“Yəqin, Qarabağa qayıdacaq keçmiş köçkünlərə güzəştlər bir neçə il də saxlanılacaq…”

“Yəqin, Qarabağa qayıdacaq keçmiş köçkünlərə güzəştlər bir neçə il də saxlanılacaq…”

"Büdcə təşkilatlarında çalışanların maaşlarına digər regionlardan fərqli müəyyən əlavələr olunması və s. məsələlərlə bağlı da, güman ki, tezliklə dövlətimiz tərəfindən addımlar atılacaq..."

"Böyük Qayıdış proqramında nəzərdə tutulmuş bütün məsələlər işğaldan azad olunmuş digər bölgələr kimi bütövlükdə Laçın rayonuna da şamil edilir..."

Milli Məclisin Laçın rayonundan deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə ilə 44 günlük müzəffər Vətən savaşından sonrakı ilk görüşümüzdə öncə onu torpaqlarımızın, o cümlədən doğma Laçın rayonu və doğulub boya-başa çatdığı Güləbird kəndinin də işğaldan azad olunması münasibətilə təbrik etdik...

Parlament üzvü Moderator.az-a müsahibəsində işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış proqramı, həmin proqramın həyata keçirilməsi qarşısındakı çətinliklər, Milli Məclisdə bu istiqamətdə görülmüş və gözlənilən işlər, konkret olaraq Laçın rayonuna qayıdışla bağlı problemlərdən və s. bəhs edib.

-Mahir müəllim, işğaldan azad torpaqlarımıza Böyük Qayıdış proqramının həyata keçirilməsi üçün atılan ilkin addımlar haqda hansı məlumatınız var?

-Məlumdur ki, qəsbkar erməni vandalları 30 ilə yaxın müddətdə işğal etdikləri bütün bölgələrdə mənfi mənada nəyi bacarıblarsa, həyata keçiriblər. Yəni bütün yaşayış məntəqələri, şəhərlər, kəndlər viranəliyə çevrilib. Bütün ən zəruri infrastruktur, sosial və mədəni obyektlər, kommunikasiya, yollar tamamilə yerlə-yeksan edilib. Bir sözlə, normal insan yaşayışı üçün zəruri olan hər bir şey məhv olunub. Bunlara rəğmən Vətən müharibəsindəki Zəfərimizdən sonra cənab Prezidentin rəhbərliyi altında xalqımızın tarixi əbədi-əzəli torpaqlarına qayıdaraq orada xoşbəxt bir həyata qovuşması məqsədilə bir neçə komissiyalar yaradılıb və fəaliyyət göstərir. Və belə bir xüsusi bir komissiya işğal nəticəsində Ermənistan tərəfindən bütün sahələr üzrə Azərbaycana vurulmuş ziyanın hesablanmasıyla məşğuldur. Çünki müharibədən sonrakı dönəmdə işğalçı və məğlub tərəf olaraq Ermənistan rəsmən on illərlə torpaqlarını işğala məruz qoyduğu Azərbaycan dövlətinə vurduğu zərərlər müqabilində külli miqdarda təzminat ödəməlidir. Və bununla bağlı məhkəmə proseslərində Azərbaycan tərəfi konkret rəqəmlər təqdim etməlidir. Artıq minalanmış sahələr istisna olmaqla, işğaldan azad edilmiş əksər ərazilərimizdə bu istiqamətdə ilkin hesablamalar aparılıbdır. Bu, görüləcək işlərin birinci mərhələsinə aid məsələdir. İkinci mərhələdə digər əsas bir məsələ bəhs edilən ərazilərdə kommunikasiyaların, yolların bərpa olunmasıdır. Cənab Prezidentin rəhbərliyi altında Türkiyə və İtaliya şirkətləri ilə müvafiq müqavilələr bağlanıb. Və artıq Prezidentin Ehtiyat fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir. Üçüncü mərhələdə işğaldan azad ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin tikilməsi və eyni zamanda ilkin biznes sahələrinin qurulması, dördüncü mərhələdə isə bütövlükdə həmin regionun Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çevrilməsi vəzifəsi dayanır. Yəni dövlətimiz artıq birinci mərhələni başa çatdırmaq ərəfəsindədir, ikinci mərhələyə isə start verilib...

Onu da diqqətə çatdırım ki, işğaldan azad ərazilərin bərpası üçün Prezidentin tapşırığıyla ilkin olaraq 2,2 mlrd. manat vəsait ayrılıb. Bu, indiyədək dövlət büdcəsində indiyədək görünməmiş bir xərc maddəsi yer alıb...

