Soyuq Moskva, isti Şuşa və “Puşkin” restoranı

Soyuq Moskva, isti Şuşa və “Puşkin” restoranı

Belə hadisələri eşitdikcə əmin olursan ki, dünya koronvirusdan daha artıq faciəyə də layiq görülə bilər.

Onlar üçün soyuq Moskva

Ermənistanın kapitulyasiyasından sonra ilk dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Moskvada keçirilən görüş bölgənin kommunikasiya xətlərinin bərpasını özündə ehtiva edən sənədin imzalanması ilə yadda qaldı. Ancaq yadda qalan daha bir neçə detal var idi – Rusiya prezidentinin qalib liderlə daha səmimi qucaqlaşması, Paşinyanın içindən heç nə çıxarmadığı, ancaq yanında saxladığı və bir dəfə qurdaladığı çantası, bədən dilindəki gərginliyi, “status” məsələsini yenidən qabartması, amma ona heç kimin əhəmiyyət verməməsi...

İsti Şuşa

Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri idi.

Ermənilər Şuşanın işğalına “Dağlarda toy” adı vermişdilər. 28 il sonra Azərbaycan əsgəri qəsbkara elə toy tutdu ki, yəqin ki, əsrlər boyu unudulmayacaq.

Qalib sərkərdə “dəmir yumruğu” Ermənistanda revanş arzusuna düşənlərə bir daha xatırlatdı.

Şuşa səfəri hər kəsə Anna Hakopyanın Mehriban xanımı Şuşaya muğama dəvət etməsini də xatırlatdı. “Əgər muğam adı altında onlar müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, onda muğama qulaq asmaq istədikləri yerlərin sayı da artacaq…” deyən Anna və qızları “Köhnə Yeni il”i Moskvadakı “Puşkin” restoranında qeyd etdilər. Həmin vaxt Mehriban Əliyeva qalib sərkərdə ilə Şuşada Cıdır düzündə çay süfrəsində əyləşmişdi.

Peyvəndləmə və açılma

Dünya vaksinləmə dövrünü yaşayır. Azərbaycan da iki milyon əhali üçün dörd milyon dozada vaksin sifariş edib.

Karantinimizi də bir qədər yumşaltdıq. İctimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda yerində xidmətlər bərpa olunmasını xüsusi emosiya ilə qarşılayırıq.

Dünyanın normal həyata qayıdacağına ümidləndiyimiz bu həftə də bəzi maraqlı, amma həm də narahatlıq yaradan açıqlamalar var. Məsələn, ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edib. Peru məhkəməsi isə “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokfeller ailəsini koronavirus istehsalında günahlandırıb.

ABŞ alimləri isə növbəti on il üçün koronovirusla bağlı proqnoz tərtib ediblər. Onların fikrincə, SARS-CoV-2 pandemiyası tezliklə endemik dərəcəyədək azalacaq, ancaq virus insanlar arasında baza səviyyəsində daimi olaraq yaşayacaq.

Beləliklə, ola bilsin ki, bu vaxtadək adi tərzdə dediyimiz, eşitdiyimiz “bir az qripləmişəm” ifadəsi kimi “bir az koronaviruslamışam” da qulağa tezliklə sıradan gələ bilər.

İnformasiya savaşı

Müharibə bitdi, amma həm də davam edir. İnformasiya savaşı heç vaxt bitməyəcək. İrəvandakı revanşist əhval-ruhiyyə də, Qarabağa edilən qanunsuz səfərlər də belə deməyə əsas yaradır. Odur ki, informasiya mənbələrimiz də yeni savaşa hazır olmalıdır. Bu həftə imzalanan “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman da, Medianın İnkişafı Agentliyinin yaradılması da, görünür, yeni dövrə hazırlığın tərkib hissəsidir.

Bu həftə KİVDF də tarixin arxivinə qovuşdu, rəhbəri Vüqar Səfərlinin taleyi isə qaranlıq görünür - yol verdiyi yeyintilərə görə onu dəmir barmaqlıqlar arasına aparıblar.

ABŞ deqradasiyası?

Prezident Trampı dəstəkləyən bəzi qruplar demokrat Co Baydenin andiçmə mərasiminin keçiriləcəyi yanvarın 20-də 50 ştatda silahlı nümayiş keçirəcəyini elan ediblər. ABŞ Ordusu isə Vaşinqtona göndərdiyi 8500 nəfərlik Milli Qvardiya personalının sayını əvvəlcə 21000-ə, daha sonra 25000-ə çatdıracağını açıqlayıb.

Nəhəng, xarizmatik Amerika 90-cı illərin bəzi sovet ölkələrini xatırladır. Amma əslində ABŞ-da baş verənlər bütün dünyanı qayğılandırmalıdır: bu ölkədə baş verən istənilən hadisə qlobal təsirə malikdir. Ümid edək ki, bu olanlardan sonra, məsələn, neftin qiymətində kəskin ucuzlaşma baş verməyəcək.

Alman və bizim bərbərlər

O qədər əhəmiyyətli olmasa da, ölkəmizdə bərbərxanaların yanvarın 25-dən açılması da nəzərdə tutulub (müəllifin saç düzümü onun bu qərara münasibətini müəyyən edir).

Bu arada futbolçuların saç düzümünə görə alman bərbərlər ayağa qalxıblar. Mərkəzi Bərbərlik Dərnəyindən Futbol Assosiasiyasının prezidentinə ünvanlanan məktubda pandemiya səbəbiylə təxminən 80 000 salonun bağlı olmasına baxmayaraq, idmançıların meydana yalnız xüsusi avadanlıqların köməyi ilə peşəkar bərbərlər tərəfindən düzəldilməsi mümkün olan saç düzümləri ilə çıxdığı bildirilir.

Deməli, nizam-intizamı ilə nümunə göstərilən almanlar da arxa qapıdan tanış bərbərin yanına gəlib, tellərinə əl gəzdirirlərmiş?!

17

Dünyanı yandırmaq

Bu həftə dünyada ilk dəfə qorillalarda koronavirusa yoluxma qeydə alındı. ABŞ-ın San-Dieqo şəhərində zooparkda səkkiz heyvanda virus aşkarlandı. Bundan əvvəl isə Danimarkada su samurlarında koronavirus müəyyən edilmişdi və hökumət 17 milyon su samurunun məhv edilməsi barədə qərar vermişdi. Ancaq qətl qeyri-humanist üsulla həyata keçirilmişdi. Belə ki, heyvanların çoxu qaz kamerasında sağ qaldığından diri-diri yandırılmışdı.

Belə hadisələri eşitdikcə əmin olursan ki, dünya koronvirusdan daha artıq faciəyə də layiq görülə bilər.

Hə, bu arada Çində koronavirusa yoluxanların sayı artıb, xəstəxanalar bərpa olunub.

Mənbə: sputnik.az