Düşmənin viran qoyduğu yurd yerləri: bir vaxtların axarlı-baxarlı kəndləri indi bu görkəmdədir... QARĞABAZAR VƏ QOÇƏHMƏDLİDƏN FOTOLAR

Düşmənin viran qoyduğu yurd yerləri: bir vaxtların axarlı-baxarlı kəndləri indi bu görkəmdədir... QARĞABAZAR VƏ QOÇƏHMƏDLİDƏN FOTOLAR

İşğaldan azad edilmiş ərazilərimizdə hər yerdə eyni mənzərə hökm sürür- yandırılmış, dağıdılmış, viran qalmış yurd yerləri. Ermənilər 27 ildən artıq dövrdə işğal altındakı şəhər və kəndlərimizdə yaşayış evlərini, sosial obyektləri, infrastrukturu, sənaye və kənd təsərrüfatı müəssisələrini, bir sözlə hər şeyi məhv ediblər. Tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Başqa sözlə, düşmən dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyib.

AZƏRTAC-ın bölgə müxbiri Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinə səfər edərək, erməni vandalizmini lentə alıb. Qarabağ silsiləsinin ətəklərində yerləşən bu kəndlərdə vaxtilə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Rayonun ən gözəl və abad yaşayış məntəqələrindən olan bu kəndlərdə orta məktəb, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi var idi. Erməni vandalları 27 il ərzində kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Ermənilər Qarğabazar kəndindəki XVII əsrə aid Hacı Qiyasəddin məscidindən və karvansaradan, eləcə də Qoçəhmədli kəndindəki XVIII əsrə aid məsciddən mal-qara tövləsi kimi istifadə etməklə azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Məscidlərdən mal-qaranın, o cümlədən donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinin ürək ağrıdan görüntülərni təqdim edirik.

 

 

Mənbə: virtualaz.org