-Böyük Qayıdış yolunda əsas çətinliklər hansılardır?

-Birincisi, öncə qeyd etdiyimiz kimi, sözügedən ərazilər işğalçı ermənilər tərəfindən tamamilə darmadağın edilib. Ikincisi, ərazilərin əksər hissələri minalanıb. Və müharibə qanunlarına görə, məğlub tərəfin minalanmış sahələrin xəritələrini təqdim etməli olmasına rəğmən, təəssüf ki, Ermənistan həmin xəritələri bu günədək təqdim etməyib. Amma Azərbaycan tərəfi artıq öz gücü və qonşu ölkələrin: Türkiyə və Rusiyanın köməyi ilə minaların təmizlənməsi prosesini başladıb. Düzdür, bir sıra digər işlərə başlansa da, minalanma məsələsi insanların öz doğma yurdlarına qayıtması işini ləngidən əsas problemdir. Burada ilk növbədə insan həyatından söhbət gedir. Məlum olduğu kimi, 10 Noyabr razılaşmasından bəri işğaldan azad ərazilərimizdə dəfələrlə həm hərbi, həm də mülki vətəndaşlarımızın həlak olmasıyla nəticələnmiş mina partlayışları baş verib. Odur ki, minalı sahələrin təmizlənməsi vacib bir problemdir. Ancaq hesab edirəm ki, digər çətinliklər zaman-zaman öz həllini tapacaq. Və Azərbaycan dövlətinin gücü sayəsində biz tezliklə insanlarımızın Qarabağ torpaqlarına əsl mənada qayıdışını təmin edə biləcəyik...

-Milli Məclisdə Böyük Qayıdışla bağlı hansısa bir qanunun hazırlanması və qəbulu gözlənilirmi?

-Parlamentdə dövlət büdcəsi ilə bağlı son müzakirələr zamanı deputatların Böyük Qayıdış proqramı üçün ayrılan vəsaitin dəstəklənməsi və bundan sonra da eyni məqsədlə vəsaitlərin ayrılması haqda yetəri qədər təklifləri oldu. Onu da qeyd edim ki, digər rayon deputatları məhz Böyük Qayıdışı nəzərə alaraq öz rayonlarının problemlərini o qədər də ciddi şəkildə qaldırmadılar. Amma biz, deputatlar gələcəkdə işğaldan azad ərazilərin bərpasıyla bağlı istənilən qanun dəyişikliyi və ya yeni qanunun qəbul edilməsinə hazırıq. Və istər həmin sahədə fəaliyyət göstərən iş adamlarına vergi güzəştləri, istərsə də onlara güzəştli kreditlərin verilməsi, istərsə də Qarabağ torpaqlarına köçəcək insanların həyat tərzi, onların məşğulluğuyla bağlı hansısa bir qanun layihəsinin qaninverici bazasının dəyişdirilməsi zərurəti ortaya çıxarsa, təbii ki, Milli Məclis bu istiqamətdə öz müsbət mövqeyini bildirəcək...

- Artıq keçmiş məcburi köçkün olan seçicilərinizin konkret olaraq Laçın rayonuna qayıdışıyla bağlı hansı işlərə başlanılıb?

-Bilirsiz ki, Laçın rayonu bir neçə kənd istsna olmaqla 10 Noyabr razılaşmasına əsasən işğaldan döyüşsüz azad edilmiş bölgələr sırasına daxildir. Və Laçın şəhərinin özündə də Rusiya sülhməramlıları fəaliyyət göstərir. Razılaşmaya əsasən 3 il müddətində Laçın rayon mərkəzindən keçən yola alternativ olaraq Xankəndi ilə Ermənistanı birləşdirəcək yeni bir yol çəkilməlidir ki, bundan sonra sülhməramlılar konkret olaraq həmin yola nəzarət edəcəklər. Və nəticədə Azərbaycan vətəndaşlarının bilavasitə Laçın şəhərinə də qayıdışı təmin olunacaq. Ancaq buna rəğmən Böyük Qayıdış proqramında nəzərdə tutulmuş bütün məsələlər işğaldan azad olunmuş digər bölgələr kimi bütövlükdə Laçın rayonuna da şamil edilir. Buraya təbii ki, Laçın rayon mərkəzinin baş planının, kəndlərin planlarının hazırlanması, ardınca rayonun müfəssəl planının hazırlanması və daha sonra quruculuq işlərinin başlanması da daxildir. Artıq rayon ərazisində zəruri infrastrukturun bərpası istiqamətdə ilkin addımlar atılmaqdadır. Bildiyiniz kimi, “Azərenerji”nin Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” kiçik su elektrik stansiyasında təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Həmin SES-dən ilkin olaraq Laçın və Qubadlıdakı yaxın ərazilərdə yerləşən hərbi hissələrə elektrik enerjisi veriləcək...

