Kürdüstan Fəhlə Partiyasının (PKK) aradan qaldırılması üçün Türkiyədə başlanan prosesin bir hissəsi olaraq, uzun müddətdir üzərində işlənildiyi qanun layihəsi son mərhələyə çatıb.
Haqqın.az-a istinadən xəbər verilir ki, sənədin Türkiyə parlamenti tərəfindən qəbul edilməsi və PKK-nın tamamilə silahsızlaşdırılmasından sonra təşkilat üzvlərinin hüquqi statusu müəyyənləşdiriləcək.
Həftənin sonuna qədər hakim Ədalət və İnkişaf Partiyası (AKP) qanun layihəsini tamamlamağı və parlamentə təqdim etməzdən əvvəl digər siyasi partiyalarla məsləhətləşmələr aparmağı planlaşdırır.
Layihədə PKK-nın tərksilah edilməsinin təsdiqi, istintaq və məhkəmə proseslərinin aparılması prosedurları, hökmlərin icrası prinsiplərini və nəzarət mexanizmlərini tənzimləyən müddəalar yer alacaq.
PKK-nın tərksilah edilməsinin yekun təsdiqi Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Müdafiə Nazirliyinin rəyindən sonra müəyyən ediləcək. Bu kontekstdə təhlükəsizlik qüvvələrinin və müvafiq nazirliklərin nümayəndələrindən ibarət koordinasiya şurası, habelə, Parlament sədrinin yanında parlament üzvlərindən ibarət Monitorinq Qrupunun yaradılması planlaşdırılır.
PKK üzvlərinə müəyyən bir müddət məhdudiyyəti tətbiq olunacaq. Qanundan faydalanmaqla onların ölkəyə qayıtmaq və təslim olmaq üçün bir il vaxtı olacaq. İlkin mərhələdə təxminən 5000 PKK üzvünün qanundan faydalanacağı proqnozlaşdırılır. Qanun layihəsində həmçinin təşkilatın üzvü olsa da, konkret terror fəaliyyətində iştirak etməyən, sadəcə PKK-nın təbliğatı ilə məşğul olan şəxslər üçün polis nəzarəti altında 3 il müddətinə şərti azadlığa buraxılma müddəaları da yer alıb.
Mənbələr bildirir ki, qanun layihəsində PKK-nın beynəlxalq terror təşkilatları siyahısından çıxarılması ilə bağlı heç bir müddəa yoxdur.
Burada həmçinin Mərmərə dənizindəki İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın hüquqi statusu da müzakirə olunmayacaq. Çünki qanun layihəsi nə əfv, nə də amnistiyadır.
Qeyd edək ki, "Terrorsuz Türkiyə" prosesinə 2024-cü ildə MHP lideri Dövlət Baxçalının çağırışından sonra başladılıb.
Rüfət Sultan
Mənbə: www.bakupost.az