"Ermənistan müxalifəti də yeni reallıqları qəbullanmaq məcburiyyətində qaldı"

"Ermənistan müxalifəti də yeni reallıqları qəbullanmaq məcburiyyətində qaldı"

"Manukyanın belə bir fikirlə çıxış etməsi yaxın gələcəkdə Moskvanın dəstəyini qazanmağa hesablanıb".

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Ermənistanın yenidən müharibə çağırışları etməsi Rusiyanın kəskin reaksiyasına səbəb ola bilər:

"Müxalifət başa düşür ki, revanşist ideyalar Rusiya cinahında birmənalı şəkildə mənfi qarşılanır. Xüsusən də 11 yanvar görüşündən sonra Rusiyanın baxışları daha da aydınlığa qovuşub: Moskva regionda kommunikasiyaların tamamilə açılmasında və münaqişənin tarixə qovuşmasında niyyətlidir. Belə olan təqdirdə aydın məsələdir ki, yenidən müharibə çağırışları etmək Rusiyanın kəskin reaksiyasına səbəb ola bilər. Bunu başa düşən Vazgen Manukyan mövqeyində kardinal dəyişiklik etmək yolunu seçib.

Xatırladım ki, 10 noyabr bəyanatından sonra Ermənistan müxalifəti barışmaz mövqe nümayiş etdirirdi. Vazgen Manukyanın rəhbərlik etdiyi koalisiya üçtərəfli razılaşmanı tanımadığını açıq formada bəyan etmişdi. Lakin gedişatdan da göründüyü kimi, artıq müxalifət də yeni reallıqları qəbullanmaq məcburiyyətində qalıb".

Qeyd edək ki, Ermənistanın müxalifət lideri Vazgen Manukyanın RBC-ya müsahibəsində Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik qələbəsini etiraf etdi. V.Manukyan da bildirir ki, Moskva görüşündə Ermənistan heç nə qazanmadı, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi. O, açıqlamasında "Hazırda Ermənistanda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır. Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir" ifadələrinə də yer verib.

Təhməz Əsədov
 

Mənbə: news.milli.az