Ankarada tarixi dəyişiklik müzakirəsi – Türkiyəni iki qüvvə idarə edəcək?

Ankarada tarixi dəyişiklik müzakirəsi –

“Ekonomim” qəzeti məlumat yayıb ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) respublikanın yarı-prezident idarəetmə formasına keçməsi məsələsini müzakirə edir.

“İslahatların bir hissəsi olaraq, təkmandatlı seçki sisteminə keçmək də təklif olunur. Bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələri tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşdə qaldırılıb”, – məlumatda deyilib.

Hələ ki hakimiyyət nəşrin iddialarına münasibət bildirməyib. Ərdoğan isə dəfələrlə respublikanın prezident idarəetmə formasından parlament sisteminə qayıtması polemikasını faydasız hesab etdiyini deyib. Bununla belə, dəyişən şərtlər və daxili vəziyyət kontekstində Türkiyənin yarı-prezident idarəetmə formasına keçməsi absurd görünmür.

Usta siyasətçinin usta gedişi…

Rəcəb Tayyib Ərdoğan təcrübəli və usta siyasətçidir. O, rəqiblərinin üzləşdiyi vəziyyətdən istifadə etməyi bacardığı kimi, düşdüyü çətin vəziyyətdən də eyni ustalıqla çıxmağı bacarır.

Türkiyə 2017-ci ildə keçirilən ümumxalq referendumunda konstitusiya dəyişikliklərini qəbul etdikdən sonra 2018-ci ildə prezident idarəetmə sisteminə keçdi. Bu, həmin dövr üçün Ərdoğanın hakimiyyətini qorumaq və qərarvermə mexanizmində əsas fiqur olmaq missiyasının məntiqi yekunu idi. Lakin aradan keçən səkkiz ildə Türkiyənin həm daxili siyasi vəziyyəti dəyişib, həm də iqtisadi problemlər dərinləşib. Ərdoğana qarşı ən çox istifadə olunan arqumentlərdən biri türk lirəsinin dəyərdən düşməsi, ölkənin xarici borcunun artması, eləcə də daxili bazarda qiymət artımının nəzarətə alına bilməməsidir. Məhz bu amillər də Ərdoğanı yarı-prezident idarəetmə formasına keçid barədə düşünməyə sövq edə bilər.

Yarı-prezident modeli nədir?

Yarı-prezident idarəetmə modeli mahiyyət etibarilə prezident və parlament sistemlərinin sintezidir. Bu modeldə prezident xalq tərəfindən seçilir və dövlət başçısı kimi mühüm siyasi legitimliyə malik olur. Lakin hökumətin gündəlik fəaliyyətini təkbaşına prezident deyil, baş nazir və Nazirlər Kabineti həyata keçirir. Baş nazir adətən parlament çoxluğunun dəstəyi ilə formalaşır və parlament qarşısında siyasi məsuliyyət daşıyır. Beləliklə, icra hakimiyyəti iki mərkəz arasında bölüşdürülür: biri birbaşa xalqın seçdiyi prezident, digəri isə parlamentin etimadını alan hökumət.

Əgər prezidentin siyasi düşərgəsi parlamentdə də çoxluğa sahibdirsə, o, daha güclü rol oynayır. Lakin parlament çoxluğu müxalifətə məxsus olduqda “kohabitasiya” adlanan vəziyyət yaranır. Belə hallarda prezident parlament çoxluğunun namizədini baş nazir təyin etməyə məcbur olur və daxili siyasətdə onun təsir imkanları məhdudlaşır. Bu da yarı-prezident sisteminin həm üstünlüyü, həm də mürəkkəb tərəfidir.

Ərdoğan üçün üstünlüklər

Bu modelə keçilərsə, prezidentin güclü siyasi mövqeyi qorunacaq. Ərdoğan hər halda öz hakimiyyətini zəiflətmək istəmir. Yeni sistem bu reallıq fonunda Ərdoğana müəyyən üstünlüklər yarada bilər:

Birincisi, hakimiyyət üzərindəki siyasi məsuliyyət bölüşdürülər. Hazırkı sistemdə iqtisadiyyat, inflyasiya və sosial problemlərlə bağlı əsas tənqidlərin hədəfi birbaşa prezidentdir. Yarı-prezident modelində isə gündəlik idarəetməni həyata keçirən baş nazir və hökumət parlament qarşısında cavabdeh olacağı üçün siyasi yükün bir hissəsi onların üzərinə keçər. Nəzərə alsaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özəl yeni siyasi partiya – “Yeni Partiya”nı elan edib və hazırda ana müxalifətdir, ehtimal olunan seçki qələbəsi halında Ərdoğan iqtisadi və sosial məsuliyyətin mühüm hissəsini CHP hökumətinin üzərinə yönəldə bilər.

İkinci mühüm məqam parlament çoxluğudur. Əgər həqiqətən də təkmandatlı seçki sistemi tətbiq olunarsa, bu, böyük partiyaların parlamentdə daha çox yer qazanmasına kömək edə bilər. AKP və müttəfiqləri üçün bu, daha sabit qanunverici çoxluq formalaşdırmaq imkanı yarada bilər. Belə olan halda prezidentlə parlament arasında koordinasiya asanlaşar. Yəni seçkilərdə AKP və müttəfiqləri üstünlüyünü qoruyub parlamentdə çoxluq əldə edərsə, bu zaman həm prezident, həm baş nazir, həm də parlament üzərində faktiki siyasi üstünlük formalaşdıra və istənilən qanunu qəbul etdirə bilərlər.

Üçüncü ehtimal isə siyasi davamlılıqdır. Ərdoğanın qarşısında duran əsas məsələlərdən biri yalnız öz prezidentliyi deyil, hakimiyyət komandasının uzunmüddətli siyasi mövqeyidir. Parlamenti daha güclü edən, lakin prezident institutunu da mühüm siyasi aktor kimi saxlayan model AKP-nin gələcəkdə hakimiyyətdə qalmasını asanlaşdıran mexanizm kimi qiymətləndirilə bilər.

turan rzayev 1 900x720 1

Turan Rzayev

Mənbə: globalinfo.az