Türkiyə və Azərbaycandan düşmənə növbəti "Dəmir Yumruq" nümayişi...

Azərbaycan və Türkiyə arasında hərbi təlimlər, dövlətlər arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mütəmadi olaraq keçirilir. Ənənəvi olaraq keçirilən ikitərəfli təlimlərə “Qış təlimi”, “Erciyes”, “Anadolu Ulduzu”, “Anadolu Ankası”, “Kurtaran”, “Anadolu Qartalı”, “Mustafa Kemal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “Eternity”, “Turaz Qartalı” və “Qafqaz Qartalı” aid edilir.

Qış təlimi -2021

Türkiyə Müdafiə Nazirliyinin 17 yanvarda paylaşdığı məlumatda Azərbaycan hərbi qulliqçularından ibarət heyətin qardaş ölkəyə daxil olduğu məlum oldu. Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin bölmələrinin təlimləri sərt iqlimi ilə seçilən Kars şəhərində həyata keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin genişmiqyaslı “Qış təlimi-2021” fevral ayının 1-dən 12-nə qədər keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrini təlimlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təmsil edəcək. Təlimlərdə hər iki ölkənin xüsusi təyinatlı, kəşfiyyat, tank, artilleriya, snayper bölmələri və helikopterləri iştirak edəcək. Təlimdə iştirak edəcək Azərbaycan hərbi qulluqçuları təlimlərin başlanmasına 2 həftə qalmasına baxmayaraq, artıq Türkiyədədəir. Azərbaycandan olan şəxsi heyətin vaxtından əvvəl qardaş ölkəyə səfər etməsi, təlimlərin hazırlıq mərhələsinin də birgə həyata keçirilməsi ilə əlaqədar olduğu ehtimal edilir. İndiyə qədər bütün bu təlimlər TSQ-nin 9-cu Ordu Korpusunun tabeliyində olan briqadaların bazasında və onların qar örtüyü 1.5 metrə qədər çatan təlim poliqonlarında keçirilib. Bu dəfə də təlimlərin eyni ərazidə keçiriləcəyi gözlənilir.

Təlimlər daim Türkiyənin Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş qərargahının rəhbərliyi, qoşun konamdanları, təlimdə iştirak edən və digət tərəfdaş ölkələrin rəhbər heyətləri (attaşeləri) tərəfindən yerində və diqqətlə izlənilir. Təlimlərə iki qardaş ölkədən başqa, Pakistan, Banqladeş, Qazaxıstan, Bolqarıstan, İngiltərə, Ukrayna və s. kimi ölkələr əvvəldən ciddi maraq göstərir. Bu dəfə Polşa və Əfqanıstanın da müşahidəçi qismində təmsil olunması mümkündür.

Təlimlərdə ənənəvi olaraq Türkiyə müdafiə sənayesinin əldə etdiyi son məhsulların sərgisi də təşkil edilir.

Qarsda qalib Əsgərin qarşılanması Naxçıvandan təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnikalar yanvarın 17-də Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək Qars şəhərinə çatıblar. Qardaş ölkədə Vətən Müharibəsində Qələbə qazanan Azərbaycan Əsgəri böyük coşqu ilə qarşılanıb. Türkiyə vətəndaşları Əsgərlərimizi “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” olaraq çalışmaqda davam edəcəyik” şüarı səsləndiriblər.

Təlimlərin məqsədi

Hər iki ölkədən təlimə qatılan qərargahlar təhdidlərin aradan qaldırılması məqsədilə döyüş əməliyyatlarının birgə planlaşdırılmasında və hazırlanmasında qərargahların hazırlığına, bölmə komandirlərinin tapşırıqların icrası üçün döyüş niyyətinin təyin edilməsinə, tabeçilikdə olan bölmələrin tətbiqi ilə bağlı qərar qəbul edilməsinə ciddi diqqət yetiriləcəyi ehtimal edilir. Təlimlərdə Azərbaycan Ordusunun həm Tovuz hadisələri, həm də Vətən Müharibəsi zamanı qazandığı döyüş təcrübəsinin qardaş ölkənin və digər tərəfdaşlar ölkələrin hərbçiləri ilə paylaşması və bu təcrübə əsasında bölmələrin birgə döyüş atişları keçirəcəyi də gözlənilir. Azərbaycanın bu təlimlərə 2 həftə öncədən yola düşməsi də məhz yeni ssenarinin yuxarıda göstərilən təcrübə ilə uyğunlaşdırılması məqsədi daşıdığı ehtimal olunur.

