Paşinyanın nə vaxt gedəcəyi, yerinə kimin gələcəyi artıq məlumdur: Bu barədə qərar Ermənistandan kənarda qəbul edilib

Ermənistan cəmiyyətindəki parçalanma bu ölkədə cərəyan edən siyasi proseslərə yeni istiqamətlər verib. Revanşist siyasi dairələr öz mövqelərini böyük sürətlə itirməyə başlayıb...
Ermənistanda hakimiyyət dəyişikliyində rəsmi Bakının siyasi iradəsi, Azərbaycanın atacağı geopolitik addımlar həlledici rol oynaya bilər. Çünki Ermənistanın siyasi səhnəsinə müdaxilə edə biləcək paytaxtların sırasında artıq Bakı da yer alır...
Böyük ehtimalla rəsmi Bakı Paşinyan hakimiyyətinin gələcək taleyi ilə bağlı konkret geopolitik maraqlarla yüklənmiş qərara artıq malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında həmin qərarın bəzi şifrələrini çözmək üçün ipucları tapmaq mümkündür...
Sosial şəbəkələrdə bəzilərinin mövcud situasiya barədə iddialarına diqqət etdikdə heyrətlənməmək mümkün deyil. Sanki hər şeyi qaralamaq, tarixi zəfərimizi gözdən salmaq, ölkənin və xalqın parlaq qələbəsindən qürur duyan vətəndaşların sevincini qursağında buraxmaq üçün əllərindən gələn hər şeyi edirlər. Sanki ölkədə pessimist əhval-ruhiyyə yaratmaq üçün bəhanə gəzirlər.
Əslində, elə bir bəhanələri də yoxdur. Ona görə də, "qara propoqanda"larının məzmununu bir qayda olaraq, uydurmaq məcburiyyətində qalırlar. Və bununla da, guya siyasət ilə məşğul olduqlarını düşünürlər.
Amma belə siyasət olmaz. Belə "qara propoqanda" kimsəyə siyasi divident çıxmaz. Çünki ortalıqda inkaredilməz reallıq var. Cəmisi 3 ay öncə - 26 sentyabr 2020-ci ildə Azərbaycan ərazilərinin 20 faizi işğal altında idi. İşğal altında olan torpaqlarımızda düşmən "yallı gedirdi". İndi "qara propoqanda" ilə məşğul olanlar da həmin tarixə qədər "Azərbaycanın ərazi bütövlüyünün bərpası yaxın vaxtlarda inandırıcı deyil" deyirdilər. Yəni Azərbaycanın belə bir qələbə qazanacağına inanmırdılar.
Ancaq fərq etməz. Onlar inansalar da, inanmasalar da nəhəng tarixi reallıq ortadadır. Azərbaycan dövləti və xalqı nur topu kimi parlaq tarixi zəfərə sahibdir. Bunu inkar etmək üçün bu ölkəyə düşmən olmaq lazımdır.
Halbuki, onlardan fərqli olaraq, xarici ölkələrin nüfuzlu hərbi ekspertləri Azərbaycanın qələbəsinin möhtəşəm olduğunu bildirirlər. Dünya dövlətlərinin hərbi strukturlarına örnək göstərirlər.
Məsələn, nüfuzlu rus hərbi ekspert İqor Korotçenko da İkinci Qarabağ savaşı və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı fikirlərini açıqlayıb: "Prezident İlham Əliyev müasir dövrün ən nəhəng siyasətçilərindəndir. O, öz xalqına verdiyi vədlərin hamısını yerinə yetirib. Azərbaycanın işğal altında olan ərazilərini azad edib, işğalçılar darmadağın olunub və qovulub".
İqor Korotçenkonun fikrincə, Prezident İlham Əliyevin Şuşa səfəri çox önəmlidir və simvolik xarakter daşıyır: "O, Şuşaya yalnız prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib. Çünki Şuşanın alınması 44 günlük savaşın həlledici mərhələsi idi. Məhz bundan sonra Ermənistan ordusunun müqavimət göstərməsinin əhəmiyyəti yox oldu və rəsmi İrəvan kapitulyasiya məcburiyyətində qaldı".