-Hazırda Laçın rayonunun icra strukturlarının əməkdaşları müvafiq işlərlə bağlı rayon ərazisinə daxil ola bilirmi?

-Məndə olan məlumata görə, yalnız Laçın rayonu deyil, işğaldan azad digər rayonların da ərazilərinə yerli polis, DTX, prokurorluq, FHN qurumları istisna olmaqla, digər qurumların əməkdaşlarının daxil olmasına icazə verilmir. Bu da onunla bağlıdır ki, məsələn, icra strukturlarının işini qurması üçün bu ərazilərdə heş bir şərait yoxdur. Əksər şəhər və kəndlərdə, demək olar ki, bütün zəruri infrastruktur ermənilər tərəfindən dağıdılıb. Yalnız bərpa işləri artıq başlamış bölgələrdə bir neçə digər qurum əməkdaşları da fəaliyyət göstərir. Bütün bunlara rəğmən rayon rəhbərlikləri və icra strukturlarının bəhs edilən ərazilərdə işə başlaması üçün yaxın vaxtlarda müvafiq addımlar atılacaq...

-Işğaldan azad olunmuş torpaqlara qayıdacaq vətəndaşlarımıza hansı əlavə güzəştlər nəzərdə tutulub?

-Əlbəttə, o torpaqlara qayıdacaq vətəndaşların məşğulluq, özünüməşğulluq və biznesin qurulması, inkişafı məsələsi Böyük Qayıdış proqramının əsas tərkib hisssələrindən biridir. Bütün bunlar, sözü gedən işlərə yerli özəl sektor və xarici kapitalın cəlb olunması üçün orada normal investisiya mühitinin yaradılmasıyla bağlı məsələlər Azərbaycan dövləti tərəfindən artıq müzakirə edilməkdədir. Hesab edirəm ki, biz yaxın aylarda proqramın bu hissəsinin konkret hədəf və maddələrindən bəhs edə biləcəyik. Təbii ki, burada vətəndaşlara güzəştli kredit və ssudaların verilməsi, o ərazilərdə çalışan şirkətlərə güzəştli, faizsiz kerditlərin ödənilməsi, həmin şirkətlərə, özəl sektora vergi güzəştləri və tətillərinin tətbiqi və s. də nəzərdə tutulacaq. Və zənnimcə, bəhs olunan tədbirlər görülərkən işğaldan azad rayonların ənənəvi iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı da dövlətimiz tərəfindən müvafiq proqramlar hazırlanır. Eyni zamanda bizdə olan məlumata görə, keçmiş məcburi köçkünlərin hazırda da qüvvədə olan güzəşt və imtiyazları, yəni çörəkpulu müavinətləri, kommunal güzəştlər və s. doğma yurdlarında məskunlaşmalarından sonra da bir neçə il saxlanılacaq. Həmçinin, yaşayacaq gənc nəslin o torpaqlarda qalıb yaşaması üçün zəruri olan məsələlərin həyata keçirilməsi, büdcə təşkilatlarında çalışanların əmək haqqılarına digər regionlardan fərqli olaraq müəyyən əlavələr olunması və s. məsələlərlə bağlı da, güman ki, tezliklə dövlətimiz tərəfindən müsbət addımlar atılacaq...

-Qarabağ torpaqlarına qayıdacaq soydaşlarımızı düşündürən məsələlərdən biri də oralarda yeni evlərin, yaşayış massivlərinin hansı mexanizm əsasında salınacağıdır. Yəni, deyək ki, şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar üçün əsasən bina evləri, kəndlərdəkilər üçün isə həyət evləri tikiləcək. O tərəfi maraqlıdır ki, əksəriyyət, xüsusən kənd sakinləri yeni evlərinin məhz yandırılmış, dağıdılmış olsa da, keçmiş dədə-baba evinin yerində tikilməsini arzulayır. Bu cür məsələ öz həllini necə tapacaq?..

(Davamı var)

Mənbə: moderator.az