Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA

Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA

Bu gün səsləndirilən təkliflərdən biri də şəhid ailələrinə və qazilərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququnun vrilməsidir. Ümumiyyətlə Azərbaycanda şəhid ailələrinə və qazilərə bir çox güzəştlər mövcuddur. Şəhid ailələrinə və qazilərə ictimai nəqliyyat pulsuz ola bilərmi?

Bununla bağlı Sonxeber.az-ın suallarını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət tərəfindən yüksək qayğı göstərilir:

"Bu gün daha çox diqqət göstərilən kateqoriya şəhid ailələri və qazilərimizdir. Dövlət bunun üçün lazım olan bütün addımları atır. Şəhid ailələrinə verilən təqaüdün 500 manata qaldırılması, evlərlə təmin edilməsi kimi bütün gərəkli işlər görüləcək. İmtiyaz məsələsinə gəldikdə isə, bilirsiniz, zamanında müəyyən kateqoriyadan olan insanlara bu cür imtiyazlar verilmişdi. Sonrakı dövrlərdə o imtiyazlar ləğv olundu. Şəhid ailələrinin və qazilərin ictimai nəqliyyatdan pulsuz istifadə məsələsinə də baxıla bilər. Əlbəttə, bunun üçün aidiyyəti qurumların qərarları olmalıdır. Amma unutmamalıyıq ki, ictimai nəqliyyatda özəl sektorun da payı var. Yəni burada dövlətlə yanaşı, sahibkarlar da rol oynayırlar. Əlbəttə ki, bu qərar qəbul edilərkən sahibkarların marağı və razılığı nəzərə alınmalıdır. Bu məsələ, düşünürəm ki, müzakirə oluna bilər. Dünyanın ayrı-ayrı ölkələrində bu kimi imtiyazlar var. Təbii ki, burada iqtisadi məsələlər, bu sahədə çalışan sahibkarların da istəyi xüsusi rol oynayır".

Deputat Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu sahəsinə hər zaman yüksək səviyyədə diqqət ayrılıb:

"Cənab Prezident də çıxışında xüsusi vurğulayıb ki, ordu sahəsində daha vacib əməli tədbirlər görüləcək. Hərbçilərə xüsusi qayğı göstərilir. "Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərara əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində və digər şəhər və rayonlarda şərti maliyyə vahidi miqdarında kompensasiya ödənilir, həmçinin, ərzaq pulu da verilir. Bəzi bölmələrə, daha dəqiq desək tank, hava hücumundan müdafiə kimi sahələrdə xidmət göstərən hərbçilərə "tüstü pulu" deyilən bir məvacib də ayrılır. Düşünürəm ki, artıq nəinki Azərbaycan, dünya ölkələri də hərbi xərclərini artırır. Çünki günümüzün reallığı bunu tələb edir. Böyük Britaniya və Almaniya 2021-ci ilin büdcəsində əsas diqqətin hərbiyə ayrılacağını elan edib. Fikrimcə, yerində atılmış addımdır. Ölkəmizdə hərbçilər üçün əlavə nəqliyyat xərcinin qarşılanması da qalib ordunun nümayəndələrinə yerində qayğı olardı".

Mənbə: sonxeber.az