Rusiya sülhməramlılarının fəaliyyəti: BİR “qırmızı xətt” VAR Kİ...

Rusiya sülhməramlılarının fəaliyyəti: BİR “qırmızı xətt” VAR Kİ...

“İndi biz 30 il öncəkindən fərqli Rusiya ilə üz-üzəyik. Hətta deyərdim ki, bu dəfə üz-üzədən daha çox, yan-yanayıq. Həm də Türkiyə ilə birlikdə Rusiya ilə yeni layihənin içindəyik”.

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu layihənin uğuru bəlkə də bizdən və Türkiyədən daha çox Rusiyaya lazımdır:

“Regionun hərbi cəhətdən qaynar olması yerinə, iqtisadi cəhətdən qaynar xarakter alması daha çox Rusiyaya sərf edir. Ona görə də ilkin mərhələdə Rusiya sülhməramlıları fəaliyyət trayektoriyasını dəqiqləşdirməyə diqqət yetirir. İlk vaxtlar onların ermənilərin etimadını qazanmaq üçün müəyyən jestlər etməsi anlaşılandır. Ancaq bir “qırmızı xətt” var ki, oradan artıq böyük bir layihənin pozulması başlaya bilər.

İnanmıram ki, ruslar bu dəfə qarşılarına çıxan fürsəti erməni maraqları üçün boşa çıxarsınlar.

Burada sülhməramlı olaraq Rusiyanın başqa bölgələrdəki korlanmış imicinin bərpasından və regiona iqtisadi maraqlar baxımından uğurlu qayıdışından imtinanı nəzərdə tuturam. Azərbaycan öz maraqlarını Rusiya ilə açıq dialoqda bəyan etməlidir, eyni zamanda Türkiyənin də maraqlarını qətiyyətlə qorumalıdır. Ancaq bütün bunlardan öncə bölgədə ağıllı və sistemli məskunlaşmanı gecikdirməməliyik.

Biz Qarabağ üçün doğru idarəetmə anlayışına və doğru kadr bankına sahib olsaq, nə sülhməramlılar, nə də ki, ermənilər bizim mənafelərimizə qarşı narahatedici addımlar ata bilərlər”.

Mənbə: redaktor.az