İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ətrafında müzakirələr davam edir. Əksəriyyət bunu Tehranın Bakıya qarşı mənfi münasibətinin növbəti təzahürü hesab edir.
Bakı və Tehran arasında nə baş verir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bu yana İranla münasibətlər heç vaxt tam yaxşı olmayıb:
“Rəsmi Bakı Tehranla münasibətləri normal saxlamaq, iqtisadi əlaqələri inkişaf etdirmək istəsə də, İran öz düşmən mövqeyindən əl çəkməyib. Ümumiyyətlə, bu ölkədə Azərbaycanla bağlı birmənalı fikir yoxdur. Mühafizəkarlar, bəzi rəsmilər, deputatlar və SEPAH üzvləri Azərbaycana qarşı təhdid xarakterli mesajlar versələr də, digər qisim əməkdaşlıqdan yana olub. Vəziyyət bu gün də eynidir, dəyişən heç nə yoxdur”.
Politoloq qeyd edir ki, sabitliklik təmin olunsa da, İranda bəzi dairələr yenə də Azərbaycanı hədələyirlər:
“Hətta deyərdim ki, bu, hər il baş verir. İndi də İran AzTV-yə qarşı qərar qəbul edib. Bildirilir ki, AzTV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Bu addım atılanda demişdim ki, Azərbaycan tərəfi dərhal “Səhər” kanalı və “Mehr” xəbər agentliyinə qarşı sanksiya tətbiq etməlidir. Fikrimcə, İran kanallarına müsahibə verən Azərbaycan vətəndaşları da məsuliyyətə cəlb edilməlidir”.
Qeyd edək ki, Media İnkişafı Agentliyi İran tərəfinin addımına cavab olaraq bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir.
Turan Rzayev
Mənbə: globalinfo.az