Rus hərbi ekspert hesab edir ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı Azərbaycanın hərbi strategiyasının triumfu və önəmli uğurudur. Çünki Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları bu şəhəri gecə çətin dağ-meşə ərazisini keçərək, küçə döyüşlərində özlərindən sayca üstün olan erməni qüvvələrini darmadağın etməklə alıb. Bu amansız döyüşlərdə erməni qüvvələri mövqelərini buraxıb, qaçmağa məcbur edilib. Müasir standartlara görə böyük önəm daşıyan bu hərbi əməliyyat onun detallarını araşdırmağa borclu olan tarixçiləri gözləyir .
Göründüyü kimi, Azərbaycanın hərbi zəfəri savaş mütəxəssislərində heyranlıq doğurur. Təhlil edirlər, örnək göstərirlər.
Hətta düşmən də Azərbaycanın tarixi zəfərini qəbul etdiyini artıq gizlətmir. Bir çox erməni hələ savaş başlamazdan öncəki dönəmlərdə Azərbaycanın nə vaxtsa qalib gələcəyinə, öz torpaqlarını mütləq işğaldan azad edəcəyinə inanırmış.
Buna əmin olmaq üçün Ermənistan baş naziri Nikol Paşinyanın köməkçisi Nairi Sarqsyanın əsgərlərin valideynləri ilə son görüşü zamanı dediklərinə diqqət etmək kifayətdir: “Erməni xalqı 30 il ərzində bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır”.
Əslində, baş nazir Nikol Paşinyanın köməkçisi ilə erməni əsgərlərin valideynləri demək olar ki, eyni mövqeyə malikdirlər. Onlar da “Oğullarımız yalnız Ermənistanın özündə xidmət etməlidirlər. Onların Qarabağda nə işi var? Başa düşməliyik ki, Qarabağ bizim deyil, biz Ermənistan vətəndaşlarıyıq. Bizim Qarabağla heç bir əlaqəmiz yoxdur. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" deyirlər.
Baş nazirin köməkçisi ilə görüşdə erməni əsgər valideynləri hakimiyyəti hədələməkdən də çəkinməyiblər. Onlar açıq şəkildə vurğulayıblar ki, əgər kimsə əsgərləri yenidən Qarabağa göndərməyə cəhd eləsə, o zaman onlar özləri övladlarına hərbi xidmətdən qaçmaqda yardım edəcəklər: "Uşaqları dünyaya ona görə gətirmirik ki, kimsə əlimizdən alıb, ölümə göndərsin”.
Əslində, bütün bunlar ermənilərin reallıqlarla barışmaq üzrə olduğunu göstərir. Onlar artıq bir daha Azərbaycan ilə savaşa girmək imkanlarına sahib olmadıqlarını anlayırlar.
Üstəlik, son vaxtlar bu reallığı cəmiyyətə açıq şəkildə təbliğ də edirlər. Çünki son vaxtlar Ermənistan cəmiyyətində məğlubiyyətlə barışmaq meyilləri güclənməyə başlayıb. Hətta yeni müharibə çağırışları ictimai qılmaqla qarşılanmaqdadır. Bu səbəbdən də, Ermənistan siyasi dairələri artıq öz hədəflərini bu reallığa uyğunlaşdırmağa üstünlük verirlər.
Hətta Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Azərbaycana qarşı revanşist çağırışların Ermənistan üçün olduqca ziyanlı olduğunu vurğulayıb: "İndi bəzi ekspertlər, ictimai xadimlər deyirlər ki, guya biz bir neçə ildən sonra daha güclü olacağıq, silahlanacağıq və öz qələbə payımızın ardınca gedəcəyik. Bağışlayın, mən bu fikri reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm, mənə barmaqla göstərsinlər ki, onlar bunu kimin 18 yaşlı oğlunun hesabına etmək istəyirlər…”
Görünən odur ki, Ermənistanda revanşist mövqe artıq məğlub olmaq üzrədir. Erməni millətçilərinin istehsal etdiyi xəyallar indi bu düşmən ölkənin cəmiyyətində rəğbətlə qarşılanmır. Və bu, erməni cəmiyyətinin parçalanması anlamına gəlir.
