Qızıl Xaç Komitəsinin Azərbaycandakı rəhbəri Arian Bauerlə eksklüziv müsahibə - VİDEO

Qızıl Xaç Komitəsinin Azərbaycandakı rəhbəri Arian Bauerlə eksklüziv müsahibə - VİDEO

Eurasia Diary Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı rəhbəri Arian Bauer ilə müsahibəni təqdim edir.

- Miss Bauer, zəhmət olmasa Bakıya gəlmədən öncəki layihələriniz barədə danışardınız.

Arian Bauer: Mən on üç ildir ki, hərbi münaqişələrə cəlb edilən ölkələrdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi kimi çalışıram. Əsas məqsədimiz müharibədən əziyyət çəkən insanlara kömək etməkdir. Ukraynada, Filippinlərdə, İraqda, bir sıra Afrika ölkələrində çalışmışam, amma ən son fəaliyyətim Cenevrədəki baş ofisimizdə olub.

- İşinizlə bağlı ən çətin məqam hansıdır?

Arian Bauer: Hesab edirəm ki, bu, ilk növbədə psixoloji amildir. Ən çətin şey insanlara neytral təşkilat olduğumuzu çatdırmaqdır. İnsanlar tez-tez düşünürlər ki, müəyyən bir vəziyyət barədə şəxsi fikirlərimizi ifadə etmiriksə, bu, onunla maraqlanmadığımızı və buna biganə olduğumuzu göstərir. Amma bu belə deyil. İş metodumuz və vəziyyətlərə yanaşma tərzimiz bir qədər fərqlidir. Tərəfsizliyimiz münaqişədən ən çox əziyyət çəkən insanları dəstəkləmək və bunu qərəzsiz şəkildə etmək üçün bir vasitədir. Müsbət və istənilən nəticəni əldə edə bilmək üçün yeganə yoldur. Millətindən, dərisinin rəngindən, dini mənsubiyyətindən asılı olmayaraq insanlara kömək edirik. Biz köməyə daha çox ehtiyacı olanlara kömək edirik.

- Qarabağ müharibəsi zamanı ölən şəxslərin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsi barədə danışaq. Bu proses necə həyata keçirilirdi?

Arian Bauer: Bu gün cəsədlərin çıxarılması əməliyyatlarında müxtəlif tərəflərin orduları ilə işləyirik, bu, münaqişə bitdikdən sonra ən qısa müddətdə görülməli olan çox vacib bir işdir.

Əsas məqsədimiz ailələrə cavab verməkdir. Mövcud vəziyyətdən çox narahat olan ailələrlə birbaşa əlaqə qururuq. Uzun müddətdir ərləri və oğullarını görməmiş və barəsində heç bir şey eşitməmişlər. Bu səbəbdən də əsas vəzifəmiz cəsədləri döyüş meydanından çıxarmaqla yanaşı, dəfn edilməsi üçün ailəsinə, yaxınlarına və dostlarına təhvil verilməsi üçün qalıqların şəxsiyyətini müəyyənləşdirməkdir.

- Xahiş edirəm deyərdiniz, Qırmızı Xaç Komitəsi müharibə qurbanlarının ailələrinə kömək edib ya yox, kömək edirsə, bunu hansı formada edir?

Arian Bauer: Qırx dörd gün ərzində davam edən eskalasiyadan əziyyət çəkmiş insanlar üçün bir sıra layihələrimiz var. Bütün bunlar təmas xətti boyunca yaşayan insanlara böyük təsir göstərdi. Bu insanlara kömək etmək, qeydiyyatdan keçirmək, maddi yardım göstərmək üçün dərhal Azərbaycandakı cəmiyyətlə əlaqə saxladıq. İnsanların müvəqqəti yaşamaq üçün sığınacaqlara köçürülməsi, isti paltar və yorğan verilməsi, su təchizatı və s. üçün çox iş görülmüşdür. Məqsədimiz insanların normal həyata qayıtmasına kömək etmək idi.

Bakı, Bərdə və ofisimizin olduğu hər yerdə heyətimizi, büdcəni tədricən artıracağıq. Bizim köməyimizə çox ehtiyacı olan bütün insanlara, evləri dağılan insanlara kömək etməyə çalışırıq. Su təchizatını, elektrik enerjisi və infrastrukturu bərpa etmək üçün çox çalışırıq.

Uşaqların təhsilini davam etdirmələri üçün məktəblərin yenidən qurulmasına kömək etmək üçün Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etməyi hədəfləyirik.

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova

Mənbə: ednews.net