Bu mesajı Şuşadan vermək Ermənistana siyasi, informativ zərbədir - Şərh

Bu mesajı Şuşadan vermək Ermənistana siyasi, informativ zərbədir - Şərh

 

Cənab Prezident artıq 3-cü dəfədir ki, işğaldan azad edilən torpaqlarımıza səfər edir. Bu səfərlərin hər biri əhəmiyyətlidir. Dövlət rəhbəri azad olunmuş ərazilərə səfər etməklə bir daha dünyaya bu torpaqların mənsubiyətini nümayiş etdirir. Bu ərazilər azərbaycanlıların torpağıdır. Azərbaycanlılar öz doğma tarixi torpaqlarına qayıdıb. Ona görə də bu səfərlər çox mühüm mesajı ehtiva edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, cənab Prezident işğaldan azad olunmuş ərazilərə səfər edərkən eyni zamanda orada informasiya mübarizəsinin komponentlərini yaradır:

“Əyani şəkildə Ali Baş Komandan birbaşa erməni vandalizmini dünyaya nümayiş etdirir. Bu da olduqca vacib məsələdir. Son illərə qədər ermənilər dünya ictimaiyyətinin çaşdırılması istiqamətində xeyli irəli getmişdilər. Reallıqları təhrif etmək yolu ilə onlar özləri haqqında sanki məzlum obraz yaratmışdılar. Azərbaycanlıların isə aqressiv bir obrazını formalaşdırmağa çalışırdılar. Amma indi vəziyyət köklü şəkildə dəyişdi. Azərbaycan münaqişə haqqında obyektiv fikir formalaşdırmağa nail olub. Dünya ictimaiyyəti münaqişənin tənzimlənməsinin mümkünlüyünü yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gördü. Bu, Azərbaycanın formalaşdırdığı ən mühüm reallıqdır. Yeni bir reallığın formalaşdırılması Prezident İlham Əliyevin təkrarsız strategiyası ilə bağlıdır”.

Millət vəkilinin fikrincə, azad edilmiş ərazilərdə erməni vandalizmini cənab Prezident dünya ictimaiyyətinə çox yüksək səviyyədə çatdırır:

“Ermənilərin xisləti, xalq olaraq mahiyyəti haqqında dünya xalqlarında açıq təsəvvürlər yaranır. Ermənilərin gələcəkdə saxta informasiya yaymaq imkanları məhdudlaşır. Erməni vandalizmi, separatizmi, işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətində çox aydın bir təsəvvür yaranıb. Bundan sonra saxta erməni maşını işləyə bilməyəcək. Bu birmənalıdır. Sözsüz ki, bu istiqamətdə fəaliyyət cəhdləri olacaq. Onun təsiri çox cüzi və hiss edilməyəcək”.

Elşad Mirbəşiroğlu cənab Prezidentin Şuşaya səfərinin bir çox mənalarda strateji əhəmiyyətindən bəhs edib:

“44 günlük Vətən müharibəsi məhz Şuşanın azad olunması zəfəri ilə sona çatdı. Şuşa azad edildikdən sonra Ermənistan kapituliyasiya aktına imza atdı. Ermənistan mövcudluğunu qorumaq üçün bu sənədi imzaladı. Şuşanın işğaldan azad olunduğu gün düşmən Azərbaycan Ordusunun əsl gücünü gördü. Ona görə də cənab Prezidentin Şuşaya səfəri növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan öz torpaqlarına tam sahibdir. Hətta Ali Baş Komandan Şuşada "Ermənilər gəlsinlər, görüm, necə gəlirlər, onlar çox yaxındadırlar”, - deməklə açıq mesaj verdi. Dövlət rəhbərinin bu əminliyi ona dəlalət edir ki, təhlükəsizliyi Azərbaycan tam şəkildə təmin edib. Ermənilərin artıq revanşist xulyalarına da son qoyuldu. 44 günlük müharibəni unutmamaq, Dəmir yumruğun yerində olduğu mesajını məhz Şuşadan vermək Ermənistana növbəti siyasi, informativ bir zərbədir”.

Deputat cənab Prezidentin Şuşanı unikal bir formada təsvir etməsinə də toxunub:

“Ali Baş Komandan Şuşa səfərində dünyaya bir daha mesaj verdi ki, bu Azərbaycanın tarixi ərazisidir. Heç bir şərtlə Azərbaycan öz torpaqlarından imtina etməyəcək. Eyni zamanda Şuşadan region üçün də mühüm inkişafla bağlı konsepsiyanın anonsu edildi”.

 

Mənbə: teleqraf.com