Paşinyan son ümidini Baydenə bağlayıb – Ağ Ev ona “ikinci nəfəs”i verəcəkmi?

Paşinyan son ümidini Baydenə bağlayıb – Ağ Ev ona “ikinci nəfəs”i verəcəkmi?

Ermənistan baş naziri Nikol Paşinyanın son məqaləsi erməni siyasi seqmenti və ekspert camiyəsində hələ də müzakirə olunmaqdadır. Baş nazirin arqumentləri ilə razılaşanlar da var, razılaşmayanlar da. Təbii ki, müxalifət ikincilərə aiddir.
Siyasi opponentlər N.Paşinyanı bu yolla müharibədəki kapitulyasiyaya görə məsuliyyəti əvvəlki hakimiyyətlərin üzərinə atmaqda suçlayırlar. Ən maraqlısı da odur ki, baş nazirin istefasını tələb edən müxalifətin özəyini elə əvvəlki hakimiyyətlərin təmsilçiləri təşkil edir. Aydın məsələdir ki, onlar cəmi 44 gündə Ermənistan ordusunun darmadağın edilməsinə görə yalnız “soroşçu” hökumət başçısını “günah keçisi” qismində görürlər.
Yada salaq ki, Nikol Paşinyan öz məqaləsində Rusiyanın “bostanına” da “daş atıb”. Sözündən belə çıxıb ki, hərbi məğlubiyyətə görə Moskva da cavabdehlik daşıyır, çünki o, İrəvana lazımi dəstəyi verməyib, konfliktin “ədalətli” (erməni versiyası üzrə) həllinə kömək eləməyib. Artıq rusiyalı həmsədr İqor Popov ittihamlarla bağlı rəsmi Moskvanın adından Paşinyana cavab verib.
Bəzi təhlilçilərə görə, Ermənistan rəhbəri Rusiyanı Qarabağ məsələsi ilə bağlı bu cür neqativ obrazda təqdim eləməklə həm də özü üçün sabaha “əl yeri” qoymaq istəyir, eyni zamanda, Qərbə mesaj göndərir və yeni “bazarlığa” hazır olduğunun anonsunu verir. Belədirmi?
“Ermənistanın baş naziri ABŞ-ın yeni prezidentinin hakimiyyətə gəlməsi ilə xarici siyasət arenasında “kontur-oyunlar”ın meydana çıxacağına ümid edir”.
Musavat.com-un məlumatına görə, bu sözləri “Sputnik Armeniya”ya erməni siyasi texnoloq Viqen Akopyan Nikol Paşinyanın məqaləsini və ona İqor Popovun cavabını şərh edərkən deyib.
“Baş nazir 4 yanvar tarixli məqaləsində bildirir ki, 1995-ci ildən 2018-ci ilədək - Ermənistanda hər hakimiyyət dəyişikliyi baş verdikdə Rusiyanın təkliflərinə əsaslanan Qarabağ danışıqların məntiqi sırf ərazilərin Azərbaycana təslim edilməsindən ibarət olub. Söhbət “bufer zonası” adlanan yeddi rayondan gedir. Azərbaycan tərəfdən hər hansı güzəştdən bəhs edilməyib, üstəlik, Bakı rəhbərliyi dəfələrlə Qarabağın Azərbaycan ərazi bütövlüyündən kənar heç bir statusu ilə razı olmayacağını söyləyib. Öz növbəsində İqor Popov bildirib ki, Rusiya heç vaxt Dağlıq Qarabağın statusunu unudaraq və qarşılığında heç nə olmadan 7 rayonun “elə-belə”” qaytarılması təklifi ilə çıxış eləməyib”, - deyə Akopyan qeyd edib.
Akopyanın sözlərinə görə, rəsmi Moskva Nikol Paşinyanın siyasi açıqlamalarında bəzi tendensiyaları fiksə etməyə başlayıb: “Bu açıqlamalarda Moskvanın rolu açıq mənfi fonda təqdim olunur. İkincisi, Kremlin yüksək diplomatik səviyyədə olan və konkret bir məmurun dilindən verdiyi reaksiya (cavab Xarici İşlər Nazirliyinin veb saytında yerlışdirilib), ondan xəbər verir ki, Nikol Paşinyanın regional proseslərdəki “yararlılıq müddəti” artıq sona çatmaqdadır. Əslində Rusiya bununla göstərmək istəyir ki, Paşinyanın Ermənistan hakimiyyətinin böyük uğursuzluğunu heç bir şəkildə Rusiya Federasiyasının istəkləri ilə birbaşa əlaqələndirə bilməz".
Siyasi texnoloq hesab edir ki, bu yerdə məhz “yararlılıq müddəti” ifadəsindən istifadə etmək məqsədəuyğundur: “Çünki Moskvada anlamamış deyillər ki, belə bir bəyanat baş nazirə qarşı mübarizəyə yeni stimul verməkdən ötrü müxalifət üçün yeni siyasi gündəm deməkdir”.
Paşinyanın məqaləsindəki anti-Rusiya aksentlərinin səbəblərinə gəlincə, Akopyan güman edir ki, bununla o, zamanı uzatmağa çalışır. “Əlbəttə ki, o, bölgənin əsas oyunçusunun Rusiya olması faktı ilə hesablaşır, amma yenə “illüziyalar” içindədir və ABŞ-da yeni prezidentin hakimiyyətə gəlməsini gözləyir” – erməni təhlilçi vurğulayıb.
Onun fikrincə, Paşinyan ümid edir ki, Bayden rəhbərliyi ABŞ-da hakimiyyətə gələndən sonra Paşinyan üçün “ikinci cəbhə” yaranacaq, Rusiya ilə bazarlıq da daxil olmaqla, “kontur-oyunlar” üçün imkanları açılacaq.

“Düşünürəm ki, baş nazir Qərbə (xüsusən də ABŞ-a) bəzi oyunlarda iştirak etməyə açıq olması barədə müəyyən mesajlar göndərir, müharibədən sonra Rusiya orbitində qalmağa məcbur olduğunu nümayiş etdirməyə çalışır. 11 yanvarda Moskvaya səfəri öncəsi onun Makrona zəng etməsinin səbəbi bu idi. Ondan sonra isə Fransa prezidenti də Putinə zəng etdi”, - deyə o xatırladıb.
Əlavə edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi 20 yanvara nəzərdə tutulub.
Siyasət şöbəsi,
Musavat.com

Mənbə: teref.az