"Gəlin dədənizin evini tikin, təmir edin, bərpa edin" - deputat

"Gəlin dədənizin evini tikin, təmir edin, bərpa edin" - deputat


“Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı bu fikirləri 28 il 6 aydan sonra düşmən işğalından azad edilmiş tarixi şəhərimiz Şuşaya səfəri zamanı söylədi. Həmin gün 101 km-lik Füzuli-Şuşa avtomobil yolunun və Füzuli beynəlxalq hava limanının açılışında iştirak etdikdən sonra elə yeni açılan və artıq iki zolağının torpaq qatının çəkilişi qısa müddətdə baş çatdırılan Qələbə yolu ilə Azərbaycan mədəniyyətinin paytaxtına səfər edən qalib Komandan olduqca ciddi mesajlar verdi: özünün dediyi kimi, həm dostlara, həm də düşmənlərə.
“Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”-Prezident orda-burda donquladanıb Şuşaya, digər əraziklərimizə dil uzadanlara elə o möhtəşəm qaladan, Pənahəli xanın təməlini qoyduğu yurd yerimizdən xəbərdarlıq etdi. Həm də elə yaxınlıqda, cəmi 11 km-likdə yenə “ordu” qurub Azərbaycana qarşı döyüşəcəkləri haqda sərsəm sayıqlamalarını dilə gətirənlərə Dəmir yumruğunu göstərərək onları başlarının əziləcəcəyi barədə xəbərdar etdi.
Dövlət başçısı Azərbaycanın tarixi şəxsiyyətlərinin, sənət adamlarının - Xan qızı Natəvanın, Üzeyir bəyin və Bülbülün güllələnmiş büstlərini də öz yerinə qaytardı, bu səfər zamanı, bununla da möhtəşəm bir addım atmış oldu. Ölkə başçısı erməni vandallarından vaxtilə ermənilərdən pul müqabilində alınan güllələnmiş büstlərin açılışını da keçirdi, düşmənin acığına. Həm də erməni kilsələrinin təəssübünü çəkib haray-həşir salan UNESCO kimi təşkilatlara, paytaxtlara mesajlar verdi. “Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar”, deyərək ölkə başısı hər birimizin ürəyindən tikan çıxartdı.
Prezident Şuşanın Yuxarı Gövhərağa məscidinin “təmir” adı altında farslaşdırılmasına da ad çəkmədən sərt mövqeyini ifadə etdi. Yəqin hər kəs öz payını götürdü bu mesajlardan. Sitat: “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər”.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qala şəhərdə gecələməklə, həm də rahat şəkildə Cıdır düzündə çay süfrəsi ətrafında əyləşməklə azərbaycanlıları işğaldan azad edilmiş yurd yerlərimizə, həmçinin Şuşamıza qayıtmağa təşviq etmiş oldular. Yəni kimsə çəkinməsin, evlərinə sahib çıxsın, dostlar sevinsin, düşmənin gözü kor olsun!
Prezidentin tarixi səfərini izləyən ekspertlərimiz də bu haqda maraqlı fikirlər söylədilər.
Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Prezidentin Şuşadan İslam ölkələrinə verdiyi mesajlar diqqətini daha çox çəkdi: “Çox ciddi mesajlar idi. Xüsusən də dini dinimizdən olan qonşularımıza verilən mesajı nəzərdə tuturam. Dövlət başçısı açıq deməsə də, hər kəs bilir ki, Şuşa məscidini İrandan gəlmiş fars şirkəti guya ”təmir" edərək əslində farslaşdırıb. Prezident ümumilikdə İslam ölkələrinə mesaj verərək bildridi ki, məscidləri dağıdan işğalçı ilə siz necə əməkdaşlıq edirsiniz?" A.Abbas Prezidentin ailə üzvləri ilə birgə Cıdır düzünə gələrək oradan sözünü deməsi və sonda çay içməsinə diqqət çəkdi: “Bunun mənası o idi ki, torpaq mənimdir, bu yerlər türkündür və onun sahibi gəlib”. Millət vəkili dövlət başçısının paytaxt Bakıdan başlayaraq, mədəniyyətimizin paytaxtı Şuşayadək şəxsən avtomobili idarə etməsini də xüsusi qeyd etdi: “Ailəsini də götürüb, özü də o çətin yolla avtomobili idarə etməsinin də rəmzi mənası var idi. Özü də Şuşaya açılan yeni yolla. Yəni bu yerlər, bu yurdlar mənimdir və öz maşınımla gəlirəm”. A.Abbasın ölkə başçısının Molla Pənah Vaqif haqqında dediklərinə də özəl yanaşması oldu: “Dedi ki, Heydər Əliyev Vaqifə yalnız şair olduğu üçün heykəl qoymamışdı, bir ictimai xadim, dövlət xadimi kimi, Qarabağ xanının vəziri kimi abidə qoymuşdu, bu da ciddi mesaj idi. Yəni biz öz keçmişimizə, xanımıza, vəzirimizə bu cür baxırıq, hər halda, mən o fikirləri belə yozuram”.
