“20 Yanvar” faciəsi haqqında gizlədilən məqamlar

“20 Yanvar” faciəsi haqqında gizlədilən məqamlar

Sabah 20 Yanvar faciəsindən 31 il keçir. Bu hadisə tarixə təkcə “Qara Yanvar”, Azərbaycanın faciəsi deyil, həm də Azərbaycanın Azadlıq hərəkatının başlanğıcıdır.

Tanınmış politoloq, Millət vəkili Arzu Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, yanvar hadisələri elə-belə yetişməmişdi.

“1988-ci ildən başlayaraq Azərbaycanın Azadlıq hərəkatı, Ermənistanla sərhəddə baş verən hadisələr, ermənilərin Qarabağ iddiası, bunların hamısı bir zəmin idi ki, 90-cı il hadisələri baş versin”.

Ekspertin fikrincə, 20 Yanvar faciəsi həm də ona görə baş verdi ki, Azərbaycanda xaos vardı:

“O vaxt həm ermənipərəst qüvvələr, eyni zamanda Sovet rəhbərliyi başa düşürdülər ki, Azərbaycanda lidersizlik atmosferası yaranıb.

Məlumdur ki, Ulu öndər Heydər Əliyev Mərkəzi Komitədən uzaqlaşdırılmışdı. Ona görə də, nəyin bahasına olursa olsun bu Azadlıq hərəkatını boğmaq lazım idi. Xüsusi xidmət orqanları da çalışırdılar ki, bundan istifadə edərək, bu proseslərdə Azərbaycanın Azadlıq hərəkatını boğsunlar.

Əsas məqam da ondan ibarətdir ki, 4 diviziyanı Bakının ətrafında toplamışdılar. Dənizdən də onların dəstəyi vardı.

Məhz buna görə də, nəyin bahasına olur-olsun bunu boğmalı idilər. Eyni zamanda onlar bu proseslərə etnik və dini qarşıdurmanı da qatmaq istəyirdilər. Guya proseslər etnik baxımdan baş verir. Bu da baş tutmadı”.

Arzu Nağıyev deyir ki, Sovet rəhbərliyi faciəni törətməklə, Azərbaycan xalqının qürur və mənliyini sındırmaq istəyirdi, lakin onlar buna nail ola bilmədilər:

“Qəflətən əliyalın Azərbaycan xalqının üzərinə tanklarla hücum etdilər. Nə qədər insanları öldürsələr, əsir və girov da götürsələr sonrakı izdiham yatırılmadı.

Faciədə ölənlərin dəfn prosesi, Kirovun heykəlinin uçurularaq həmin ərazidə şəhidlərin dəfn edilməsi bütün dünyaya Azadlıq hərəkatının başlanğıcı kimi mesaj oldu. Ulu öndərin Moskva açıqlamasından sonra Azərbaycanda artıq Azadlıq hərəkatı böyük vüsət aldı”.

Arzu Nağıyev düşünür ki, Sovet ordusu 20 Yanvar faciəsinin nəticələrini və səbəbkarlarını gizlətməyə çalışsa da, buna nail ola bilmədi:

“20 Yanvar faciəsində itkin və digər şəxslərin də aradan çıxarılması və müxtəlif adalarda basdırılması, dənizdə batırılması da xüsusi düşünülmüş addımlar idi. Onlar şahid istəmirdilər.

Onlar cinayətin Sovet ordusu tərəfindən həyata keçirilməsinə şahidlərin olmasını istəmirdilər. Əsas proses bundan ibarət idi. Azərbaycanın Azadlıq hərəkatının təməli məhz həmin gündən qoyuldu”.

Qeyd edək ki, Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub.

Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb.

Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.

BAKU.WS

Mənbə: baku.ws