Təlimlərdə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin edilməsi, silahlanmada mövcud olan, silahlanmaya yeni daxil olan və müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silah və sursatlarının, həmçinin hərbi nəqliyyat vasitələrinin texniki imkanları da sınaqdan keçiriləcək. Bundan başqa bölmələr dərin qar və şiddətli soyuq iqlim şəraitində həm atəşin idarə edilməsi, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində vərdişlərini inkişaf etdirəcəklər. Sərt iqlim şəraitində bəlmələrin ərazidə yerləşməsi, əlaltı vasitələrdən, o cümlədən qalın qar örtüyündən istifadə etməklə müşahidə məntəqələrinin, səngərlərin və sığınacaqların hazırlanması, atəş sisteminin qurulması, döyüş təminatının həyata keçirilməsi, texnikalara texniki xidmətin təşkili, şəxsi heyətin qorunması, onların maddi təminat məsələləri və s. təlimlərdə diqqət yetiriləcək əsas məqamlardan olacaq. Təlimlərdə axtarış-xilasetmə və antiterror əməliiyatları üzrə ssenarinin məşq edilməsi də günün tələblərinə uyğun gələ bilər.

Ümumilikdə təlimlər ən sərt şəraitdə qoşunların silah və döyüş qabiliyyətlərini sınaqdan keçirmək üçün real imkan yaradacaq. Təlimlər həm pilotlu və pilotsuz aviasiya, həm də artilleriya ilə fasiləsiz atəş dəstəyi şəraitində tank bölmələrin hücumu ilə bərabər hava yolu ilə düşmən arxasına desant çıxarılması, snayperlərin vacib düşmən hədəflərini maksimal məsafələrdə zərərsizləşdirilməsi, döyüş təminatının davamlı həyata keçirilməsi, düşmən müdafiəsinin darmadağın edilməsi ilə növbəti vəzifələrin yerinə yetirilməsi, maddi texniki təminata və şəxsi heyətin məişət şəraitinə aid fəaliyyətlərin davamlı həyata keçirilməsi və s. kimi aktual məsələlərin həm real ərazi və iqlim şərtlərində yerinə yetirilməsin, həm də yeni metodların və qeyri standart qərarların tətbiqi üçün geniş imkanlar yaradacaq.

Qış təliminin tarixi

Türkiyə ilə Azərbaycan arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq müstəqilliyimizin ilk illərinə təsadüf etsədə, birgə genişmiqyaslı təlimlərin keçirilməsi əsasən 2010-cu ildən geniş vüsət alıb. Bunlardan biridə iki ildən bir keçirilməsi nəzərdə tutulan “Qış təlimi”dir. İlk keçirildiyi illərdə 3 gün davam edən edən təlimlər artıq 2 həftə davam edir və bir neçə ölkənin fərqli qoşun növlərinin cəlb edilməsi ilə genişmiqyaslı xarakter daşıyır. Bu təlimlər birgə, ikitərəfli, real ərazidə və döyüş atəşi ilə keçirilir.

2012-cu ildə “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsdakı istehkamçı şəhid baş çavuş İlhan Hamlı təlim poliqonunda keçirildi. Təlimdə Türkiyənin quru, hava və xüsusi təyinatlı qüvvələrinin 2 min 177 nəfər şəxsi heyət qatılmışdı.