A.Abbas Şuşa səfərində çoxlu sayda mesajların olduğunu vurğuladı: “Beynəlxalq aləmə də mesaj verdi ki, Şuşa Qarabağın paytaxtıdır, Şuşa bizimdir, Qarabağ da bizimdir. Gün gələcək dövlətimizin başçısı gedib Xankəndində, Xocalıda da, Əsgəranda da, Ağdərədə də bayrağımızı qaldıracaq, bir az tələsirik, səbrsiz olmuşuq. O ərazilər də bizim torpaqlarımızdır, hazırda bəzi diplomatik işlərimizi qururuq. Belə bir məlumat oxudum ki, Xankəndinə elektrik enerjisini biz verəcəyik. Deməli, ermənilər də işıqpulunu bizə verəcəklər, təbii ki, manatla. Müəyyən adamlar səbrsizlik edir, bütün məsələlər yavaş-yavaş həllini tapacaq”.
A.Abbas Prezidentin səsləndirdiyi mühüm bir məsələ ilə bağlı də olduqca ibrətamiz yanaşma sərgilədi: “Ən çox xoşuma gələn sözlərdən biri də bu oldu ki, dedi Polad gəlib atasının evini təmir edəcək. O söz təkcə Polad Bülbüloğluna aid deyildi. Prezidentin dediyi söz mənə də aid idi, Ağdamın, Füzulinin, Kəlbəcərin, Laçının, digər yerlərin bütün imkanlı imkanlı adamlarına aid idi ki, gəlin dədənizin evini tikin, təmir edin, bərpa edin! Bu, çox böyük bir mesaj idi. Bu sözlər mənim ürəyimdən tikan çıxartdı. Çünki mən dəfələrlə demişəm ki, imkanlı adamlar gedib evlərini tikməlidirlər, hələ qonşuya da əl uzatmalıdırlar. Mindən çox ağdamlı adını çəkə bilərəm ki, öz evini tikə bilər, tanıyıram yəni. O cümlədən 200 şuşalı, füzulili adı çəkə bilərəm ki, atasının evini, öz evini bərpa edə, ya təzədən tikə bilər. Bakıda Şuşadan çıxan nə qədər ziyalı, böyük sənət adamı, rəssam-filan var, Realnı Məktəbi də onlar təmir etdirə bilərlər. Çünki dədə-babaları Şuşadakı o məktəbi bitirib. Ona görə də Prezidentin bu haqda dediyi ən gözəl mesaj idi. Mən hər yerdə deyirəm ki, gedək, evimizi tikək! Ona görə də ölkə başçısının bu haqda dedikləri mənə ən ləzzət eləyən mesaj idi”. Millət vəkili dövlət başçısının 39 il əvvəl Şuşaya səfər zamanı çəkilən şəkilləri nümayiş etdirməsinin mühüm simvolik əhəmiyyətini də vurğuladı: “Qısası, Prezident Füzulidə, Cəbrayılda, Zəngilanda, Ağdamda oldu, bayrağımızı qaldırdı, nəhayət, Qarabağın paytaxtında bayrağımızı ucaltdı. Prezident hər səfərində diz çöküb bayrağımızı öpdü. Prezident o torpağa dizini qoydusa, biz ora alnımızı qoymalıyıq. Biz torpağı öpsək, torpaq da bizi öpər, necə ki, bir döyüşçü qardaşımız belə söylədi bu günlərdə”.
“Prezident İlham Əliyev Şuşa səfərində bir çox mühüm və vacib məqamlara toxundu, düşmənə və onu dəstəkləyənlərə çox ciddi mesajlar verdi”.
Bu fikirləri isə “Yeni Müsavat”a açıqlamasında deputat Ceyhun Məmmədov söylədi. Millət vəkili qeyd etdi ki, Prezidentin səsləndirdiyi bu mesajlar həm bu günə, həm də gələcəyə hesablanıb: “Bu baxımdan bu səfəri tarixi adlandırmaq olar. Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəklər. Bunu heç zaman unutmasınlar, Azərbaycan təxribatlara çox ciddi və sərt reaksiya verəcək! Odur ki, 44 gündə baş verənlərdən ermənilər ciddi nəticə çıxarmalıdırlar. Paşinyan hakimiyyəti baş verənlərdən nəticə çıxartmadı və sonda kapitulyasiya aktına imza atmalı oldu. Budur Azərbaycanın gücünü düzgün hesablaya bilməyənlərin son aqibəti”.
