İsrail ordusunun Livanın cənubunda “Hizbullah”a aid olduğu bildirilən mövqelərə artilleriya zərbələri endirməsi və yaşayış məntəqələrində həyata keçirdiyi əməliyyatlar regiondakı gərginliyi daha da artırıb. Hadisələr fonunda İranın Livandakı ən mühüm dayağı hesab olunan “Hizbullah”ın zəifləməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Belə bir ssenaridə Türkiyə Livanda diplomatik, siyasi və iqtisadi nüfuzunu artıra bilərmi? Ankaranın Suriyada olduğu kimi Livanda da sabitliyin təmin edilməsində rol oynaması mümkündür?
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İranın Livandakı təsir imkanlarının zəifləməsi Ankaraya yeni geosiyasi fürsətlər açır:
“Lakin Livan Suriyadan tamamilə fərqli siyasi və təhlükəsizlik mühitinə malik olduğu üçün Türkiyənin burada bənzər dominant rol oynaması çətindir.
Son aylarda İranın əsas dayağı olan “Hizbullah” hərbi və siyasi baxımdan ciddi təzyiqlərlə üzləşib. Suriyada Əsəd rejiminin süqutu nəticəsində Tehran-Beyrut quru dəhlizinin zəifləməsi, İsrailin davamlı əməliyyatları və Livan daxilində “Hizbullah”ın tənqid olunması İranın təsir imkanlarını xeyli məhdudlaşdırıb.
Bu şəraitdə Türkiyə diplomatik fəallığını artırır. Ankara Livan hökuməti ilə siyasi dialoqu genişləndirir, iqtisadi əməkdaşlıq, humanitar yardım, ticarət və təhlükəsizlik sahələrində iştirakını gücləndirməyə çalışır. Bununla yanaşı, Türkiyə Qətər, Səudiyyə Ərəbistanı və Misirlə birlikdə regionda yeni sabitlik platformasının formalaşdırılmasında maraqlıdır”.
Vüqar Zifəroğlu
Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, Türkiyənin Livanda aparıcı rolu üstlənməsi indiki məqamda real görünmür:
“Birincisi, Suriyada Türkiyənin birbaşa hərbi mövcudluğu və sərhəd üstünlüyü var idi. Livanda isə belə imkanlara malik deyil.
İkincisi, Livanın siyasi sistemi məzhəb kvotaları üzərində qurulub. Burada Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, İran, Qətər və digər regional oyunçuların maraqları üst-üstə düşür. Bu isə hər hansı bir dövlətin təkbaşına həlledici rol oynamasını çətinləşdirir.
Üçüncüsü, Livanın cənubunda təhlükəsizlik problemi hələ də tam aradan qalxmayıb. Hizbullahın silahlı potensialı tam ləğv edilməyib və İsraillə gərginlik davam edir. Bu amillər sabitləşmə prosesini mürəkkəbləşdirir”.
V.Zifəroğlu deyib ki, Türkiyə Livanda İranın boşalan təsir sahəsinin müəyyən hissəsini diplomatik, iqtisadi və humanitar vasitələrlə doldura bilər:
“Lakin Ankaranın məqsədi İranın yerini tam tutmaqdan daha çox, Livan dövlət institutlarını dəstəkləyən, regional balansı qoruyan və öz yumşaq gücünü artıran aktora çevrilməkdir. Livanın gələcək sabitliyi daha çox Türkiyə, Körfəz ölkələri, ABŞ və Fransa arasında koordinasiyalı əməkdaşlıqdan, eyni zamanda “Hizbullah”ın silahlı rolunun necə tənzimlənəcəyindən asılı olacaq”.
Turan Rzayev
Mənbə: globalinfo.az