“Qış təlimi” adı altında keçirilən təlimlərin hədəflərinə bölmələrin sərt qış şəraitində döyüş vəzifələrini icra etməsi, silahların və texnikaların optimal tətbiqini araşdırılması, dağlıq ərazidə real arktik döyüş şəraitinin canlandırılması, bölmələrin həm döyüş, həm də manevr imkan imkanlarının sınaqdan keçirilməsi, şəxsi heyətin donvurmadan qorunması, iştirakçı ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin və sinxronlaşdırılmış fəaliyyət səviyyəsinin artırılması, şəxsi heyətin həyatda qalma tədbirlərinin icrası, ərazidə yerləşmə, qidalanmanın təşkili, geyim, qış şərtlərində təchizatı və istismarı kimi əsas məsələlərdə qoşunların hazırlanması və həyatda qalması aid edilir. Bu hədəflər ayrı ayrı sahələr üzrə yeni silah sistemlərinin tətbiqi ilə davamlı inkişaf etdirilir.

Üç gün davam edən “Qış təlimi-2012”-də komandirlərə qış şərtlərində qoşunlarını istiqamətləndirmək və idarə etmək, qoşunların hazırlığını yaxşılaşdırmaq və quru və hava qüvvələri qoşunlarının koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək məqsədlərinə nail olunmuşdu.

2014-cü ildə keçirilən “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsda yerləşən Akbaba təlim poliqonunda təşkil edilmişdi.

Fevralın 18-də başlayan təlimlərdə hər iki ölkənin bölmələri tərəfindən birgə döyüş atışları ilk dəfə həyata keçirilmişdi. Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər hərbçi qatılmışdı.

2015-cu ildə “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsda yerləşən Akbaba təlim poliqonunda keçirildi. Bu təlimdə minalanan ərazilərin raketlə atılan 400 kiloqram TNT partladılması ilə təmizlənməsi və 100 metr uzunluğunda və on metr enində keçidin açılması ilə yadda qaldı.

Tankların, topçuların və zirehli döyüş maşınlarının açılan ərazidən nəzarətli bir şəkildə keçməsini təmin edidi və hədəflər minaatan, top, tank, haubitsa və idarə olunan tank əleyhinə komplekslərin dəqiq atəşi ilə uğurla məhv edildi.

Döyüş zamanı yaralanan personal, qar qalınlığının 1.5 m olan ərazidən zirehli təcili yardım maşınları ilə təxliyə edildi. Əsir düşən şərti düşmənin əsir toplanma məntəqəsinə gətirilməsi də həyata keçirildi. Bu təlimdə Türkiyənin yerli MPT-76 tüfəngləri sərt arktik şəraitində ilk dəfə istifadə edildi.

2017-ci ildə “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsda yerləşən Akbaba təlim poliqonunda təşkil edilmişdi. Bu təlimlərdə iştirak edən 1378 nəfər şəxsi heyət tərəfindən 1281 ədəd müxtəlif çaplı silahdan atəş açılmışdı. Bu müxtəliflik təlimlərin unikallığından xəbər verir. Təlimlərdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı və Quru qoşunlarının Aviasiya Komandanlığının bölmələri də iştirak etmişdi.

Təlimlərin döyüş atışları zamanı ROKETSAN-ın lazerlə idarəolunan uzaq mənzilli L-UMTAS, CİRİT 2.75” və Vətən Müharibəsində düşmənin əsl qorxulu röyasına çevrilən MAM-L ağıllı raketləri sınaqdan keçirilərək hədəfləri tam dəqiqliklə məhv etmişdi.

2019-cu ildə keçirilən “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Komandanlığının rəhbərliyi və rəhbərliyi altında Qarsda istehkamçı şəhid baş çavuş İlhan Hamlı təlim poliqonunda keçirildi.

Bu təlimlərdə ilk dəfə maksimum sayda- 15 ölkə iştirak etdi.

Bu təlimlərdə Türkiyənin müdafiə sənayesinin nəhənglərindən olan AMAZON şirkəti ilk dəfə UKS zirehli avtomobilini ağ kamuflyajda, HITCH və KIRPI II avtomobillərini isə standart versiyada sərgi salonunda təqdim etdi.