C.Məmmədov qeyd etdi ki, Prezident ermənilərin tarixi abidələrimizə münasibətindən də geniş söhbət açdı: “Ermənilərin mədəniyyət abidələrimizi, məscidlərimiz dağıtdıqlarını xüsusi qeyd etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi bu vəhşiliyin ən parlaq nümunəsidir. Bu, bur daha ermənilərin necə vəhşi xalq olduqlarını göstərir. Ölkə başçısının dediyi kimi, sanki vəhşi qəbilə keçib bu yerlərdən. Ermənistandan fərqli olaraq Azərbaycanda bütün dini abidələr, o cümlədən erməni kilsəsi dövlət tərəfindən himayə olunur. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır”. Deputat qeyd etdi ki, Prezident Ermənistanın müsəlman ölkələri ilə əlaqələr qurması məsələsinə də geniş toxundu və Ermənistanla sıx əlaqə quran ölkələrə müəyyən mesajlar verdi: “Bu ölkənin xarici işlər naziri müsəlman ölkələrinə səfərlər edərək, əlaqələr qurmağa çalışır. Ölkə başçısı bunu riyakarlıq adlandırdı. Bir daha qeyd etdi ki, İslam dəyərlərinə hörmət etməyən, məscidləri dağıdan, içində heyvan saxlayan və təhqir edən dövlət müsəlmanların dostu ola bilməz! Digər vacib bir məqam isə beynəlxalq təşkilatların bu vəhşiliyə biganə münasibətidir. Azərbaycan məscidlərinin dağıdılmasına göz yuman bu qurumlar Azərbaycandakı xristian abidələrindən bu gün narahatlıqlarını ifadə edirlər. Bu, bir daha ikili standartın və qərəzli münasibətin göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, narahat olmasınlar, biz ermənilər kimi vəhşi deyilik, hamısını qorumuşuq və qoruyacağıq”.
Millət vəkili dövlət başçısının fikirlərinə istinadən əminliklə qeyd etdi ki, Azərbaycan qısa müddətdə bu bölgəni bərpa edəcək bu yerlərdə tezliklə həyat öz axarına qayıdacaq: “Azərbaycanın bunun üçün geniş imkanları, iqtisadi resursları və zəngin təcrübəsi var. Artıq ciddi işlərə başlanılıb”.
Prezidentin Şuşa səfəri beynəlxalq səviyyədə də diqqətlə izlənilib. Nüfuzlu rus hərbi ekspert İqor Korotçenko da İkinci Qarabağ savaşı və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı fikirlərini açıqlayıb. “Prezident İlham Əliyev müasir dövrün ən nəhəng siyasətçilərindəndir. O, öz xalqına verdiyi vədlərin hamısını yerinə yetirib. Azərbaycanın işğal altında olan ərazilərini azad edib, işğalçılar darmadağın olunub və qovulub”, ekspert deyib. Korotçenkonun fikrincə, Prezident İlham Əliyevin Şuşa səfəri çox önəmlidir və simvolik xarakter daşıyır: ”O, Şuşaya yalnız Prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib. Çünki Şuşanın alınması 44 günlük savaşın həlledici mərhələsi idi. Məhz bundan sonra Ermənistan ordusunun müqavimət göstərməsinin əhəmiyyəti yox oldu və rəsmi İrəvan kapitulyasiya məcburiyyətində qaldı. Şuşanın işğaldan azad edilməsi əməliyyatı Azərbaycanın hərbi strategiyasının triumfu və önəmli uğurudur". Azərbaycanın xəbərdarlıqlarını illər boyu qulaqardına vuran düşmənlər bəlkə rus ekspertlərin dediklərindən dərs çıxararlar...
Artıq Şuşa şəhərinədək 101,5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Elektrik enerjisi, fasiləsiz su ilə təmin edilən Şuşamızda tezliklə həyat canlanacaq. Bu il Mədəniyyətimizin Paytaxtında Xarı Bülbül Festivalı və Vaqif Poeziya günləri keçiriləcəksə, deməli, başqa ehtimal ola da bilməz...
“Yeni Müsavat”

Mənbə: axin.az