“Biz, qeyri-müəyyən vəziyyətdəyik” - Vaşinqtonun meri

“Biz, qeyri-müəyyən vəziyyətdəyik” - Vaşinqtonun meri

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 46-cı prezidenti Cozef Baydenin yanvarın 20-də Konqresin pilləkanlarında keçiriləcək inauqurasiyası astanasında Vaşinqtonun mərkəzi müvəqqəti metal və beton hasarlarla bölünüb.
Xəbər verilir ki, Baydenin dövlət başçısı vəzifəsinin icrasına başlamasından bir həftə əvvəl güc strukturları Vaşinqtonun əhəmiyyətli hissəsini bloklayıblar, demək olar oraya geniş ictimaiyyətin və nəqliyyatın girişi tam bağlanıb. O cümlədən, 13 metro stansiyası bağlanıb, bəzi marşrutlar üzrə avtobusların hərəkəti dayandırılıb. Bundan başqa, Vaşinqtonun bütün mərkəzi bulvarının qadağan zonası elan edilməsi barədə qərar qəbul olunub. Əvvəllər ənənəvi olaraq, inauqurasiya günü orada yüz minlərlə ABŞ vətəndaşı toplaşardı.
Vaşinqtonun işgüzar mərkəzi boşalıb. «ABC» telekanalının fikrincə, şəhəri «Vaşinqton qalası» adlandırmaq olar.
«Biz bilirik ki, bu, sakinlər və biznes üçün çox əlverişsizdir. Mən, əməkdaşlıq və anlaşma üçün sizə təşəkkür etmək istəyirəm. Görünür ki, biz, qeyri-müəyyən vəziyyətdəyik» - bu günlərdə Vaşinqtonun meri Myüriel Bouzer qeyd edib.

Mənbə: teref.az