Uzaqdan idarə olunan silah sisteminə sahib AMAZON UKS çox məqsədli zirehli vasitə daşıdığı personala minalara, ballistik və əl istehsalı partlayıcı maddələrə qarşı yüksək qorumanı təmin etdiyini təlimlərdə nümayiş etdirdi. Zirehli vasitə atomatik yanğın söndürmə sistemi, mərkəzi təkər doldurma, havasız təkərlə hərəkət, arxa görüntü kamerası, qaranlıq və kamuflyaj edilən işıqlanma (infraqırmızı) və s. kimi üstün xüsusiyyətləri ilə yadda qaldı.

Təlimlərin əhəmiyyəti

Təlimin keçiriləcəyi Qars rayonun ərazisi, Qarabağın şimalındakı işğaldan azad edilən rayonları və Naxçıvanın dağlıq əraziləri ilə oxşar olduğundandan, bu təlimlər Azərbaycan Ordusu üçün mühüm əhəmiyyətə kəsb edir.

Bu təlimlərin keçirilməsinin digər bir mənəvi əhəmiyyəti də mövcuddur. Bilirik ki, 106 il əvvəl bu gün keçirilən təlim zonasına yaxında yerləşən Sarıqamış hərəkatında 90 min türk, 1993-cü ilin sonu- 1994-cü ilin əvvəllərində isə cəmi 50 gün erməni taptağından azad edilən Kəlbəcərdə yüzlərlə Azərbaycan Əsgəri şəhid oldu. Onların çoxu məhz soyuq iqlim şəraitində donvurma səbəbindən həyatları ilə vidalaşmalı olmuşdu. Bu təlim isə baş verən ağrılı acılı hadisələri və qəhrəman şəhidlərimizi unutmadığımızı, tariximizin acı dərslərindən zəruri nəticələr çıxardığımızı da göstərir. Əslində bu təlim böyük türk millətinin, qəhrəman türk Əsgərinin şəhidlərimiz qarşısında bir vəfa borcudur.

Qarabağda Qələbə əldə edilsədə, hələlik nə Qarabağın mərkəzi rayonlarından silahlı ermənilər çıxarılıb, nə erməni revanşistlər tərəfindən səslənən absurd bəyanatlarının ardı arası kəsilməyib, nə erməni terrorçuların Hadrut və Xocavənd istiqamətində xain hücumlarına son verilməyib, nə də münaqişə tərəfləri arasında sulh müqaviləsi imzalanmayıb. Döyüş əməliyyatlarının aktiv fazası müəyyən mənada bitmiş hesab edilsədə, münaqişə fərqli formatda davam etməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın real döyüş əməliyyatlar teatrında, həm də Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bu təlimlərdə iştirak etməsi mühüm hərbi-siyasi əhəmiyyət daşıyır. Bu ilk növbədə Qarabağda iştirakını artırmağa meyilli olan sülhməramlılara verilən bir ismarıcdır. İkincisi, bu təlimlər düşmən ordusunun maksimum komplektləşdirilməsi zamanı ilk əks hücum zərbəsindən sonra 20 km enində yarılan cəbhəni unudan erməni revanşistlərə “Dəmir Yumruğun” istənilən çoğrafi ərazidə, istənilən iqlimdə, gecə və gündüzün istənilən anında döyüşə hazır, həm də düşmənin çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir.

Təlimlərdə xüsusi təyinatlıların müxtəlif üsullarla, o cümlədən hava yolu ilə düşmən arxasına çıxarılması, terror ocaqlarının məhv edilməsi, vacib obyektləri (əraziləri) əsas qüvvələrin gəlməsinə qədər əldə saxlanılması, düşmən ehtiyatlarının döyüşə daxil edilməsinin qarşısının alınması məqsədilə artilleriya atəşinin tənzimlənməsi kimi fəaliyyətlər fərqli ssenarilər üzərində məşq ediləcək. Bu isə Azərbaycan və Türkiyə ilə Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə, xüsusən də Ermənistandakı döyüş zamanı kolda-kosda gizlənən revanşistlərə verilə biləcək ən təsirli siqnal olacaq.

 

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda həftəsonu qəzalarda 5 nəfər ölüb

SONRAKI XƏBƏR

Məşhur futbolçunun arvadı qarın içində soyundu