Səfir Həsən Məmmədzadə Tacikistan Ali Məclisinin komitə sədri ilə görüşüb

Səfir Həsən Məmmədzadə Tacikistan Ali Məclisinin komitə sədri ilə görüşüb

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr, ictimai birliklər və informasiya Komitəsinin sədri Saidmurod Fattoxzoda və Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Camşed Murtazazoda arasında görüş keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Tacikistan tərəfi ötən ilin 12 iyul və 27 sentyabr tarixlərində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə məlumatlandırılıb, Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü və uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyi vurğulanıb və nəticə olaraq 30 ilə yaxın işğal altında olan ərazilərin azad edildiyi qeyd olunub.

Görüşdə həmçinin ATƏT, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında iqtisadi-ticari münasibətlərin hazırkı səviyyəsi, inkişaf etdirilməsi yolları və qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər müzakirə edilib, Bakı-Düşənbə aviareysinin açılması imkanlarına, eləcə də müxtəlif sahələrdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Mənbə: apa.az