Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir

Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir

"Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil var. Söz yox ki, bütün nəsillərdən olan vətəndaşların möhtəşəm Qələbədə, parlaq zəfərdə böyük zəhməti və payı var". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, ancaq əsas yükü, vəzifəni həmin gənc nəsil yerinə yetirdi: "Bu, həmin gənc nəsildir ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 ildə yetişib. Sirr deyil ki, 2003-cü ildə yeniyetmə olanlar bu gün artıq yetkin gənclərdir. Məhz, onların vətənpərvərlik ruhunda tərbiyə alması, milli ruhda yetişməsi ölkəmizi böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu mənada əminliklə deyə bilərik ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir".

Deputat qeyd edib ki, bu gün ölkəmizdə gənc və yaşlı nəsillər, təcrübəli insanlar, bütün etnik qrupların və dinlərin nümayəndələri bir yumruq tək birləşib: "Qələbəmizin rəmzi olan "dəmir yumruq" gücümüzü, birliyimizi və həmrəyliyimizi nümayiş etdirir. Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar".

Sədaqət Vəliyeva onu da qeyd edib ki, Şuşanın azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir: "Müharibənin gedişində Prezident İlham Əliyev Şuşanın azad edilməsinə qarşı bütün təzyiqlərə mərdliklə sinə gərdi, əsl liderlik, mərdlik, cəsarət nümunəsi ortaya qoydu. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçilərinin xəyanət nəticəsində bir vaxtlar ağır məğlubiyyət yaşadığı Daşaltı kəndini azad edərək Şuşa şəhərini işğalçılardan təmizləməsi də yüksək diqqətə layiqdir. Xüsusilə də, Şuşa əməliyyatı beynəlxalq hərbi məktəblərin dərsliklərində yerini tapmağa layiq olan tarixi-hərbi hadisədir".

 

Millət vəkili deyib ki, uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı və bu hadisə Zəfər günü kimi tarixə düşdü: "Şuşa 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edildi. Lakin 28 il sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti ilə işğaldan azad edildi. Bununla da Xalq Cəbhəsi-Müsavat cütlüyünün, antimilli ünsürlərin xalqımızın, dövlətimizin adına gətirdikləri ləkə təmizləndi. Artıq Şuşanın dirçəldilməsi zamanı başlayıb. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən demişdi ki, əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu mənada, yaxın zamanlarda artıq planlı şəkildə Şuşanın bərpasına başlanacaq".

Mənbə: olaylar.az