Ermənistanda hakimiyyət dəyişikliyinin fəal tərəfdarı, baş nazir postunu ələ keçirtmək üçün yeni müharibə çağırışları ilə diqqəti çəkən Vazgen Manukyan da parçalanma faktorundan məyusluğunu gizlədə bilmir. Ancaq o, bunun səbəbini indiki baş nazirin günahlarında axtarır. V.Manukyan hesab edir ki, N.Paşinyan hakimiyyətə gələrək, cəmiyyəti parçaladı, indikilər və əvvəlkilərə böldü.
Halbuki, baş nazir postu üçün dəridən-qabıqdan çıxan V.Manukyan da çox gözəl anlayırlar ki, erməni cəmiyyətinin parçalanmasının əsas səbəbi məhz Ermənistanın Azərbaycan qarşısındakı biabırçı məğlubiyyətidir. Bu məğlubiyyət Ermənistanda yeni reallıqlar yaradıb. Ermənistan cəmiyyəti ölkənin çökdüyünü və yeni savaş şansının olmadığını anlayıb. Belə bir savaşın Ermənistan üçün daha böyük fəlakətlərə yol aça biləcəyindən əmin olub.
Təbii ki, bu reallıq Ermənistanın siyasət məkanını da yenidən dizayn etməyə başlayıb. Belə ki, bundan sonra xarici düşmən faktoru - Azərbaycan qarşısı mübarizə manipulyasiyaları ilə hakimiyyətə gəlmək çətinləşib. Yəni, erməni cəmiyyəti yeni torpaqlar vəd edənlərə deyil, məhz daha yaxşı həyat şəraiti vəd edənlərə maraq göstərməyə başlayıb.
Cəmisi bir neçə həftə əvvəl Azərbaycan qarşı yeni müharibə vəd edən, yaz aylarında Ermənistanı hərbi qələbəyə aparacağını sayıqlayan V.Manukyanın da avazı indi dəyişib: "Ermənistanın Azərbaycanla müharibəyə ethiyacı olduğunu düşünmürəm. Ona görə də indi intiqam almaq, döyüşmək haqda düşünməyin mənası yoxdur. Müharibəyə başlamaq bizim üçün maraqlı deyil. Biz ağır vəziyyətdəyik".
Bütün bunlar onu göstərir ki, Ermənistan bundan sonra Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın geopolitik prioritetlərinə uyğun mövqe tutmaq məcburiyyətində qalan ölkəyə çevriləcək. Bu ölkədə hakimiyyət dəyişikliyində rəsmi Bakının siyasi iradəsi, Azərbaycanın atacağı geosiyasi addımlar həlledici rol oynaya bilər.
Yəni N.Paşinyan hakimiyyətdən nə vaxt gedəcəyi, onun yerinə kimin gələcəyi artıq Ermənistanda qərar veriləcək məsələlər sırasında deyil. Bu barədə qərar verə biləcək paytaxtları sırasında artıq Bakı da yer alır.
Böyük ehtimalla rəsmi Bakı Paşinyan hakimiyyətinin gələcək taleyi ilə bağlı konkret geopolitik maraqlara bağlı qərara artıq malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına diqqət etdikdə rəsmi Bakının bu barədə qərarının bəzi şifrələrini çözmək üçün ipucları tapmaq mümkündür.
Hələlik belə görünür ki, rəsmi Bakı baş nazir Nikol Paşinyanın bir müddət də hakimiyyətdə qalmasında maraqlıdır. Və bu, Ermənistanın Azərbaycandan asılı vəziyyətə düşməkdə olduğunu göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Sürücü maşını piyadaların üstünə sürdü - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Paşinyan son ümidini Baydenə bağlayıb – Ağ Ev ona “ikinci nəfəs”i verəcəkmi?