edin, burda da erməni xisləti özünü gizlətmir. Bir neçə gün öncə Ermənistan Baş Prokuroru Artur Davtyan Rusiyalı həmkarı İqor Krasnovla Moskvada keçirilən görüşdə Azərbaycan hüquq-mühafizə orqanlarının Ermənistan rəsmilərini cinayətkar kimi təqib etmələrini əsassız sayaraq, onlara qarşı başlanan cinayət-axtarış işlərini MDB ərazisində siyahıya daxil edilməməsini təklif etdi.

Odur ki, ermənilər tərəfindən hər gün hansısa bir çirkin addım atıldığı təqdirdə Azərbaycan xalqının narahatlığı və hiddətlənməsi təbidir. İndi baxın, güya yanvarın 10-na qədər Dağlıq Qarabağda erməni terrorçularından silahlar yığmalı idi. Əksinə, Eçmiədzin kilsəsi separatçı “Qarabağ müdafiə ordusu”na yeni səngərlərin qazılması üçün ekskavator göndərdi. Bütün bunlar onu göstərir ki, Qarabağ məsələsi hələ tam öz həllini tapmayıb. Ancaq qardaş Türk əsgərlərinin bölgədə yer alması hər kəsə ümid verir ki, erməni-rus birləşmələri əvvəlki dövrlərdə olduğu kimi at oynada bilməyəcəklər.

Erməni kilsəsi isə “Qarabağ ordusu”na göndərdiyi ekskavatorların ünvanını çox güman ki, səhv salıb. Çünki, bu kiçik ölçülü ekskavatorlar səngər qazmağa deyil, daha çox məhz Ermənistanda daşlı, qayalı qəbrstanlıqlarda gor qazmağa yarıyar.

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Mənbə: moderator.az