Erməni lobbisi boş oturmur

Erməni lobbisi boş oturmur

Xaricdəki soydaşlarımıza dəstək planları hazırlanmalıdır

İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində hərbi-siyasi və psixoloji qələbə qazandı. Ən əsası isə erməni mifini yox etdi. Bütün bunlara baxmayaraq, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam etdirirlər.

Müharibədən sonra bu fəaliyyət daha da aktivləşib. ANCA erməni lobbisini məğlubiyyətin yaratdığı psixoloji gərginlikdən çıxarmaq üçün sanki revanşa başlayıb. Hazırda komitənin əsas şüarı budur: “İndi hərəkət edin: ABŞ-dan Türkiyə və Azərbaycana qarşı dərhal sanksiyaları tələb edin”.

Ermənilərin xarici ölkələrdəki fəallığını “Şərq”ə dəyərləndirən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, ANCA hər zaman Amerikanın siyasi elitası ilə işləyib və Azərbaycana, Türkiyəyə təzyiq göstərilməsinə çalışıb. Jurnalistin sözlərinə görə, təkcə bir faktı demək kifayətdir ki, müharibə zamanı ABŞ-ın 100-dən çox senatoru, konqresmeni Ankara və Bakıya yardımı dayandırmağa, sanksiya verməyə çağırış ediblər:

“Dünya erməniləri və ermənipərəst qüvvələr Komitəyə Ermənistandan daha çox inam və etimad göstərirlər. ANCA dünya ermənilərinin “lobbiçilik dövləti” hesab olunur. Buna görə bu separatçı qurumun fəaliyyəti daim nəzarətdə olmalı və onun planlarına qarşı cavab tədbirləri görülməlidir.

Erməni Komitəsi müxtəlif ölkələrdə Azərbaycan diaspor üzvlərinə də fərqli yollarla təzyiq edirlər. Təəssüf ki, adı demokratik cəmiyyət olsa da, İsveç Krallığında da soydaşlarımıza qarşı təzyiqlər başlayıb.

Ermənilər İsveçin Partille şəhər bələdiyyə məclisinin üzvünü, diaspora nümayəndəsi Turan Əliyevi və azərbaycanlıları İsveç mediasında “qatı millətçi”, “şovinist” kimi qələmə veriblər.

Turan Əliyevi Azərbaycanın qələbəsi ilə bağlı tədbirdə iştirak etdiyinə görə partiyaya şikayət ediblər. Bundan sonra həmyerlimizə təmsil olunduğu partiya rəhbərliyi tərəfindən töhmət verilib”.

F.Hüseynzadənin sözlərinə görə, bu kimi hal Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpura qarşı da yaşanıb:

“Ermənilər ona qarşı sosial mediada qarayaxma kampaniyası aparır və təmsil olunduğu Mühafizəkarlar Partiyasına şikayət ünvanlayırlar. Hətta onu ölümlə təhdid edirlər. Belə təzyiqlərə türk diaspora üzvləri də məruz qalırlar. Hesab edirəm ki, aidiyyəti qurumlara məlumat verilməli, xaricdəki soydaşlarımıza dəstək planları hazırlanmalıdır”.

Mənbə: sherg.az