Heykəllər bizi bağışladımı?..

Heykəllər bizi bağışladımı?..

 

Hüseynbala Səlimov

Həyatda hər şeyə nail olmaq mümkündür. Yetər ki, bunu lap çox, ürəkdən istəyəsən. Nəyisə çox istəyəndə isə bunun yolunu da tapırsan, zəruri olan gücü, enerjini də.

Daim eşitdiyimiz bu olubdu ki, guya tarix təkrarlanmır. Amma bizim qeyri–determinist, kvant məzmunlu dünyada bu fikri də şübhə altına almaq lazım gəlir. Mən buna bir daha bu günlərdə əmin oldum. Bəli, bir neçə il bundan əvvəl Dağlıq Qarabağdan, daha doğrusu, Şuşadan güllələnmiş heykəlləri-büstləri gətirmişdilər Bakıya. Nə gizlədək, o vaxt çoxumuza elə gəlirdi ki, bu büstlər Şuşanı tərk edən və bir daha ora qayıtmayacaq, dönməyəcək ən sonuncu sakinlərdir.

Burada onu da deyim ki, dövlət və hökumət adamları ən ağır məqamlarda belə optimist görünməyə borcludurlar. Təəssüf ki, jurnalistlərin və politoloqların belə bir öhdəliyi yoxdur və bu illər ərzində Dağlıq Qarabağ mövzusunda nikbin, optimist yazılardan qat-qat çox mərsiyyə xarakterli yazılar oxumuşduq, hamısı olmasa da, yazarların bir qismi hamıdan çoxbilmiş çıxıb bizi qandırmağa çalışırdılar ki, guya biz Qarabağı birdəfəlik itirmişik və hətta onun qaytarılması xəyallarda belə mümkün deyildir...

Doğrusu, çox, olduqca çətin idi. Hamının lağa qoyduğu Minsk Qrupunun tənbəl çabalarını izləmək və təhlil etmək, Ermənistan-Rusiya münasibətlərini daim diqqətdə saxlamaq, Ermənistanı gücdən salacaq və çökdürəcək qeyri-hərbi addımları araşdırmaq, regional siyasətə baş vurmaq, bizim nə vaxt və hansı təzyiq vasitələrinə müraciət edəcəyimizi müəyyən etmək, düşmənə sülhəməcburetmə tədbirləri tətbiq etmək, ona qarşı sülhün şərtlərini qəbul etdirməkçün hansı təzyiqləri həyata keçirməyin lazım olduğunu araşdırmaq - əslində bütün bunlar bir böyük institutun görə biləcəyi işlərdir, amma illərlə biz bunları addım-addım çözdük və diplomatlarımız nəhayət ki, substantiv danışıqlar haqqında danışmağa başlayanda ardıcıl olaraq bununçün sülhəməcburetmə tədbirlərinin zəruri olduğunu dedik və əgər bunu etsək, dünya birliyinin bizə heç nə deməyəcəyini (biz dörd qətnaməni, Madrid və Kazan prinsiplərini həyata keçirmişik!), yalnız və yalnız Rusiyanın qismən də olsa, neytrallığını təmin etməyin zəruri olduğunu qeyd etməyə çalışdıq...

Bəli, bunlar artıq arxadadır. Bir keçmişdir. Bu gün on illər bundan öncə möcüzə, fantastika kimi görünən işlər baş verir: azad olunmuş ərazilərdə bayrağımız ucalır, güllələnmiş heykəllər öz əvvəlki yerlərinə, yenidən Şaşaya qayıdır. Amma dilimizin ucunda bir sual qalıb: Heykəllər bizim günahlarımızdan keçdimi?..

Hər halda, ümidliyik. Amma elə etmək lazımdır ki, bir də heç kim onları öz yerindən etməsin, onları narahat etməsin. O halda ümid etmək olar ki, biz bu heykəllərin gözünün içinə düz baxa biləcəyik.

Əlbəttə, proses hələ tamam bitməyib, görəcəyimiz işlər çoxdur. Görək, Rusiya sülhməramlıları ilə işləyə biləcəyikmi? Onlar, Rusiya hərbçiləri, ötən əsrin səksəninci illərində olduğu kimi, yenidən erməniləri bizə qarşı hazırlamayacaqlar ki?

Şəxsən biz Dağlıq Qarabağ ermənilərinin hüquqi identifikasiya məsələləri həll olunmayınca, Dağlıq Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımayınca, Azərbaycan vətəndaşlığını qəbul etməyincə rahat ola bilmərik və "problem həll oldu” deyə bilmərik, çünki Rusiyanın digər bölgələrdəki "sülhpərvərlik missiyası” haqda müəyyən təsəvvürlərimiz var və inanmırıq ki, ruslar burada guya sahman yaradandan sonra, bəli, beş ildən sonra durub sakitcə buraları tərk edəcəklər – doğrusu, buna heç inanmağımız gəlmir.

Amma o da var ki, artıq ötən əsrin səksəninci illəri deyil, ordumuz, dövlətimiz, Türkiyə kimi dostumuz və müttəfiqimiz var. Yeri gəlmiş, Türkiyənin Azərbaycanda güclənməsi Kremli çox əndişələndirir, amma buna məhəl qoymamalıyıq, çünki öz təhlükəsizliyimizi təmin etməkçün nə etmək lazım gəldiyini hamıdan yaxşı özümüz bilirik...

 

Mənbə: qaynarinfo.az